Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-816/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiаçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415045.00 m B 4476583.00 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********001246711 nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki: ““X8 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikasə Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X8 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər bizim haqlı tələblərimizə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X8 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415045.00 m B 4476583.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur”.
İddiaya etiraz.
3. Cavabdeh iddiaya etiraz edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini, iş üzrə icraata xitam verilməyəcəyi təqdirdə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki: “Bu iddia artıq 2019-cu ildə qaldırılmış və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5045/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilmiş və qüvvəyə minmişdir. Belə ki, həmin iş üzrə “X8 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə qətnaməsini bu hallarla əsaslandırmışdır: 1. Mübahisələndirilən torpaq sahəsi Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/127 saylı qərarı ilə kənd məhsullarının becərilməsi üçün keçmiş Orconikidze (indiki Suraxanı) rayonunun 1-ci Mədən ərazisində “Aqro” Kooperativinə ayrılmış 2.12 ha ərazidir. İddiaçı təşkilat isə hazırkı iddia tələbini fiziki şəxs Cavabdeh qarşı irəli sürmüşdür. Göründüyü kimi iddia tələbi əslində hüquqi şəxs olan “Aqro” Kooperativinə qarşı qaldırılmalı idi. 2. Üstəlik, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlərdən də müəyyən edilmişdir ki, vaxtı ilə “Aqro” Kooperativinə ayrılmış torpaq sahəsi ilə bağlı qəbul edilmiş müvafiq qərarlar və sərəncamlar ləğv edilməmiş, həmin sənədlər qüvvədən düşməmiş və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmişdir. Lakin işə əlavə olunan qətnamədən görünür ki, iddiaçı iddia ərizəsinin nəinki hüquqi əsasını, hətta iddia ərizəsində olan ifadələri belə dəyişməyərək təkrarən həmin iddianı (həmin torpaq sahəsinin başqa bir küncünün koordinatını göstərərək) təqdim etmişdir”.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh neft əməliyyatları aparılması üçün “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş torpaq sahəsində özbaşına tikinti işləri görür. Həmin ərazidə əvvəllər fabrik olması ilə əlaqədar sənəd artıq qüvvəsini itirmişdir. Belə ki, prezidentin qəbul etdiyi 845 saylı sərəncamın 4-cü bəndinə əsasən bu bənd qanun qüvvəsini alır və sərəncamın imzalandığı günə qədər bütün inzibati göstəriş, sərəncam və digər sənədlər qüvvədən düşür. Bununla bağlı həm Nazirlər Kabinetinin qərarı, həm də saziş var. Həmçinin əgər cavabdeh torpaq sahəsinin özünə məxsus olduğunu iddia edirsə, torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarış almalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həmin ərazi onlara 1989-cu ildə Bakı soveti tərəfindən “Socar”ın razılığı ilə verilmişdir. Onlar da həmin vaxtdan bu ərazidə quruculuq işləri görürlər. Ümumiyyətlə, onlara torpağın elə yerləri verilmişdir ki, ora nə yaşamağa, nə də işlətməyə uyğundur. O həmin ərazidə 2-3 metr dərinliyində torpağı çıxarıb, istilikxanalar salmış, iş görmüş, bütün həyatını oraya vermişdir. Bununla bağlı video qeydlər də var. Onlar bütün bu müddət ərzində həmin ərazidə hüquqi şəxs kimi fəaliyyət göstərmiş, fəaliyyət göstərdikləri dövrdə dövlət tədbirlərində, ərazinin abadlaşmasında yaxından iştirak etmiş, fəaliyyətlərinə görə dəfələrlə təltif edilmişlər. O, həmişə dövlətlə çiyin-çiyinə işləmiş, bunun qarşılığında diplom da almış, hörmət də görmüşdür. Həmin ərazidə professional güləş məktəbi tikmişlər. Həmin məktəb 1993-cü ildə qeydiyyatdan keçmişdir. Bu məktəb hüquqi şəxs tərəfindən, təmənnasız, xeyriyyə məqsədilə tikilmişdir. Həmin məktəbin açılışında olimpiya çempionu Fərid Mansurov və icra başçısı İlqar Abbasov iştirak etmişdir. Hətta onu yüksək fəaliyyətinə görə Türkiyənin Olimpiya Komitəsinə belə dəvət etmişlər. Lakin iddiaçı şirkət bütün fəaliyyətlərinə mane olmağa çalışır. Halbuki hüquqi şəxs orada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və o da həmin hüquqi şəxsin sədridir. Həmçinin həmin ərazidə açdıqları professional “İgid” adlı güləş klubunun da sədridir. Fəaliyyətlərini bir müddət saxlasalar da, indi yenidən açmışlar. İddiaçı şirkət orada hasar çəkməyə qoymadığından həmin ərazi dağılmış, həmçinin torpaq susuz qalmışdır. Bu səbəbdən xeyli ziyana düşmüşdür. Hazırda isə əraziyə məcburi öz hesabına qarovul qoymuşdur, çünki oranı tikib abad etmək istəyir. O, həm “Aqro” Kooperativinin, həm də ondan törəmə “İgid” adlı güləş klubunun sədridir. Hansı ki, güləş klubu həmin ərazidə sırf xeyriyyə məqsədilə açılmışdır. Onlar 1989-cu ildən həmin ərazidə fəaliyyət göstərirlər. Hətta oranın torpağını belə dəyişmişdir. Belə ki, həmin ərazidəki torpaqlar ən tullantı torpaqlar olmuşdur. Həmçinin ərazidəki uşaqların neftin içində oynadıqlarını görmüş, bunu qəlbi götürməmiş, həm torpağı dəyişmiş, həm də məktəb açmışdır. Həmin ərazini o qədər abadlaşdırmışdır ki, hətta xaricdən gələn qonaqlar belə neftli torpaqda bu cür gül-çiçək bitməsinə təəccüblənmişlər. Bütün bunlara baxmayaraq, iddiaçı Şirkət onu iki dəfə məhkəməyə, bir dəfə isə polisə verərək fəaliyyətlərinə mane olur, həmçinin onu ziyana salır. Belə ki, həmin ərazidə hasar çəkməklərinə icazə vermədiklərinə görə əraziyə gətirtdiyi tikinti daşları ortada qalmış, başqaları gəlib götürmüşdür. Bununla da iddiaçı şirkət onu xeyli ziyana salmışdır. Onlar heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmamış, heç bir qanunsuz tikili tikməmişlər. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
İş materialları.
7. xx.xx.2022-ci il tarixli, 33 nömrəli aktın surətindən görünür ki, 415045.07; 4476583.14 koordinatı üzrə nümayəndəliyin 1 saylı neft-qaz çıxarma sexinin ərazisində olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən sahədə təxminən 65 m2 ölçüdə daş konstruksiyalı fərdi yaşayış evinin tikintisi aşkar edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5045/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “X8 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10.4 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Bakı şəhər X7 İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 3/127 nömrəli qərarın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər X7 İcraiyyə Komitəsi qərara almışdır ki, Neft Sənayesi Nazirliyi “Azərneft” birliyinin layların neft verməsinin artırılması və quyuların əsaslı təmir təmir idarəsinin xahişini nəzərə alaraq (31.08.89-cu il tarixli, 01/416 №-li məktuba əsasən) bu idarənin tərkibində yaradılmış “Aqro” kooperativinə kənd məhsulları becərilməsi üçün Orconikidze rayonunun 1-ci mədən ərazisində torpaq sahəsu ayrılmasına icazə verilsin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2871 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun Təşkili şöbəsinin mütəxəssisi Səfər Əliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 39 T 415045.00 m B 4476583.00 m C koordinatları verilmiş torpaq sahəsinin daxilində tikililər mövcuddur. Mütəxəssis rəyində qeyd edilir ki, elektron kadastr məlumat bazasına əsasən həmin tikililər qeydiyyatdan keçməmişdir. Baxış zamanı təqdim edilmiş tikililər Bakı şəhər X5 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qararından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən Aqro kooperativ müəssisəsinin istifadəsindədir. Mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının nümayəndəsinin iddiasına əsasən tikililər və tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh istifadəsindədir. Mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən “X8 Kompani S.A” Şirkətinin istifadəsində olmaqla dövlət mülkiyyətindədir.
İşin faktiki halları.
11. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415045.00 m B 4476583.00 m C koordinatlar üzərində yerləşən torpaq sahəsi həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün “X8 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır.
12. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qərarından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən həmin koordinatlar üzərində tikilmiş tikililər “Aqro” kooperativ müəssisəsinin istifadəsindədir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İddia tələbindən göründüyü kimi, iddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadələrinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415045.00 m B 4476583.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikili tikildiyini iddia edərək, həmin tikilinin sökülməsini və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını tələb etmişdir.
17. İş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində həmin koordinatlarda yerləşən tikililərin “Aqro” kooperativinin istifadəsində olduğu qeyd edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər X3 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qərarından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən həmin koordinatlar üzərində tikilmiş tikililər “Aqro” kooperativ müəssisəsinin istifadəsindədir. Məhkəmə iclasında izahatı dinlənən Cavabdeh da mübahisəli ünvanda sədri olduğu “Aqro” kooperativinə məxsus tikililərin olduğunu qəbul etmişdir.
18. Buna baxmayaraq, iddiaçı Şirkət iş üzrə Cavabdeh “Aqro” kooperativ müəssisəsi ilə əvəzlənməsinə razılıq verməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin əvəz edilməsinə etiraz etdiklərini bildirmişdir. Belə olan halda məhkəmə məhz Cavabdeh qarşı qaldırılmış iddiaya baxaraq, iddianın təmin edilməməsi nəticəsinə gəlir.
19. Belə ki, iş materialları və ekspert rəyi əsasında müəyyən edilir ki, mübahisəli koordinatlar üzərində tikilmiş tikililər məhz “Aqro” kooperativ müəssisəsinin istifadəsindədir. Belə olan halda əgər həmin tikililər özbaşınadırsa, bu tikililərə görə məsuliyyəti “Aqro” kooperativ müəssisəsi daşımalıdır. Cavabdeh Kooperativin sədri olması onun bu iddiaya cavab verməli şəxs olduğu mənasına gəlmir.
20. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir...
21. Belə olan halda məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmadığından təmin edilməməlidir.
Məhkəmə xərcləri.
22. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.
23. İş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 50 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiаçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva