Məhkəmə qərarları › İş №2(011)-1007/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1007/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1007/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının vəkili Vəkil, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh1 qarşı xx.xx.2002-ci il tarixində tərəflər arasında ünvan 1 ünvanında yerləşən 8A saylı mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2002-ci il tarixində iddiaçı ilə cavabdeh Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ünvanında yerləşən 8A saylı mənzilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. İddiaçı cavabdehə ilkin olaraq 100 ABŞ dolları beş olmaqla, ümumilikdə 5000 ABŞ dolları verməklə tərəflər arasında sadə yazılı formada 2 şahidin iştirakı ilə müqavilə imzalanmışdır. Həmin an əldə edilmiş mənzilin qeydiyyat vəsiqəsi olmadığı və cavabdehə təcili pul lazım olduğuna görə tərəflər müqaviləni notarial qaydada deyil, sadə yazılı formada şahidlərin iştirakı ilə bağlamışdırlar. Cavabdeh1 mənzilin müvafiq sənədlərini özəlləşdirilməsi üçün aidiyyəti üzrə təqdim etdiyini və qeydiyyat vəsiqəsinin 2003-cü ilin yanvar ayının sonuna hazır olacağını, həmin vaxt müqavilənin notarial qaydada rəsmiləşdiriləcəyinə söz vermişdir. Cavabdeh müqavilədə qeyd edildiyi kimi üç gün müddətində mənzili boşaldaraq iddiaçıya təhvil vermişdir və həmin vaxtdan həmin mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Lakin cavabdeh mənzili boşaldıqdan sonra onunla və onun ailə üzvləri ilə bütün əlaqələr kəsilmiş, iddiaçı dəfələrlə onları axtarıb üzərinə düşən öhdəlikləri tam yerinə yetirilməsinə nail olmaq istəsə də, cavabdehlə əlaqə yarada bilməmişdir. Bu da öz növbəsində cavabdehlər tərəfindən əqdin notariat qaydada rəsmiləşdirilməsindən boyun qaçırtmaq anlamına gəlir. Hüquqi münasibətlər yaranan vaxt qüvvədə olan AR Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notarial qaydada təsdiqlənməsi tələb edilmir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Məhkəməyə təqdim edilmiş 17 dekabr 2002-ci il tarixli müqavilədən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili 5 min ABŞ dollarına alıcı X1, əlavə olaraq 100 ABŞ dolları beh almışdır. Satıcı mənzili 3 gün müddətinə boşaldıb təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh2, şahid Namazov Məhərrəm, şahid Alıyev Firuddin, satıcı Cavabdeh1 və alıcı X7 tərəfindən imzalanmışdır. 17 dekabr 2002-ci il tarixində Cavabdeh2 və İsmayılova Sevda arasında əsginasların nömrələri göstərilməklə pul vəsaitinin alındığına dair sənəd imzalanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı xx.xx.2003-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-si tərəfindən verilmiş 3050 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bağırova (İsmayılova) Sevda Mail qızı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 1 saylı evin 8A saylı mənzilində qeydiyyatsız yaşayır, oğlu X8 ilə birlikdrə. Həmin mənzilin məişət tullantılarının daşınmasının kommunal xərclərini özü ödəyir, 2003-cüi ildən indiki vaxtadək. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 1 ünvanında yaşayan X5 xx.xx.2023-cü il tarixinə sudan istifadəyə və tullantı suların axıdılması xidmətinə görə borcu yoxdur. İş materiallarında olan “Azəriqaz” İB abonent saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə abonent hesabı İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanı üzrə abonent hesabı İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında 1995-ci ildən yaşayır. 2003-cü ildən İddiaçı ilə qonşudur. Ondan əvvəl mənzildə Xıdır və Asiya yaşamışdır. Mənzili Xıdır Sevdaya satmış, 2003-cü ildən də mənzildə İddiaçı yaşayır. Qeyd edilən vaxtdan o, evdə nə Xıdırı, nə Asiyanı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, İddiaçı 2003-cü ildən tanıyır. Sonuncu ev alqı-satqısı ilə bağlı evə qonşu qəlmişdir. Əvvəlki sakinlər ailəli olmuşdurlar, lakin onların uşağı olmadığına görə ayrıldılar. Evin sahibi Xıdır evi qoydu satdığa, satdı evi Sevda xanıma. O vaxtdan da evdə Sevda xanım yaşayır. Gəlin, Asiya xanım rəhmət getmiş, Xıdır isə başqasını almışdır. Lakin evin sənədləri barəsində məlumatı olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (bənd İ). Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (bənd İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 335-ci maddəsi 24 iyun 2005-ci il dəyişikliklərinə qədər olan redaksiyada Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 ilə iddiaçı Bağırova (İsmayılova) Sevda Mail qızı arasında Cavabdeh2 iştirakı ilə ünvan 2 ünvanında yerləşən mənzilə dair sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilədə qanuna zidd hər hansı müddəalar olmamışdır. Tərəflər arasında müqavilə 2002-ci ilin dekabr ayında bağlanılsa, sözü gedən mənzilə dair mülkiyyət hüququ yalnız 28 yanvar 2003-cü il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Yəni tərəflər arasında müqavilə bağlanılan zaman müqavilənin notarial qaydada təsdiqlənməsi məhz Cavabdeh1 asılı olan səbəblərə görə mümkün olmamışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 və Cavabdeh2 mənzili tərk etmiş, mənzil 2003-cü ildən etibarən fasiləsiz və etirazsız Bağırova (İsmayılova) Sevda Mail qızının faktiki sahibliyindədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bağırova (İsmayılova) Sevda Mail qızı ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən mənzilin alqısatqısına dair müqavilə üzrə tərəflər öhdəliklərini tam icra etdikləri halda müqavilənin notariat qaydasında təsdiqlənməsi satıcı Cavabdeh1 asılı olan səbəblərə mümkün olmadığına görə qeyd edilən əqd məhkəmə tərəfindən etibarlı hesab edilməlidir. Odur ki, iddia təmin edilərək, Bağırova (İsmayılova) Sevda Mail qızı ilə Cavabdeh1 arasında ünvan 6 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bağırova (İsmayılova) Sevda Mail qızı ilə Cavabdeh1 arasında 17 dekabr 2002-ci il tarixində ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar