Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1056/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında 27 aprel 2023-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış ЗМ-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 200 kv.m torpaq sahəsi üzərində tikilmiş 140 kv.m, 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Şövkət mebel salonunda işləyirdi. İşində çox dürüst və vicdanlı biri idi. Günlərin birində mebel salonunda mebellərin satışından əldə edilən gəlirlərlə bağlı əskiklik yaranmışdır. Təqribən 200.000 manatdan çox əskiklik bilərəkdən qızının üzərinə atılmışdır. Hətta mebel salonunun müdiriyyəti tərəfindən baş vermiş əskikliklə bağlı qızı hədələnməyə başlanmışdır. Guya qızının əməlində dələduzluq faktı aşkar edildiyindən korrupsiyaya şikayət ediləcəkmiş. Qızı baş vermiş hadisələrdən şok vəziyyətində olmuşdur, hətta intihara belə cəhd göstərmişdir Lakin son anda polislər tərəfindən xilas edilmişdir. Qızına qarşı polisə verilmə, ayağa qandal taxılma kimi hədə-qorxular gəlməyə başladığından iddiaçı özünə məxsus fərdi yaşayış evini şirkətə verməyi təklif etmişdir. Çünki ödəniş edəcək gücü yox idi. Bu səbəbdən iddiaçı ilə şirkətin nümayəndəsi Cavabdeh arasında formal olaraq Bakı şəhəri 18 saylı notariat ofisində 27 aprel 2023-cü il tarixində ЗМ-484 reyestr nömrəli “ilkin alqısatqı müqaviləsi” bağlanıldı. Müqavilənin 1-ci maddəsinə əsasən: Birinci tərəf - Satıcı Azərbaycan Respublikası Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 19/08 saylı, 14 avqust 2007-ci il tarixdə verilmiş qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evini ikinci tərəf - Alıcıya satdı. Tərəflər satılan əmlakın ümumi dəyərini 50.000 manat müəyyən edirlər. Evi şirkətə satdıqdan sonra iddiaçı evdən çıxmaq məcburiyyətində qalmışdır. Lakin iddiaçıya və Şövkətə heç bir məbləğdə pul verilmədi. Burdan görünür ki, ilkin alqı-satqı müqaviləsi həqiqi niyyətlə bağlanmamışdır. Bundan başqa, evin dəyəri 90.000-100.000 manat olduğu halda ilkin alqı-satqı müqaviləsində evin qiyməti formal olaraq 50.000 manat göstərilmişdir. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alqı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alqı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. Sanki ilkin alqı-satqı müqaviləsi deyil, elə alqı-satqı müqaviləsinin özü bağlanmışdır. Hesab edir ki, iddiaçı ilə şirkətin nümayəndəsi Cavabdeh arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 27 aprel 2023-cü il tarixli, ЗМ-484 reyestr nömrəli ilkin alqısatqı müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, mübahisəli evə dair bağlanmış ilkin alğı-satqı müqaviləsi aldatma və hədə-qorxu nəticəsində bağlanmışdır. Bundan əlavə, ilkin alqı-satqı müqaviləsi bağlanarkən qanunun tələblərinə riayyət edilmədən bağlanmışdır. Bundan başqa, ilkin alqı-satqı müqaviləsi bağlanarkən əmlaka dair hər hansı məbləğdə iddiaçıya pul verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 verdiyi izahatda bildirdi ki, o, Viona MMC mebel mağazasında direktor vəzifəsində çalışıb. Çalışdığı dövrdə mağazada aparılan yoxlama nəticəsində çatışmazlıqlar aşkar olunmuş, bunun araşdırılması üçün onun izahatı alınmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, mağazanın kassasında 100.000 manatdan artıq vəsait çatışmır. Daha sonra o, müştərilərlə əlaqə saxlayaraq və özü də araşdırma apararaq çatışmayan məbləğin 80.000 manata yaxın olduğunu müəyyən etmişdir. Həmin dövr mağaza rəhbərliyi tərəfindən onun barəsində cinayət işinin başlanması ilə bağlı məlumat aldığından o qorxmuş və çatışmayan pulların özü tərəfindən mənimsənildiyini bildirmiş və şirkətin Rəşad adlı əməkdaşının yanında etirafedici izahat yazmış, müştərilərin adını qeyd etmişdir. Həmin izahatlarda borcun 57.258,90 manat olduğu qeyd olunmuşdur. Nə qədər ki, onu həbsə salmaqla hədələmişlər, onun valideynləri həbsə salınmaması üçün evin alğı-satqısına dair razılıq vermişlər. Əslində müqavilə hədə-qorxu nəticəsində bağlanmışdır. Onlara notariusda hər hansı pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 verdiyi izahatında bildirdi ki, Viona MMC mebel mağazasının əməkdaşlıq etdiyi və problemli kreditlərin yığılması şöbəsində işləyir. Mağaza rəhbərliyi tərəfindən mağazada çatışmazlığın olduğu ona bildirilmiş və aparılan yoxlamalar nəticəsində müəyyən məbləğlərin Viona MMC-nin İnşaatçılar filialı müdiri tərəfindən həyata keçirildiyi müəyyən olunmuşdur. X3 onun iştirakı ilə etirafedici izahat yazmış, etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Daha sonra atasına məxsus evin satışından əldə ediləcək vəsait hesabına şirkətə olan borcunu ödəyəcəyini bildirmişdir. Bunun təsdiqi olaraq internet səhifəsində evin satılması ilə bağlı elan verildiyini təsdiq edən məlumat ona təqdim edilmişdir. Nə qədər ki, evin alğı-satqı qiyməti yüksək müəyyən olunmuşdur, evin qiymətinin şişirdilməsi onun satılmasında niyyətinin olmadığı qənaətinə gəlməyə zəmin yaratmışdır, o, öz iş yoldaşı və çoxdandır tanıdığı hazırkı iş üzrə Cavabdeh evə baxması üçün iddiaçıya məxsus ünvana aparmışdır. X9 arasında danışıqlar baş vermiş və daha sonra notarial qaydada alğı-satqı müqaviləsi bağlanmışdır. İşin faktiki halları: İş materiallarında olan 27 aprel 2023-cü il tarixli ЗМ-484 reyestr nömrəli ilkin alqısatqı müqaviləsinə dair notariat işindən görünür ki, Binəqədi rayon Xocəsən bələdiyyəsinin 14 avqust 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisindəki 500 kv.m torpaq sahəsi X4 ayrılmışdır. X5 həmin torpaq sahəsindən 200 kv.m torpaq sahəsi və üzərindəki tikilini özəlləşdirmək, kadastr planı, sənədləşdirmə işləri aparmaq, məhkəmədə iştirak etmək, bank əməliyyatları aparmaq, tikinti işləri aparmaq, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirmək, müqavilə imzalamaq, rüsum ödəmək, pul almaq və tapşırıq yerinə yetirməklə bağlı ərizə vermək və digər hərəkətlər etməklə bağlı 03 avqust 2016-cı il tarixdə etibarnamə vermişdir. E.Əhədov 200 kv.m-lə bağlı hazırkı iş üzrə iddiaçıya, 300 kv.m-lə bağlı isə X1 etibarnamə vermişdir. Hazırkı iş üzrə iddiaçı etibarnamə əsasında ona verilmiş 200 kv.m ərazi üzərində olan tikili ilə birlikdə həmin sahəyə sahiblik etməyə başlamış, daha sonra P.Nəzərova ilə razılığa gələrək ona etibarnamə əsasında verilmiş 300 kv.m torpaq sahəsini də öz istifadəsinə qəbul etmişdir. Bunun müqabilində o, sonuncuya 12.000 manat verməyi öhdəsinə götürmüşdür. Bu məbləğdən 5.000 manat P.Nəzərovaya ödənilmiş, iddiaçının ona 7.000 manat borcu qalmışdır. Alğı-satqı zamanı P.Nəzərovaya qalan məblə ödənilmişdir. X5 (əvəzinə İddiaçı) ilə cavabdeh arasında 27 aprel 2023-cü il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən E.Əhədov Azərbaycan Respublikası Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 19/08 saylı, 14 avqust 2007-ci il tarixdə verilmiş qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evini cavabdehə satmış, satılan əmlakın ümumi dəyəri 50.000 manat müəyyən edilmişdir. Cavabdeh 50.000 manat məbləği notariusun depozit hesabı vasitəsilə alıcıya ödəmişdir. Müqavilədə müəyyən edilmişdir ki, E.Əhədov əmlaka dair sənədləri toplayıb Cavabdehla alğı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 18 saylı Notariat ofisindən bildirilmişdir ki, uzun müddət keçdiyi üçün 27 aprel 2023-cü il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsinin bağlandığı anın video görüntüləri pozulmuşdur. Belə ki, kamera görüntüləri 1 ay müddətinə saxlanılır. Hazırkı iş üzrə İddiaçı məhkəməyə müraciət edərək ilkin müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, əsas olaraq da onu bildirmişdir ki, qızı Şövkətin işlədiyi Viona MMC mebel mağazasının gəlirləri ilə bağlı yaranmış əskikliyə görə qızına hədə-qorxu gəldiklərindən sözügedən müqavilə bağlanmış, iddiaçı torpaq sahəsini sataraq əskikliyin əvəzi olaraq qızından tələb edilən pulu ödəmişdir. Tərəflərin əsl niyyəti əmlakın alğısatqısından ibarət olmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən X2 ünvanlanmış çağırış vərəqəsindən görünür ki, sonuncu, Viona MMC-yə qarşı külli miqdarda mənimsəmə edilməsi ilə bağlı şirkətin müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar izahatının alınması üçün prokurorluğa dəvət edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhəri Yasamal rayon Prokurorluğundan bildirilmişdir ki, Viona MMC mebel mağazasının “İnşaatçılar” filialı mağazasında mağaza müdiri işləmiş X3 tərəfindən mənimsəmə edilməsi ilə bağlı həmin MMC-nin şikayəti əsasında hazırda Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir. İddiaçı istinad etdiyi halların sübuta yetirilməsi üçün şahidlərin dinlənilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci madəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.4-cü madəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Araşdırılmış iş materiallarından görünür ki, ilkin alğı-satqısı həyata keçirilən sahə və üzərində tikilən fərdi yaşayış evi X4 ayrılmışdır. İddiaçı etibarnamə əsasında onun nümayəndəsidir. 03 avqust 2016-cı il tarixli etibarnamə ilə məhkəmədə iştirak etmək hüququ verilsə də iddiaçı hazırkı iddianı E.Əhədovun adından onun nümayəndəsi olaraq deyil, şəxsən öz adından qaldırmışdır. Belə olan halda hazırkı iddianın qaldırmaqda iddiaçının subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1056/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1056/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver