Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-863/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. “X4 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X4 Kompani S.A” şirkəti fəaliyyət göstərir.
2. “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.
3. “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən X4 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən daş konstruktrizasiyalı fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Vətəndaş müvafiq sənədləri nümayəndəliyə təqdim etməmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, özbaşına tikinti işləri aparıldığı qeyd olunan torpaq sahəsinə dair vətəndaşın hüquqmüəyyənedici sənədi var.
5. Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA-03769-2021 saylı məktubdan görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Əsas: Fond-22, siy. 1, iş-1732, vər.35. Qeyd: Qərara heç bir sənəd əlavə edilməmişdir.
7. "xxxx" MMC tərəfindən 2022-ci il tarixdə verilmiş Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin layihəsinin çəkilməsi üçün sifariş vermişdir.
8. ASAN 5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
9. Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh ünvan 1 ünvanına dair Azərsu, Azərişıq, Azəriqaz üzrə kommunal xərclər, bələdiyyə vergiləri ödənilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli 2- 1(103)-903/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması, iddia təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçı Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
İddia tələbi
11. İddiaçı “X4 Kompani S.A.” Şirkəti Cavabdeh Tahir qızına qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tahir qızının əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən Cavabdeh əsl cavabdeh kimi işə cəlb olunmuşdur.
Tərəflərin izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Nümayəndəliyin nəzarətçiləri tərəfındən şirkətin qanuni istifadəsində olan hazırki torpaq sahəsinə baxış keçirilərkən fərdi yaşayış evinin tikintisi aşkarlanmış və icazə ilə bağlı vətəndaş tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Vətəndaşın təqdim etdiyi sərəncam tikinti işlərinin aparılması üçün əsas deyil. Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktları təsdiqini tapmış və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. İcra hakimiyyəti vətəndaşa evin tikintisi ilə əlaqədar icazə verə bilməz, çünki torpaq onların yox, SOCAR-ın balansındadır. Həmçinin, həmin torpaq sahəsinin sərəncam ilə verilmiş torpaq sahəsi ilə eyni olması barədə koordinatlar, plan-cizgi mövcud deyil. Göstərilən sənədlərin hər biri 2005-ci ildən əvvəl əldə edilmiş sənədlərdir. Prezidentin sərəncamına əsasən 2005-ci ildən bu torpaqlar SOCAR-ın balansına keçirilib. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh iddia tələbi qəbul etməyərək bildirdi ki, 1991-ci ildə ona sərəncam verilib, belə ki, sərəncam əsasında 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsində ev tikmiş və 9 nəfər ailəsilə birlikdə yaşayır. Evləri balaca olduğu üçün özünə həyətdə başqa ev tikməyə başlamışdır. Hazırda İcra hakmiyyəti tikinti işləri aparmaqlarına icazə vermir, buna görə də 4-5 daş tikib dayandırmışdır. İcra Hakimiyyətinin icazə verməməsinə səbəb ondan sərəncamın surətini və torpağa aid aktla, plan-cizgini tələb etməsi olmuşdur. Arxiv sənədlərində isə sərənam var, lakin plan-cizgi və akt yox idi. Buna görə İnzibati Məhkəməyə müraciət etmələrini bildirdilər. O da məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərar əsasında torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək iddiaçı Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Hazırda qərardan şikayət verilib və iş Ali Məhkəmədədir. Həmin torpaq sahəsi 1988-ci ildə, sərəncam isə 1991-ci ildə ona verilib və 35 ildir ki, torpağında yaşayır. Onun bütün sənədləri qaydasındadır, Əmlak Komitəsinə müraciət etmiş və "xxxx" MMC gəlib evinin layihəsini çəkmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
16. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı
39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
44. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarı Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. Dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” qərarında da öz əksini tapmışdır.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarı
Məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
21. Belə ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikinti (fərdi yaşayış evinin tikintisi) aparılır. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən vətəndaşa ayrılmışdır.
22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin qərarı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir.
23. Əlavə olaraq, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Mədaxil qəbzlərindən də göründüyü kimi cavabdeh istifadəsində olan torpaq sahəsinə görə kommunal xərcləri və torpaq vergisini də müntəzəm olaraq ödəyir və borcu yoxdur. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı “X4 Kompani S.A” Şirkətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.