Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1012/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evdən payının dəyərinin ona ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində payının müəyyən edildiyi ½ hissənin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh Ənvər oğlu tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 03 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 10 iyul 2013-cü il təvəllüdlü X4 qızı və 31 yanvar 2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(011)-590/2017 saylı qətnaməsi ilə 03 noyabr 2012-ci il tarixdə Bakı nikah evində bağlanmış nikah pozulmuş, uşaqların analarının yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(011)- 498/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində X1 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı, **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X1 ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh 70 manat X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(011)-498/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Xətai rayon İcra şöbəsinə icra vərəqəsi verilmiş, mübahisəli mənzilə iddiaçının ½ hissədə payı müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının həmin mənzilə daxil olmasına və istifadə etməsinə cavabdeh tərəfindən maneə törədilməkdədir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(011)-498/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində X1 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı, **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X1 ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh 70 manat X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17, 86 saylı mənzilin bazar dəyəri 130.000 manat müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Daha əvvəlki məhkəmə qətnaməsindən göründüyü kimi, təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia ərizəsinin iddiaçının ona aid payının cavabdeh tərəfindən alınmasına dair hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə iclasları barədə məlumatla yanaşı cavabdehə iddia ərizəsinin surəti də göndərilmiş, cavabdeh məhkəmə prosesləri barədə məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya olan münasibətini hər hansı formada bildirməmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə iddiaçı tərəfin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Eyni zamanda mübahisəli mənzil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş mənzillərə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzil açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilin ilkin satış qiyməti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilin satılmasından əldə edilən vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri arasında 1/2 hissədə paylarına mütənasib surətdə bölünsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1012/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1012/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver