Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-108/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5.634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının rəhbərlik etdiyi kooperativ ilə Cavabdeh arasında 18 oktyabr 2007-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu,Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı faktiki sahəsi 129,76 kv. metr olan mənzilin sahə satış üzrə menecer tərəfindən səhvən müqavilədə 9,39 kv. metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilmiş və ondan müqavilədə göstərilmiş 120.37 kv. metr sahənin dəyəri qəbul edilmiş, buna görə də müqavilə və maliyyə sənədlərində həmin sahənin dəyəri göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,39 kv. metr artıq sahəsi heç bir müqavilə və qanuni əsas olmadan payçı tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə edilir və 9,39 kv. metr sahənin əvəzini ödənilmir. Payçıdan qanunsuz istifadə etdiyi sahənin boşaldılması, bu mümkün olmadığı halda əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki sahənin əvəzi olan 5.634 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. Həmçinin kooperativ tərəfindən seçmə üsulu ilə mənzillərdə ölçmə aparılmışdır. İddiaçı həmin vaxtda hüquqlarının pozulduğunu bilmişdir. 08 noyabr 2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən "xxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1 -ci maddəsinə əsasən şəxsin öz hüquqlarının bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüquqlarının pozulduğunu 20l9-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verilərkən bilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan kooperativ “X3” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 18 oktyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2 ci giriş 2-ci mərtəbə, 4 otaqlı, 132 saylı, faktiki sahəsi 129,76 kv. metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 2-ci mərtəbədə yerləşən 4 otaqlı 132 saylı mənzilin naturada yerləşdiyi faktiki sahəsi 128.2 kv.m təşkil edir və həmin sahə Universal Servis LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2007-ci il tarixli, 103 nömrəli “Kooperativ Mənzil Tikintisi haqqında Müqavilə”də göstərilən 120.37 kv.m sahədən 7.83 kv.m çox təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2 -ci giriş 2-ci mərtəbəsində yerləşən 132 saylı mənzil 18 oktyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120.37 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, yəni cavabdehin mənzilin artıq sahəsinə görə dəyərinin ödənilməsi mahiyyətcə cavabdehin əsassız varlanmasını ehtiva etdiyindən, hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən yaşayış binasında ekspert rəyinə əsasən 7.83 kv.metr artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının mübahisə edilən artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019-cu ilin noyabr ayında məlum olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, əsassız və inandırıcı deyil. Məhkəmə qeyd edir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, "X3” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddətin özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinin əsassız varlanma institutunu müəyyən edən 57-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1095-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, "kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci ildən iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2007-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 30 yanvar 2020-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "X3” MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan "X3” MTK mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat rüsum iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı "X3” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı - Cavabdeh “xxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5.634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-108/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-108/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver