Məhkəmə qərarları › İş №2(010)-848/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-848/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-848/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X9 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *2.06.2020-ci il tarixdə ev şəraitində uşaq dünyaya gətirməsi faktının müəyyən edilməsi, uşağa doğum aktı qeydlərində X7 adının verilməsi və bu barədə qeydlər aparılması vəzifəsinin Suraxanı Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda o, subay bir şəxsdir. Lakin adını məhkəməyə açıqlamadığı bir şəxslə aralarında olan münasibət nəticəsində bir oğlan uşağı dünyaya gətirmişdir. Həmin uşaq maddi imkan olmadığından xəstəxanada deyil, *2.06.2020-ci il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Uşaq hazırda onun himayəsindədir və sağlamdır. Uşağın doğulması barədə onda tibbi arayış yoxdur. Bu səbəbdən də uşağın doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun hazırda xarici bir vətəndaşla nikahının olmasını, lakin azyaşlının ondan olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 Camalə Əmirpənc qızının *2.06.2020-ci il tarixində ev şəraitində uşaq dünyaya gətirməsi faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X* Camalə Əmirpənc qızının *2.06.2020-ci il tarixində ev şəraitində uşaq dünyaya gətirməsi faktını təsdiq etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan arayışdan görünür ki, X7 **.08.2020-ci il tarixindən *6 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadır və sağlamdır. 6 saylı Bakı şəhəri, ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 28.*2.202*-ci il tarixli, 05/Q-700/*5 saylı məktubla izah edilmişdir ki, tibbi şəhadətnamə təqdim edilmədiyinə görə doğumun qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.*ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Hazırkı işdə ərizəçi bildirir ki, onun xarici vətəndaşla nikahı vardır. Eyni zamanda, dünyaya gətirdiyi uşağın atasının digər şəxs olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, ərizə qeyri-müəyyəndir və ailə və prosessual qanunvericiliyin tələblərinə əsasən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizəçi *2.06.2020-ci il tarixdə ev şəraitində uşaq dünyaya gətirməsi faktının müəyyən edilməsi, uşağa doğum aktı qeydlərində X7 adının verilməsi və bu barədə qeydlər aparılması vəzifəsinin Suraxanı Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar