Məhkəmə qərarları › İş №2(010)-933/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-933/2022

11.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-933/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı “X4 Kompani S.A.” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı “X4 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415269.00 m B 4472177.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri “X4 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X4 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəliyk yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdeh iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompani S.A. " şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415269.00 m V 4472177.00 m C koordinatlar ilzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyularm istismara qaytarılması, yeni quyularm qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı “X4 Kompani S.A.” Şirkətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, 2007-ci ildə evi yarımçıq tikib yaşayırdı. 2020-ci ildə evin qabağını da tikmişdir. İmkanı yoxdur və birtəhər yaşayır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “X4 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X4 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415269.00 m B 4472177.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları Ə.Hüseynov, R.Cəfərov və R.Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin neft-qaz çıxarma sexinin ərazisində olan Qaraçuxur, Mədən küçəsi, ünvanında Cavabdeh tərəfindən əlavə otaq tikintisi aşkar edilmişdir. Tikintiyə aid heç bir sənəd yoxdur. Nəticədə tikinti tərəflərindən dayandırılmışdır. Hüquq torpaq məsələləri və ekspertiza mərkəzi MMC-nin 32 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, Naturada təqdim olunmuş torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ayrılmış torpaq sahəsinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Azərbaycan Respublikasındakı nümayəndəliyinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1722 saylı rəyi ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili “X4 Kompani S.A” Şirkətinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən Dövlət və ya Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanın və ya yerli özünüidarə orqanın qərarına əsasən, qanunla müəyyən qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafıə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikinti layihələrinə və eləcə də, yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilməlidir. Eyni Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfinən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri qaytarılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan toppaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarana ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Eyni Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415269.00 m B 4472177.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilməli və Cavabdeh hesabına sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının AZ02AİİB******************** №-li hesabına köçürülməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415269.00 m B 4472177.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilsin və Cavabdeh hesabına sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının AZ02AİİB******************** №-li hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar