Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-10/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və "xxxx" MMC-yə qarşı “yaşayış və qeyriyaşayış sahələrinin iddiaçıya təhvil verilməsi və ya ödəmiş olduğu nağd pulun qaytarılması” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-1 blokunun 8-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 21 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 1 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 50.000 manat olan ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı, 8 saylı mənzil, D blokunun 3-cü mərtəbəsində yerləşən dəyəri 1.000.000 manat olan ümumi sahəsi 600 kv.m, 30,31 və 43 saylı mənzillər, C blokunun 1ci mərtəbəsində yerləşən dəyəri 582.000 manat olan ümumi sahəsi 150 kv.m, 14 saylı mənzil, 03 may 2013-cü il tarixli müqaviləyə əsasən isə C blokunun 20 və 22-ci mərtəbələrində yerləşən bütün mənzillər, dəyəri 2.760,000 manat olan ümumi sahəsi 1840 kv.m mənzillərin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında 08 iyul 2008-ci il tarixli 5 ədəd və 03 may 2013-cü il tarixli 1 ədəd müqavilə bağlanmışdır. 08 iyul 2008-ci il tarixli müqavilələrə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-1 blokunun 8-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 126.1 kv.m, 3 otaqlı, 21 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 100.000 manat olan ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 1 saylı mənzil, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən dəyəri 50.000 manat olan ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı, 8 saylı mənzil, D blokunun 3cü mərtəbəsində yerləşən dəyəri 1.000.000 manat olan ümumi sahəsi 600 kv.m, 30,31 və 43 saylı mənzillər, C blokunun 1-ci mərtəbəsində yerləşən dəyəri 582.000 manat olan ümumi sahəsi 150 kv.m, 14 saylı mənzil, 03 may 2013-cü il tarixli müqaviləyə əsasən isə C blokunun 20 və 22-ci mərtəbələrində yerləşən bütün mənzillər, dəyəri 2.760.000 manat olan ümumi sahəsi 1840 kv.m mənzillər Cavabdeh MTK tərəfindən iddiaçıya satılmışdır. Müqavilələrin bağlanmasından 5-7 il keçməsinə baxmayaraq iddiaçı qeyd edilən mənzillərdən maneəsiz istifadə edə bilmir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MTK və "xxxx" MMC-dən 08 iyul 2008-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-1 blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 21 saylı mənzilin, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136.1 kv.m, 3 otaqlı, 1 saylı mənzilin, A-1 blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı, 8 saylı mənzilin, D blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 600 kv.m. 30,31 və 43 saylı mənzillərin, C blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150 kv.m, 14 saylı mənzilin, 03 may 2013-cü il tarixli müqaviləyə əsasən isə C blokunun 20 və 22-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1840 kv.m. təşkil edən bütün mənzillərə dair "xxxx" MTK ilə bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliyin məcburi icra edilməsi, mənzillərin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, 2008-2013-cü illərdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə (metronun “Xətai” stansiyası ilə üzbəüz) ünvanda yerləşən Cavabdeh MTK tərəfindən İddiaçı satılmış Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın “C” blokunun 1-ci mərtəbəsində 150 kv.m, “D” blokunun 3-cü mərtəbəsində 600 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 82,7 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 136.1 kv.m, “A-1” blokunun 8-ci mərtəbəsində 136.1 kv.m, “C” blokunun 20/22-ci mərtəbəsində 1840 kv.m yaşayış və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi və ya həmin sahələr üçün nağd olaraq ödəmiş olduğu 4.592.000 manat nağd pulun ona qaytarılması vəzifəsinin Cavabdeh MTK-nın hüquqi varisi "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər və iddianın məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilələrin etibarlılığını yoxlamalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 noyabr 2020-ci il tarixdə çıxarılmış hökmə əsasən tərəflər arasında bağlanmış 08 iyul 2008-ci il və 03 may 2013-cü il tarixli müqavilələrin saxta müqavilələr olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının iddiasının hüquqi əsasını Cavabdeh MTK ilə aralarında bağlanmış alğısatqı müqavilələrinin olması təşkil edir. İddiaçı cavabdehdən müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra etməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğısatqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində verdiyi izahatdan görünür ki, o, 2014-cü ildə Hikmət Yiğidölə 400.000 manat borca pul vermişdir. Sonradan pulu dəfələrlə tələb etsə də, pul ona geri qaytarılmamışdır. 2018-ci ilin əvvəllərində iddiaçı Hikmətdən pulunu tələb etmiş, pul əvəzində Hikmət iddiaçıya köhnə tarixə, yəni 08 iyul 2008-ci il tarixə A1 blokunun 5-ci mərtəbəsində 82,7 kvm, A1 blokunun 5-ci mərtəbəsində 136,1 kv.m, A1 blokunun 8-ci mərtəbəsində 136,1 kv.m sahələri olan yerləri girov məqsədi ilə yazıb vermiş, lakin müqavilədə beton və armatur əvəzinə verildiyini qeyd etmişdir. İddiaçı Hikmətin yanına gedib həmin yerlərin başqasına məxsus olmasını bildirmiş, Hikmət də yenə 2018-ci ilin əvvəllərində yenidən köhnə tarixə, yəni 03 may 2013-cü il tarixə C blokunun 20 və 22-ci mərtəbələrini, cəmi 1840 kv.m sahəni girov məqsədi ilə yazıb vermişdir. Məhkəməyə təqdim olunmuş müqavilə və maliyyə arayışlarından görünür ki, tərəflərin razılığı ilə mənzillərin Cavabdeh MTK tərəfindən iddiaçıya evin dəyəri miqdarında beton armatur əvəzində təhvil verilməsi şərtləndirilmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə Cavabdeh MTK-nın blankında əlyazma ilə yazılmış kserosurət olan tikinti müqaviləsini təqdim etmişdir. Həmin müqavilədən görünür ki, tərəflər arasında olan müqavilələrə əsasən mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin təmir-tikinti materialları müqabilində verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin iş materiallarındakı izahatlarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdehin arasında bağlanmış 08 iyul 2008-ci il tarixli və 03 may 2013-cü il tarixli müqavilələr əvvəlki tarixə bağlanmış, tərəflər arasında olan işgüzar münasibətlərinin təminatı kimi çıxış etmişdir. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Odur ki, məhkəmə iddiaçının Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində verdiyi izahatını, məhkəmə iclasında verdiyi izahatları, iş materiallarına əlavə edilmiş maliyyə arayışlarını təhlil edərək belə qənaətə gəlir ki, tərəflərin arasında bağlanmış alğı-satqı müqaviləsinin məqsədi həmin müqavilə ilə əhatə olunan niyyəti deyil, tərəflər arasında işgüzar münasibətlərin təminatını əks etdirmişdir. Belə olan halda, hazırkı əqdlər əhəmiyyətsiz olmaqla yalan əqd kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin arasında bağlanmış alğı-satqı müqavilələri etibarsızdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 noyabr 2020-ci il tarixdə çıxarılmış hökmdə müəyyən olunmuş hallara da istniad etməyi zəruri hesab edir. Belə ki, həmin hökmün nəticə hissəsinə əsasən zərərçəkmiş şəxs İddiaçı saxta alğı-satqı müqavilələri ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İstinad olunanlara münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı ona maddi ziyan dəyməsini sübut etməli idi. İddia tələbində 4.592.000 manat pulun ona ödənilməli olmasını qeyd etsə də, bu vəsaitin qarşı tərəfə ödənilməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müqavilələrə əsasən evlərin iddiaçıya təmir-tikinti materialları əvəzində verilməsi şərtləndirilsə də, iddiaçı müqaviləyə əsasən özünün öhdəliyi icra etməsi ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və "xxxx" MMC-yə qarşı- 2008-2013-cü illərdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə (metronun “Xətai” stansiyası ilə üzbəüz) ünvanda yerləşən Cavabdeh MTK tərəfindən İddiaçı satılmış Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın “C” blokunun 1-ci mərtəbəsində 150 kv.m, “D” blokunun 3-cü mərtəbəsində 600 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 82,7 kv.m, “A-1” blokunun 5-ci mərtəbəsində 136.1 kv.m, “A-1” blokunun 8-ci mərtəbəsində 136.1 kv.m, “C” blokunun 20/22-ci mərtəbəsində 1840 kv.m yaşayış və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi və ya həmin sahələr üçün nağd olaraq ödəmiş olduğu 4.592.000 manat nağd pulun ona qaytarılması vəzifəsinin Cavabdeh MTKnın hüquqi varisi "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-10/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-10/2022
18.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver