Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1008/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 12 mart 2022-ci il tarixli “təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehə ödədiyi 15300 manat vəsaitin 7500 manat hissəsinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin səhifəsini “İnstagram” sosial şəbəkəsində görmüşdür, o təmir işləri ilə məşğul olur, özünə məxsus evin təmir edilməsi üçün onlarla əlaqə saxlanmışdır, aralarında bağlanmış 12 mart 2022-ci il tarixli “təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasən, cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ev 13M, mənzil 212 ünvanında yerləşən 68 kv.m sahəsi olan mənzili tam təmir etməyi, özü isə təmirə görə 17000 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür, öz öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir, mənzilin təmirinə görə 12 mart 2022-ci ildə 6800 manat, 2022-ci ilin mart ayının axırlarında 1500 manat, aprel ayında 3600 manat, 10 may 2022-ci ildə isə 3400 manat olmaqla, ümumilikdə 15300 manat vəsait ödəmişdir, ödənişin 90%-ni ödəməsinə baxmayaraq cavabdeh mənzili tam təmir etməmişdir, bununla da ona 7500 manat məbləğində zərər vurmuşdur, mənzilin müəyyən hissəsi təmir olunsa da, digər hissəsi təmir olunmamışdır, cavabdehə bir neçə dəfə mənzilin təmir edilməsini, əks halda pulun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə mənzili təmir etməkdən, vəsaiti qaytarmaqdan boyun qaçırmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən. işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən xidməti həyata keçirən Cavabdeh və xidməti sifariş edən İddiaçı arasında bağlanmış 12 mart 2022-ci il tarixli “təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, icraçı sifarişçinin sifariş verdiyi 68 kv.m təmir xidmətlərini həyata keçirir, icraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir, icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən icraçı, müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək, xidmət göstərdiyi yeri mühafizə etmək, xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək və xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək vəzifələrini öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə icraçıya ödənilməli olan xidmətlərin ümumi dəyəri 17000 manatdır, müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan işləyrin görülməsi 3 ay müddətində həyata keçirilməlidir. İş materiallarında olan Cavabdeh 10 may 2022-ci il tarixli İMH seriyalı 044259 №-li kassa mədaxil oderinin qəbzindən görünür ki, X1 tərəfindən təmir üçün 6800 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh 10 may 2022-ci il tarixli İMH seriyalı 044261 №-li kassa mədaxil oderinin qəbzindən görünür ki, X2 tərəfindən təmir üçün 3400 manat ödənilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdehnə mənzilin təmirinə görə ödənilmiş 7500 manat hissəsinin on qaytarılması, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında arasında 12 mart 2022-ci il tarixdə “təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır, müqaviləyə əsasən, cavabdeh 3 ay müddətinə iddiaçıya məxsus ümumi sahəsi 68 kv.m olan mənzili təmir etməyi, iddiaçı isə xidmətlər qarşılığından cavabdehə 17000 manat ödəməyi öz üzərinə götürmüşdür, həmin razılaşma əsasında tərəflər arasında öhdəliklər yaranmışdır, iddiaçı müqavilə üzrə cavabdehə ümumilikdə 15300 manat pul ödədiyini bildirir, hazırki iddia tələbi müqavilə üzrə şərtlərin tam yerinə yetirilməməsinə görə 7500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir, bununla belə, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə mənzilin təmirini həyata keçirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 772.1-ci maddəsinə əsasən, görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti, onun 1000 manatdan 10000 manatadək olması nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1008/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1008/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver