Məhkəmə qərarları › İş №2(011)-1104/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1104/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1104/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzilin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qanuni nümayəndə baldızıdır. Qanuni nümayəndə keçmiş qayınatası X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzilin ½ hissəsi qızı Cavabdeh, digər ½ hissəsi isə nəvəsi İddiaçı 24 mart 2020-ci il tarixdə 294 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 06 aprel 2020-ci il tarixli dövlət reyestrindən çıxarışlara əsasən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzil İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh tam mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx xxx 2014-cü il təvəllüdlü İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə onun anasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzil üzərində 104.75 kv.m hissəsində Cavabdeh, 94.28 kv.m hissəsində isə İddiaçı payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 9 saylı evin 47 saylı mənzilinin tərəflər arasında iki təcrid mənzil şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4,. 2.9. bəndlərinin və Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 9 saylı evin 47 saylı mənzili faktiki olaraq paylara uyğun təcrid mənzillər şəklində 2 hissəyə bölünmüş vəziyyətdədir və bu bölgü variantı İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə uyğundur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 200 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyi sübut kimi qəbul edilməlidir və mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, mövcud iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 10 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin 100 manatı iddiaçıdan, qalan 100 manatı isə cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzil İddiaçı və Cavabdeh paylarına mütənasib olmaqla naturada ayrılsın. Cavabdehdən 10 (on) manat dövlət rüsumu alınıb iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manat hissəsi İddiaçı, qalan 100 (bir yüz) manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar