Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-82/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin 3 otağının (sahəsi 42.34 kv metr olmaqla) onun (iddiaçının) payı, 2 otağının (sahəsi 33.21 kv metr olmaqla) Cavabdeh payı olmaqla naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil 3 otaq (sahəsi 42,34 kv metr olmaqla) onun 2 otaq (sahəsi 33,21 kv metr olmaqla) Cavabdeh mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarış verilmişdir. Hal-hazırda qeyd olunan mənzildə onun (iddiaçının) və cavabdehin ailə üzvləri yaşayırlar. Faktiki olaraq mənzil iki ayrı-ayrı mənzillərdən ibarətdir, lakin iki mənzil üçün bir ədəd çıxarış verilmiş və mənzildə mənzilin paylı mülkiyyətçilərinin ikisinin də adı göstərilmişdir. Nəticədə onlar mənzildən hansı qaydada istifadə edə bilmələri barədə, hansı otağın kimin istifadəsində olması barədə razılığa gələ bilmirlər. Bu isə bir çox hallarda mənzilin alqı-satqısı, ipoteka və girova qoyulmasında çətinlik yaradır. Buna görə də həmin paylı müllkiyyətin naturada ayrılmasına çox böyük ehtiyac yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi məhəllə 14/15, 7 saylı evin 73 saylı mənzilin 3 otağın 42.34 kv.m hissədə İddiaçı, 2 otaq 33.21 kv.m sahəsi hissəsində də isə onun (Cavabdeh) mülkiyyətindədir. Lakin onlara bir çıxarış verildiyindən və ünvanlar eyni olduğundan həmin evin naturada bölgüsü zərurəti yaranmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1, xx.xx.2015-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 3 otaq, (42,34 kv.m) və Cavabdeh adına 2 otaq (33.21 kv.m) mülkiyyət hüququları üzrə adlarına 785 nömrəli reyestr kitabının 73302 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 164/14 saylı sərəncamına əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, 14/15-ci məhəllədə yerləşən 7 saylı evin, yaşayış sahəsi 30,14 kv.metr olan 2 otaqlı sıxlaşdırılmış 73-cü mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və iki oğlu) İddiaçı adına icarə müqaviləsi bağlanılmasına və o, həmin mənzilin icarədarı hesab edilməsinə dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş mənzil üzrə Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçı və Cavabdehdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7647 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün həmin mənzilin faktiki vəziyyətinə uyğun olaraq istifadə edilən tikililəri ayrı-ayrılıqda tərəflərin hər birinin istifadəsində saxlanıla bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin 3 otağının (sahəsi 42,34 kv.m olmaqla) onun payına 2 otağının (sahəsi 33,21 kv.m olmaqla) Cavabdeh payı olmaqla naturada ayrılması şəklində real bölgü aparılmasını xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2023-cü il tarixli 10/7647 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7647 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün həmin mənzilin faktiki vəziyyətinə uyğun olaraq istifadə edilən tikililəri ayrı-ayrılıqda tərəflərin hər birinin istifadəsində saxlanılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair iddia tələbi təmin olunmalıdır. Bundan başqa, iddia tələbi təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 (əlli) manat pul İddiaçı və Cavabdeh tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 7 saylı evin 73 saylı mənzilinin İddiaçı məxsus olan 3 otaq (sahəsi 42.34 kv.m) hissədə və Cavabdeh məxsus olan 2 otaq (sahəsi 33.21 kv.m) hissədə mövcud faktiki vəziyyəti üzrə real olaraq ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı və Cavabdeh tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-82/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-82/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver