Məhkəmə qərarları › İş №2(011)-1024/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1024/2022

25.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1024/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Mövsün qızı, Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Mövsün qızı, Cavabdeh1 qarşı cavabdehlərin iddiaçının mülkiyyətndə olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesində yerləşən 14 saylı evin 3 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesində yerləşən 14 saylı evin 3 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh2 iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi, digət cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mövsün qızı, Cavabdeh1 isə keçmiş mülkiyyətçinin yaxın qohumlardırlar. Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənziliə dair alqı-satqı müqaviləsi bağlandığı zaman cavabdehlər iddiaçını xüsusi mülkiyyətində olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürsələdr də, hələ də iddiaçıya məxsus yuxarıda qeyd edilən mənzildə qeydiyyatdadırlar. Hal-hazırda cavabdehlərin yuxarıda qeyd edilən ünvanda qeydiyyatı yalnız formal xarakter daşıyır, həmin şəxslər qeyd edilən mənzildə uzun müddətdir ki yaşamırlar. Eyni zamanda, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə başqa şəxslərin qeydiyyatda olması iddiaçı üçün bir sıra çətinliklər yaradır. Belə ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur və əlavə kommunal xərclər yaradır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə İddiaçı arasında 01.11.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh2 Bakı Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı satılan əmlakda 07.11.2021-ci il tarixədək qeydiyyatdan çıxartmağı öhdəsinə götürmüşdür. Müqavilə imzalndığı zaman cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Mövsün qızı mənzilin satılmasına etiraz etmədikərinə dair ərizəni notarial qaydada təqdim etmişdirlər. Cavabdeh1 15.12.2018-ci il tarixində andan olmuş və müqavilə imzalandığı vaxt yetkinlik yaşına çatmamışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir (“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”-ın notarial qaydada təsdiq olunmuş surəti). Cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır (“Elektron notariat” X1 çıxarış). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə satıcı arasında alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilinə dair iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilindən istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Həsənlii irfan Vüsla oğlunun Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosessində yerləşən 14 saylı evin 3 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar