Məhkəmə qərarları › İş №2(011)-105/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-105/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-105/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 142 saylı mənzilin cavabdehin qanunsuz sahibliyində olan 9,58 kv.metr hissəsinin əvəzi olan 4790 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, rəhbərlik etdiyi kooperativ ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə, Bakı şəhəri, Xətai rayonu,Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 1-ci giriş 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 142 saylı faktiki sahəsi 105,04 kv metr olan mənzilin sahə satış üzrə menecer tərəfindən səhvən müqavilədə 9,58 kv metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilmiş və ondan müqavilədə göstərilmiş 95,46 kv metr sahənin dəyəri qəbul edilmiş buna görədə müqavilə və maliyyə sənədlərində həmin sahənin dəyəri göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,58 kv metr artıq sahəsi heç bir müqavilə və qanuni əsas olmadan payçı tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə edilir və 9,58 kv metr sahənin əvəzini ödənilmir Payçıdan qanunsuz istifadə etdiyi sahənin boşaldılması, bu mümkün olmadığı halda əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki sahənin əvəzi olan 4790 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. Həmçinin kooperativ tərəfindən seçmə üsulu ilə mənzillərdə ölçmə aparılmışdır. xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarının bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüquqlarının pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verilərkən bilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin gəlməməsi barədə məlumat olmadığından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kooperativ “X3” MTK ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 142 saylı müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş 3-cü mərtəbə 142 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 95,46 kv.metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş 3-cü mərtəbə 142 saylı mənzil xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 95,46 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir. İddiaçı hazırda iddia tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdehlə bağlanmış müqavilədə göstərilən mənzilin ümumi sahəsindən 9,58 kv.metr sahə səhvən artıq MTK tərəfindən təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, yəni cavabdehin mənzilin artıq sahəsinə görə dəyərinin ödənilməsi mahiyyətcə cavabdehin əsassız varlanmasını ehtiva etdiyindən, hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 -ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 1091 -ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən yaşayış binasında 9,58 kv.metr artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması məhkəmə araşdırması zamanı öz təsdiqinin tapmamışdır. Odur ki, iddiaçının “həmin sahənin əvəzi olan 4790 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiası” təmin oluna bilməz. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının mübahisə edilən 9,58 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019-cu ilin noyabr ayında məlum olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, əsassız və inandırıcı deyil. Məhkəmə qeyd edir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, “X3” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddətin özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib- verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinin əsassız varlanma institutunu müəyyən edən 57-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1095-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2011-ci ildən iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2011-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı “X3” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı - cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81 -ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 3cü mərtəbəsində yerləşən 3 otaqlı 142 saylı mənzilin qanunsuz sahibliyində olan 9,58 kv.metr hissəsinin əvəzi olan 4790 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar