Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1141/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs X7 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı “əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs X7 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı “əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 13 fevral 2019-cu il tarixində Cavabdeh MMM-də satınalmalar üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Müəssisənin direktorunun təqdim etdiyi məlumatlara əsasən həmin vaxtı müəssisədə işlədiyi şöbə və şöbə müdiri olmadığı üçün birbaşa direktorun tabeliyində işləmişdir. İşlədiyi müddətdə direktor Rahib Məmmədov dəfələrlə onun şəxsi maraqları çərçivəsində satınalma işlərini icra etməyini tələb etmişdir. O, isə hər dəfəsində buna etiraz etmiş və direktora yalnız qanunla müəyyən edilmiş vəzifə öhdəliklərini yerinə yetirəcəyini bildirmişdir. Onun icra etdiyi iş və fəaliyyəti direktorun öz qanunsuz əməllərini həyata keçirməsini əngəllədiyindən artıq 10 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi rəhbər tutularaq, onun öz əmək funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyi bəhanə edilərək, heç bir qanuni əsas olmadan çalışdığı vəzifədən azad edilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi dövrdə həmişə işinə məsuliyyətlə yanaşmış və icra etdiyi işlərdə hər hansı bir nöqsan aşkar edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Müraciətinə X7 Xidmətinin Bakı şəhər ərazi idarəsində baxılmışdır. İdarənin **********37 saylı, 30 avqust 2022-ci il tarixli məktubu ilə ona məlumat verilmişdir ki, müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi öz təsdiqini tapmış və nəticədə müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məktubdan da göründüyü kimi qeyd etdiyi hallar tamamilə həqiqəti əks etdirir və onun nəinki Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə, ümumiyyətlə işdən çıxarılması əsaslı deyildir. Lakin görünür ki, onun işlədiyi müddətdə yalnız qanunvericiliyin tələbi ilə işləməyi müəssisənin direktorunun öz qanunsuz əməllərinə böyük maneə yaratmış, bu səbəbdən də, başqa sözlə ondan qisas almaq məqsədi güdərək ağır maddə ilə onu işdən çıxarmışdır. Qeyd olunan səbəbdən 2022-ci ilin avqust ayına qədər, yəni bir ildən çox müddət ərzində işsiz qalmış, belə ki, işlə bağlı hara yaxınlaşsa da, təcrübə və bacarığı əsas tutularaq elan edilmiş vakansiyaya uyğun görülsə də, əmək kitabçasında qeyd olunan maddəni gördükdə onu işə götürməkdən imtina edirdilər və bu hal davam etməkdədir. Odur ki, 10 mart 2021-ci il tarixli İR-X0006/03-2 saylı əmrin ləğv edilməsi və əmək kitabçasında bununla bağlı müvafiq dəyişikliyin edilməsi öhdəliyinin Cavabdeh MMM-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh MMM-nin nümayəndəsi X8 irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı ilə 14 fevral 2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. O, Cavabdeh MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək haqqısı 823 manat təşkil etmişdir. O cümlədən iddiaçı ilə 05 iyun 2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Onunla bağlanmış əmək müqaviləsinin 3-cü bəndinə əsasən onun vəzifəsi bazarı tədqiq etmək, malın alınma üsulunu və siyasətini işləyib hazırlamaq, işin nəticəsini idarə etmək sistemini işləyib hazırlamaq, alış üçün sifariş formalarını doldurmaq, alış mənbələrini müəyyən etmək, malın dəyər və zədələnməsini müəyyən etmək üçün baxış keçirmək, daimi təchizatçılarla korporativ münasibət saxlamaq, cari fəaliyyət barədə hesabat aparmaq, material və istifadə tendensiyalarını izləmək, müqavilələr bağlamaq, xammal material və avadanlığın təchizi üçün sifarişi açmaq, gəlir və xərclərin analizi metodlarını istifadə etmək və danışıqlar aparmaq texnologiyasından istifadə etmək olmuşdur. Dəfələrlə iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq, işinə səhlənkarlıqla yanaşmışdır. Bununla bağlı şirkətə dəfələrlə maddi ziyan dəymişdir. Belə ki, sonuncu dəfə, yəni 10 mart 2022-ci il tarixində müəssisənin daxili nizam intizam qaydalrına tabe olmamış, əmək funkiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhəri Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir. Göstərilən əsaslarla o, əmək məcəlləsinin tələblərinə müvafiq qaydada işdən çıxarılmışdır. Bundan əlavə iddiaçının əmək müqaviləsinə 10 mart 2021-ci il tarixli əmrlə xitam verilmiş, lakin mediasiyaya 04 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı fərdi əmək mübahisələrinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X7 Xidmətinin Bakı şəhəri idarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli əmr əsaslandırılmamış, işçinin izahatı alınmamışdır. Mübahisələndirilən faktla bağlı cavabdeh barəsində inzibati protokol tərtib olunmuş, inzibati tənbeh qismində cərimə tətbiq edilmişdir. Həmin qərardan cavabdeh təşkilatın verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, X4 qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Cavabdeh MMM-nə satınalmalaq üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur və xx.xx.2021-ci il tarixli İR-X006/03-21 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, onun Cavabdeh MMM-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır və araşdırmaya əsasən Cavabdeh MMM-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh MM tərəfindən xx.xx.2021-ci il tarixli daxili nizam intizam qaydalarını pozmaqla bağlı aktdan görünür ki, Satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixində, müəssisənin daxili nizam intizam qaydalarına tabe olmamış, iş funksiyasını və əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhər Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir. İş materiallarında olan Cavabdeh MMM tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, İR-X 006/03-21 nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müəssisənin satınalmalar üzrə baş mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən 10 mart 2021-ci il tarixdən xitam verilməsi əmr edilmiş, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona aşağıdakı təminatların ödənilməsi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 62 gün əmək məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsi Mühasibatlıq şöbəsinə həvalə edilmiş, işçinin aldığı əmək haqqı gross olaraq 991 manat hesablanmışdır. İş materiallarında olan 05 iyun 2020-cı il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, işə götürən Fayton LTD” MMM-nin rəhbəri X6 ilə işçi İddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(009)-1605/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Cavabdeh MMM-nin direktoru X3 şikayətinə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilərək, X6 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)- 69/2023 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 05 sentyabr 2022-ci il tarixli qərarından X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayətə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(009)-1605/2022 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar təbit edilmişdir. Həmin maddəyə görə: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh MMM ilə bağlanmış əmək müqaviləsinə əsasən həmin MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMM-nin 10 mart 2021-ci il tarixli, İR-X 006/03-21 nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən həmin MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsindən öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 10 mart 2021-ci il tarixdən xitam verilmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh MMM-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçı ilə cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(009)-1605/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Cavabdeh MMM-nin direktoru X3 şikayətinə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilərək, X6 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-69/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 05 sentyabr 2022-ci il tarixli qərarından X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayətə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(009)-1605/2022 saylı qərarı ləğv edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı əmrin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsi təsdiq edilsə də, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1141/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1141/2023
16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver