Məhkəmə qərarları › İş №2(010)-90/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-90/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-90/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı “Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi”nin Cavabdeh qarşı “mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi

1. İddiaçı “Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi” Cavabdeh qarşı “mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 5, mənzil 19 ünvanında qanunsuz olaraq apardığı konstruksiya dəyişikliyini bərpa edərək mənzili planda nəzərdə tutulan vəziyyətə gətirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlliləri

2. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı bina Suraxanı rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi 15 mart 2023-cü il tarixli, 3-52/1-1661/2023 saylı telefonoqram ilə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında qanunsuz olaraq divarın sökülüb götürülməsi faktının aşkar edilməsi qeyd edilmişdir. Telefonaqramda qeyd olunan məsələnin yerində araşdırılması, lazımi tədbirlərin görülməsi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. Yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə Suraxanı rayon MKTB-nin rəis müavini Elçin Cabbarov, mənzil fondu istismarı şöbəsinin müdiri Məhəmməd Qurbanov, 105 saylı MKİS-nin rəisi Faiq Rəhimov, sahə müvəkkli və FHN-nin rəsmi nümayəndəsi cavabdeh X1 yaşadığı mənzilə getmişlər. Cavabdehin ailə üzvləri evdə olmaqlarına baxmayaraq, qapını açmamışlar. Bir qədər sonra mənzildən özünü cavabdehin həyat yoldaşı kimi təqdim edən xanım çıxaraq, mənzildə nə işlər gördüyünün heç kimə aidiyyatı olmadığını, sökmüş olduqları divarı bərpa etməyəcəklərini kobud şəkildə bildirmişdir. Edilmiş 03 may 2023-cü il tarixli, 01-21/115 saylı xəbərdarlığa baxmayaraq, cavabdeh X5 özbaşına apardığı konstruksiya dəyişikliyini bərpa edərək, mənzili layihədə nəzərdə tutulan vəziyyətə gətirməkdən imtina edir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi.

İş materialları

5. “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı”nın 01 yanvar 2023-cü il tarixinə olan siyahısından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən, 1989-cu il tarixdə istismara verilən, 9 mərtəbədən ibarət ümumi sahəsi 3054.2 kv.m olan, yaşayış təyinatlı, balans dəyəri 27146.39, qalıq dəyəri 19016.20 olan 5 saylı bina Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına daxildir.

6. AR BŞİH-nin Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli, 01-21/115 nömrəli xəbərdarlıqdan görünür ki, AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış telefonoqramın icrası məqsədilə yaşadığı mənzilə baxış keçirilməsini təmin etmək, mənzildə sökdüyü yükdaşıyan divarı qısa müddət ərzində bərpa etməsi tələb olunmuş və əks təqdirdə qanunvericiliyə uyğun olaraq barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/7511 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin, 19 saylı mənzilində konstruktiv dəyişiklik edildiyi, belə ki, mənzilin giriş qapısından sağ tərəfdə yerləşən iki ədəd yaşayış otağının arasında olan arakəsmə divarının söküldüyü müəyyən edilmişdir (Tədqiqatın birinci sualı üzrə). Eyni zamanda mülki iş materiallarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evə dair layihə sənədləri olmadığından 2-ci sual üzrə təqdiqat aparılmadığı qeyd olunmuşdur.

İşin faktiki halları.

8. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin ünvan 4 ünvanında konstruktiv dəyişikliklər apardığını və bu səbəbdən də həmin dəyişikliklərin bərpa edilərək mənzilin layihədə nəzərdə tutulan vəziyyətə gətirilməsini tələb edir. Konstruktiv dəyişikliyin olması halı iş materialları ilə və tərəflərin izahatları ilə müəyyən edilir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, bu dəyişiklik onun tərəfindən aparılmamış, o evi bu formada almışdır. Eyni zamanda, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

10.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. .

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə 27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 5, mənzil 19 ünvanında heç bir konstruksiya dəyişikliyinin aparılmadığını qeyd etsə də, lakin təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin, 19 saylı mənzilində konstruktiv dəyişiklik edildiyi, belə ki, mənzilin giriş qapısından sağ tərəfdə yerləşən iki ədəd yaşayış otağının arasında olan arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 5 ünvanında aparılmış konstruksiya dəyişikliyi mənzilin giriş qapısından sağ tərəfdə iki ədəd yaşayış otağının arasında olan arakəsmə divar Cavabdeh Mı̇ rqüvvət oğlunun vəsaiti hesabına bərpa edilərək, ünvan 5 ünvanında yerləşən mənzil planda nəzərdə tutulan vəziyyətə gətirilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında aparılmış konstruksiya dəyişikliyi mənzilin giriş qapısından sağ tərəfdə iki ədəd yaşayış otağının arasında olan arakəsmə divar Cavabdeh Mı̇ rqüvvət oğlunun vəsaiti hesabına bərpa edilərək, ünvan 5 ünvanında yerləşən mənzil planda nəzərdə tutulan vəziyyətə gətirilməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 5 ünvanında aparılmış konstruksiya dəyişikliyi mənzilin giriş qapısından sağ tərəfdə iki ədəd yaşayış otağının arasında olan arakəsmə divar Cavabdeh Mı̇ rqüvvət oğlunun vəsaiti hesabına bərpa edilərək, ünvan 5 ünvanında yerləşən mənzil planda nəzərdə tutulan vəziyyətə gətirilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar