Məhkəmə qərarları › İş №2(011)-110/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-110/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-110/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Akif oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə şərtlərinin icrası tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MTK-nın direktoru X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqaviləyə əsasən iddiaçıdan alınmış 8.8 kv.m artıq sahəyə görə 8360 (səkkiz min üç yüz altmış) manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9628 (doqquz min altı yüz iyirmi səkkiz) manat faiz borcunun və 1137 manat pul məbləğində artıq ödənişin olduğu pulun, ümumilikdə 19125,8 (on doqquz min yüz iyirmi beş) manat əsas borc və 148 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək, əsl cavabdeh "xxxx" MMC olduğunu nəzərə alaraq cavabdehin əsl cavabdeh ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə 27 fevral 2014-ci il tarixli 09 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının birinci blokunun 10-cu mərtəbəsində yerləşən 40 saylı mənzili almışdır. Mənzil üç otaqdan ibarət olmaqla müqavilədə 163.6 kv.m göstərilmişdir. Müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, “sahə-mənzil” İnvestora təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Müqavilə şərtlərinə uyğun olaraq mənzil sahəsinin hər kv.mn-nə 950 manat olmaqla ümumilikdə 155420 (yüz əlli beş min dörd yüz iyirmi) manat mənzilin haqqı tam ödənilmişdir. Keçən müddət ərzində bina istifadəyə verilmiş və komissiya tərəfindən istismara qəbul edilmişdir, hal-hazırda mənzildə yaşayırlar. Mənzilə dair 02 noyabr 2023cü il tarixli Daşınmaz Əmlakın mülkiyət hüququnu təsdiq edən çıxarışı alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilədə göstərildiyi kimi 163.6 kv.m deyil. 154.8 kv.m-dir və mənzil sahəsinə görə 8.8 kv.m sahənin pulu 8360 (səkkiz min üç yüz altımış) artıq ödənilmişdir. Məsələ ilə bağlı iş üzrə cavabdehdən pulun geri tələb edilməsi ilə əlaqədar müraciət olunmuş lakin, cavabdeh 8.8 kv.m sahəyə görə artıq ödənilmiş 8360 (səkkiz min üç yüz altmış) manat pulun geri qaytarılmasından imtina edir. Müqavilədə tərəflər arasında mübahisənin həlli ilə əlaqədar hər hansı bir bənd göstərilməmişdir və bu da müqavilənin qanuna uyğun tərtib olunmadığını bir daha sübut edir. Göründüyü kimi ümumi razılıq əldə edilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh MTK müqavilə şərtlərini pozduğuna, müqvilənin 1.2-ci bəndində qeyd edildiyi kimi, mənzil sahəsi İnvestora təhvil verilən zaman dəqiqləşdirilmədiyi və 8.8 kv.m sahəyə görə artıq ödənilmiş pulu geri qaytarmadığına, iddiaçının pulunu indiyə kimi saxladığına və ondan öz xeyrinə istifadə etdiyinə görə, qanunun tələbi ilə faizlə birlikdə qaytarmalıdır. Mənzil sahəsinin tam ödənişi 27 avqust 2014-cü il tarixdə başa çatdırılmışdır. Qanunvericiliyə uyğun olaraq bank faizi illik 12.0 faizi ilə cavabdehdən iddiaçıya hər ötən il üçün 1003 (min üç) manat hesabı ilə keçən 9 il 6 a müddətinə görə əlavə olaraq 9628,0 (doqquz min altı yüz iyirmi səkkiz) manat, ümumilikdə 17988,8 (on yeddi min doqquz yüz iyirmi səkkiz) manat ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1537/2023 saylı qərarının 10-cu bəndində qeyd edildiyi kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 9/6508 nömrəli ekspert rəyinə əsasən, müqavilə üzrə borcun tam ödənildiyi və 1137,0 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilmişdir. Beləliklə, Cavabdeh MTK ümumilikdə, 19125,8 (on doqquz min yüz iyirmi beş) manat əsas borc və 148 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə Akif oğlu məhkəmə iclasında ərizəsinə uyğun olaraq bildirmişdir ki, Cavabdeh MMC (indiki MTK) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 336 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzirov küçələrinin kəsişməsində yerləşən 1171-ci məhəllədə çoxmərtəbəli yaşayış binasını inşa edərək 2019-cu ilin İİİ rübündə sakinlərin istifadəsinə vermişdir. Binanın tam təhvil verilməsi 2016 –cı ilin İV rübünədək nəzərdə tutulmuşdur. Gecikməyə səbəb Respublika ərazisində keçirilən bir sıra dövlət tədbirləri, Avropa oyunları, İslam oyunları devolvasiyalar və ən əsası da bir çox investorların (mənzil sahiblərinin), o cümlədən İddiaçı ödənişləri müqavilədə razılaşdırılmış, müddətdə həyata keçirməmələri olmuşdur. İddiaçıla imzalanmış xx.xx.2014-cü il tarixli 09 saylı müqaviləyə əsasən ödənişləri hər ay 19236, 66 manat olmaqla 6 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək ödəməli idi. Lakin, İddiaçı müqavilənin şərtlərini mütəmadi olaraq pozmuş, ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci ildə həyata keçirmiş, bu günədək qalıq borcu olan 8843 azn ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Ödənişləri gecikdirdiyi üçün ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilərək müqavilənin 3.6 bəndi (Müqavilənin şərtləri “Alıcı” tərəfindən mütəmadi pozulduğu halda, ödənişlər 3 aydan artıq gecikdirilərsə İcraçı tərəfindən müqavilə qeyri şərtsiz ləğv edilir, ödənilmiş məbləğ “Alıcıya” yalnız mənzil sahəsi başqa bir şəxsə satıldıqdan sonra qaytarılır.) diqqətinə çatdırılmışdır. Müqavilənin 1.2 bəndinə əsasən: “Sahə-mənzil “İnvestora” təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir”. Bütün mənzillər və mənzillərin açarları “İnvestor”lara təhvil verilmişdir, mübahisəli məsələlər hər iki tərəfin iştirakı ilə araşdırılaraq həll edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh MMC (indiki MTK) tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə İİİ-zona əmsalı (45 manat x 2,2) nəzərə alınmaqla binanın xarici divarları, balkonlar daxil olmaqla ümumi sahəsinə ƏDV ödənilmişdir. Mənzillərin sahələri “İnvestorlara”, o cümlədən İddiaçı divarların və arakəsmələrin sahələri çıxılaraq, balkonlar daxil olmaqla müqavilədə razılaşdırılmış qiymətə ümumi məbləğ 165420 manat olmaqla, hər m²-nin dəyəri ƏDV ilə birlikdə 1011,12 manata satılmışdır. 2014-cü ildə Cavabdeh MMC (indiki MTK) mənzilləri 1250 manat satdığı bir dövrdə İddiaçı 1011,12 manata satılması zamanı o, müqavilə imzalanarkən müqavilədə göstərilən bütün şərtlərlə razılaşmış, təmirə başlamaq istədiyi müraciətlərə cavab olaraq ona yalnız borcların ödənilməsi təqdirdə icazə veriləcəyi bildirilmişdir. Qeyd etmişdir ki, mənzillərə çıxarış verilərkən balkonların sahəsinin 30%-i əsas sahəyə daxil edilir. İddiaçı mənzil çıxarışdakı sahəyə deyil, müqavilədəki sahəyə uyğun satılmışdır, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq investora təqdim edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 m2-dir. Sahə-mənzil investora təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən mənzilin hər m2-nin dəyəri (ƏDV ilə birlikdə) 950 AZN, ümumi məbləğ 155.420 AZN təşkil edir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 2 ünvan 41,43), blok İ, mərtəbə X, 3 otaqlı, 40 saylı mənzilin ümumi sahəsi 163,6 m2 olan mənzilin dəyərini Cavabdeh MTK-ya tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalaırna uyğun olaraq investora təqdim edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 m2-dir. Sahə-mənzil investora təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən mənzilin hər m2-nin dəyəri (ƏDV ilə birlikdə) 1011.12 AZN, ümumi məbləğ 165.420 AZN təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(011)-2702/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaşlıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/537-5-545 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqin ön və arxa hissələrində olan ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “direktor” qrafasında imza əvvəl icra edilmiş, sonra isə ştamp əksi vurulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əksləri ilə imzaların kəsişdiyi hissələrdə rəngləyici maddələrin intensivliyi “RGB” intervalında eyni olduğu üçün onların kəsişmə ardıcılılığını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilə reproqrafik surət olduğu üçün (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə rəqəmləri ilə göstərilmiş) çap mətni həmin müqavilənin 3-cü vərəqindəki “direktor” qrafasında, “Cədvəl 1 Ödənilmişdi” bəndində olan imzalarla, əl yazılarla və ştamp əksləri ilə icra ardıcıllığı (kəsişmə) üzrə tədqiqat aparılması mümkün olmadı.İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əkslərinə aid xüsusi və ümumi əlamətləri müəyyən etmək mümkün olmadığından həmin ştamp əksləri üzrə müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiş xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin (i.v 43-45-ci və 3.4 bəndində “qalan məbləğ 115420” rəqəmləri ilə göstərilmiş) çap mətni, üzərində olan imzalar, əl yazıları, 3-cü vərəqin ön və arxa hissələrindəki ştamp əksləri şırnaqlı printerdə çap edilmişdirlər. Təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilə (i.v 43-45-ci və 3.4 bəndində “qalan məbləğ 115420” rəqəmləri ilə göstərilmiş) printer vasitəsi ilə çap edildiyi üçün həmin sənədin üzərində olan ştamp əklərinin öz aralarında və iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərindəki ştamp əksləri ilə eynilik təşkil edib-etməmələri, həmin müqavilədəki imzaların, çap mətnin, əl yazıların, ştamp əklərinin icra ardıcıllıqlarının müəyyən edilməsi üzrə tədqiqatlar aparılmadı. Rəyin tədqiqi hissəsinin 8-ci bəndində göstərilən səbəblərə göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş sənədlərdə olan möhürlərin və imzaların icra olunmasının müddətini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/687 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilədə “İcraçı” qrafasındakı imza, iddiaçı tərəfindən təqdim edilmiş "ASRA” MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014cü il tarixli 09 nömrəli müqavilədə “İcraçı” qrafasındakı imza - X3 tərəfindən icra edilmişdir. Ekspertizaya cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilədə “İnvestor” qrafasındakı imzanın – İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2702/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/8314 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində inşa edilmiş 41, 43 saylı evin, 40 saylı (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 41, M10, m5) mənzilin ümumi sahəsinin 154,7 kv.metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 149 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 40 saylı mənzil (yeni qaydalar ilə : AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, M10, m5) İddiaçının adına qeydiyyata alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 154.80 kv.mdir. Mənzilin planından görünür ki, dəhlizin sahəsi 33.7 m2, yaşayış otağının sahəsi 36.8 m , mətbəxin sahəsi 24.8 m2, yaşayış otağının sahəsi 24.7 m2, sanitar qovşağın sahəsi 2 4.5 m2, sanitar qovşağın sahəsi 4.1 m2, yaşayış otağının sahəsi 22.6 m2, balkonun sahəsi isə 3.6 (12.0 x 0.3= 3.6) m2 olmaqla mənzilin sahəsi 154.8 m2-dir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və Cavabdeh MMC-yə qarşı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının akıtı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi barədə iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)- 212/2022 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Adıçəkilən qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3446/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 saylı qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3446/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini, ekspert rəyini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilkin olaraq həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş birbirindən fərqli olan xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilələrə münasibət bildirir. Belə ki, hər iki müqavilənin şərtlərinə diqqət yetirildikdə aydın olur ki, iddiaçı və cavabdeh tərəfindən təqdm edilmiş müqavilələr 3-cü maddə, yəni müqavilənin məbləği və ödəniş şərtlərinə görə bir-birindən fərqlənir. İddiaçı tərəfindən təqdim edilmiş və mülki işin 56-58-ci səhifələrinə tikilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 3.2-ci maddəsindən görünür ki, mənzilin hər m2-nin dəyəri (ƏDV ilə birlikdə) 950 AZN, ümumi məbləğ 155.420 AZN təşkil edir. Adıçəkilən müqavilənin 3.3-cü maddəsindən görünür ki, ilk ödəniş mənzil sahəsinin ümumi məbləğinin ___ faizini təşkil edir.50.000 AZN olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqavilənin 3.4-cü maddəsindən görünür ki, mənzil sahəsinin qalan məbləği 105.420 AZN təşkil edir. Bu məbləğ xx.xx.2014-cü il tarixədək 6 ay müddətinə hər ay 17.570 manat olmaqla 1 saylı cədvəl üzrə ödənilir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin 66-69-cu səhifələrinə tikilmiş (ekspertiza tədqiqatından sonra müqavilənin əsli cavabdehin nümayəndəsinə verilmişdir) müqavilənin xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 3.2-ci maddəsindən görünür ki, mənzilin hər m2-nin dəyəri (ƏDV ilə birlikdə) 1011.12 AZN, ümumi məbləğ 165.420 AZN təşkil edir. Adıçəkilən müqavilənin 3.3-cü maddəsindən görünür ki, ilk ödəniş mənzil sahəsinin ümumi məbləğinin ___ faizini təşkil edir. 50.000 AZN olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqavilənin 3.4-cü maddəsindən görünür ki, mənzil sahəsinin qalan məbləği 115.420 AZN təşkil edir. Bu məbləğ xx.xx.2014-cü il tarixədək 6 ay müddətinə hər ay 19.236,66 manat olmaqla 1 saylı cədvəl üzrə ödənilir. Göründüyü müqavilə üzrə fərq mənzil sahəsinin hər m2-nin dəyəri, mənzilin ümumi dəyəri və hər ay ödənilməli olan pul məbləğləri ilə bağlıdır. Adıçəkilən müqavilələr üzrə məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasını nəticəsi olaraq belə nəticəyə gəlinmişdir ki, hər iki müqavilə üzrə icraçı qrafasındakı imza MTK-nın direktoru X3 tərəfindən imzalanmışdır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş müqavilədə investor qrafasındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli, 5/537-5/545 nömrəli ekspert rəyinin tədqiqi hissəsinin 8-ci bəndindən görünür ki, tədqiqata təqdim edilmiş sənədlərdəki möhürlərin və imzaların icra olunmasının müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığından Cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli “Müqəvilə”də əks olunan möhür əkslərinin həmin “Müqavilə”yə xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə vurulmuşdurmu?", “İddiaçı tərəfindən təqdim edilmiş ‘ASRA" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli "Müqavilə”də əks olunan möhür əkslərinin həmin “Müqavilə”yə xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə vurulmuşdurmu?", "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli ‘‘Müqavilə”də əks olunan imzaların xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014- cü il tarixindən sonrakı tarixdə icra edilmişdirmi?", “Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 09 nömrəli “Müqavilə”də əks olunan imzaların xx.xx.2014-cü il tarixində yoxsa xx.xx.2014-cü il tarixindən sonrakı tarixdə icra edilmişdirmi?" suallar üzrə tədqiqat işləri aparılmamışdır. Məhkəmə cavabdehin iddiaçının təqdim etdiyi müqaviləni “saxta” hesab edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının videqeydinin 10:49-cu dəqiqəsindən cavabdehin nümayəndəsinə verilmiş suala cavab olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış əvvəlki müqavilə ləğv edilmiş, yeni müqavilə tərtib edilib, yeni müqavilə iddiaçı tərəfindən imzalanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir. Əgər həqiqətən tərəflər ilk öncə mənzilin kv.metrinin 950 manat, sonradan isə 1011.12 manat olması barədə razılığa gəlmişlərsə, bu halda cavabdehin nümayəndəsinin dediyi kimi “müqavilə ləğv edilməli” idi. Müqavilənin ləğv edilməsi qaydası isə qanunvericilikdə göstərildiyi kimi müqavilə ilə eyni formada həyata keçirilməli idi. Lakin iş materiallarından görünür ki, əvvəlki müqavilənin ləğvi barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş sonrakı müqavilənin mötəbərliyi məhkəmə tərəfindən ona görə şübhə altına alınır ki, iddiaçı eyni zamanda hər iki müqavilə üzrə ödəniş etməsi məntiqi cəhətdən mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən hər ay ödəniş edilərkən, müqaviləyə "xxxx"ə uyğun olaraq MTK tərəfindən ödənişlərin həyata keçirilməsini təsdiq edən əl yazısı və möhür vurulmuşdur. Bu da onu deməyə əsas verir ki, hər ay iddiaçının müqaviləsinə möhür vurulan zaman cavabdeh iddiaçının “köhnə” müqavilə üzrə ödəniş etdiyindən məlumatlı olmuşdur. Həmçinin hər iki müqaviləni qarşılıqlı şəkildə təhlil edərkən görünür ki, iddiaçı tərəfindən verilmiş müqavilədə ödənişlər aylar üzrə ardıcıl olaraq yəni, xx.xx.2015xx.xx.2015-xx.xx.2015 olaraq ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilədən belə nəticə çıxır ki, ödənişlər xx.xx.2015-xx.xx.2015-xx.xx.2015 olaraq ödənilmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnamələri adıçəkilən müqavilə üzrə iddiaçı öhdəliklərini yerinə yetirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilə daha mötəbər və əsaslı sayılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı oğlu xx.xx.2014-cü il tarixli, 09 nömrəli (iddiaçı tərəfindən təqdim edilmiş) müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Odur ki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilənin 1.2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 163.6 kv.metrdir. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı maliyyə arayışına əsasən mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir. İddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi 163.6 kv.m olan mənzili iddiaçıya verməli idi. Yəni, iddiaçı 163.6 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində inşa edilmiş 41, 43 saylı evin, 40 saylı (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 41, M10, m5) mənzilin ümumi sahəsinin 154,7 kv.metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən 0.5 kv.m (163.6-163.1=0.5 ) az mənzil verilmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti 475 manat (0.5 x 950=475) müəyyən edilməlidir. Məhkəmə iddia tələblərinin “iddiaçıdan alınmış 8.8 kv.m artıq sahəyə görə 8360 (səkkiz min üç yüz altmış) manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9628 (doqquz min altı yüz iyirmi səkkiz) manat faiz borcunun” cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirir ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırkı işin hallarında görünür ki, iddiaçı mənzili təmir etməmişdir. O, mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbərdar olmuşdur. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. İddiaçı mənzili təmir etmədiyindən onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 40 saylı mənzil (yeni qaydalar ilə : AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 41, M10, m5) İddiaçının adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Odur ki, iddiaçı hazırkı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumun cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edildiyindən həmin hissəyə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq müəyyən edildiyindən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 327 (100+100+127) manat cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 475 (dörd yüz yetmiş beş) manat məbləğində dəymiş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh MTKdan alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 327 (yüz) manat Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar