Məhkəmə qərarları › İş №2(010)-98/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-98/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-98/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə , Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş Bani-Paşa (Arakelova) Karina Yuryevnanın doğum faktının Maraqlı şəxs3 tərəfindən 1956-cı ildə qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. Anası Arakelova (Arutinyan) İzabella Petros qızı 1937-ci ildə Bakı şəhərində doğulmuş, 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir. Atası X2 1937-ci ildə Bakı şəhərində doğulmuş, 1994-cü ildə X1 şəhərində vəfat etmişdir. O, doğularkən 1956-cı ildə Bakı şəhəri Sabunçu (əvvəlki Lenin) rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. xx.xx.1976-cı ildə Azərbaycan SSR-nin vətəndaşı, xx.xx.1951-ci il təvəllüdlü X4 oğlu ilə nikaha daxil olmuşdur. Hmin nikahdan onların iki uşaqları doğulmuşdur. Əri X4 oğlu xx.xx.1993-cü ildə Bakı şəhərində vəfat etmişdir. Böyük oğlu X8 oğlu xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı olmuş, 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Kiçik oğlu X6 oğlu xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Münaqişələr başlayanda o, ailə üzvləri ilə Suraxanı rayon, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 21 ünvanında yaşamışdır. xx.xx.1991-ci ildə o, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış və ona bu barədə xx.xx.2013-cü il tarixli məlumat verilmişdir. Sonuncu dəfə o, xx.xx.1980-ci ildə Suraxanı RPİ tərəfindən İ-JQ seriyalı, 371028 nömrəli SSR nümunəli pasportla təmin edilmişdir. Münaqişələr başlayan zaman qaynanası ona aid bütün sənədləri yandırmışdır ki, ölkəni tərk edə bilməsin. O, həmin vaxtdan heç bir sənəd olmadan Azərbaycan Respublikası ərazisində yaşayır. Hazırda onun 62 yaşı var, lakin şəxsiyyətini və doğum faktını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 6 ünvanında yaşayır, heç yerdə işləmir. Onun doğum faktı 1956-cı ildə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alındığı üçün xx.xx.2018-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Maraqlı şəxs3 777 saylı, xx.xx.2018-ci il tarixli məktubla ona cavab vermişdir ki, onun barəsində doğum akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən də o, yaşayış yeri üzrə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət edərək, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, doğum faktı Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 1956-cı ildə qeydə alınmış Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsini və şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasınıtəsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs1 şəxsiyyətini təsdiq edən sənəd və doğum haqqında şəhadətnamə olmadığı üçün ərizəsini təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Ərizəçi doğum fakının qeydə alınıb-alınmaması barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət reyestri xidmətinə sorğu verilmiş və sorğunun cavabı alınana kimi iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-1763/13 nömrəli məktubuna əsasən, Ərizəçi (Arakelovnanın) doğumu xx.xx.1956-cı ildə Sabunçu rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə ərizəçinin vəkilini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinin tələblərinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olduğunu göstərməlidir. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılmalıdır ki, əslində ərizəçinin hazırkı ərizəyə hüquqi faktın müəyyən edilməsi tələbi kimi ümumi rayon (şəhər) məhkəməsində baxılmalı deyil. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-1763/13 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi (Arakelovnanın) doğumu xx.xx.1956-cı ildə Sabunçu rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə qeyd edilən məktubla müəyyən olunur ki, ərizəçinin doğulma faktı qeydə alınmışdır və buna dair məhkəmə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəyə baxılıb məhkəmə tərəfindən qətnamə çıxarılmasına ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli və ərizəçiyə Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etməli olması, həmin orqan tərəfindən müraciəti müsbət həll olunmadıqda və ya ərizəçiyə hər hansı bir cavab verilmədikdə orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.2; 262-264; 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, onun hazırkı tələblə bağlı Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququ vardır. Ərizəçinin müraciəti həmin orqan tərəfindən müraciəti müsbət həll olunmadıqda və ya ona hər hansı bir cavab verilmədikdə orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar