Məhkəmə qərarları › İş №2(011)-1149/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1149/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1149/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) tərəflərin ataları Faiq Hacıyevə məxsus olmuş, onun ölümündən sonra Mənzilə dair qanun üzrə vərəsəlik qaydasında ½ hissədə iddiaçının payı müəyyən edilmiş, qalan ½ hissədə isə açıq qalmışdır.

2. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.

3. Faiq Hacıyevin qanun üzrə vərəsələri iddiaçı və cavabdehdir. Mənzildə hazırda cavabdeh yaşayır.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı Mənzilin hərrac yolu ilə satılması və əldə olunan pulun payına uyğun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Mənzil əvvəllər atası, mərhum X1 mülkiyyətində olmuş, onun vəfatından sonra isə həmin mənzilə onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ payı müəyyən edilmişdir. Həmin mənzilə miras açılarkən notarius tərəfindən cavabdehlə əlaqə saxlanılaraq qanun üzrə vərəsə kimi pay alması üçün notariat ofisin gəlməsi təklif edilsə də, gəlməmişdir. Ona görə də notarius tərəfindən həmin mənzilə dair iddiaçıya ½ payda şəhadətnamə verilərkən, digər ½ pay atasının adında açıq saxlanılmışdır. Hazırda Mənzilə ½ payda mülkiyyət hüququ əldə etmişdir. Cavabdehlə münasibətləri yaxşı olmadığından həmin mənzildə yaşamağı mümkün deyil. Dəfələrlə ona mənzili satıb, əldə olunan pulu bölməyi təklif etsə də, o, buna razılıq verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddai tələbinin təmin edilməməsini xahiş etdi.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

12. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

13. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

14. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

15. Maddə 220.6. bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

16. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

22. Mənzilin paylı mülkiyyətdə olması, iddiaçının ½ hissədə payının müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququnun qeydə alınması, qalan ½ hissədə açıq qalması işin mübahisəsiz halıdır.

23. Paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi, həmin əşyalara dair payların müəyyən edilməsi, ayrılması, habelə satışı ilə bağlı hüquqi əsaslar Mülki Məcəllənin 220-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 220.3-cü maddəsində paylı mülkiyyətdə olan ümumi əşyalara dair payların bölünməsinin və ayrılmasının 2 qaydası nəzərdə tutulmuşdur: bunlardan birincisi qarşılıqlı razılıq əsasında payların bölünməsi, yaxud ayrılması, digəri isə mübahisə yarandığı halda, məhkəmə qaydasında həmin proseslərin həyata keçirilməsi ilə bağlıdır.

24. Qanun ümimi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir.

25. Bundan sonrakı addım isə paylı mülkiyyətdə olan əşyanın satılmasından ibarətdir. Göründüyü kimi, paylı mülkiyyətdə olan əşyanın hərrac yolu ilə satılması məsələsi yalnız yuxarda şərh edilən mərhələli ardıcıllqla həyata keçirilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir. Yəni, şərh edilən ardıcıllığa əməl edildikdən sonra, həmçinin ümumi əmlakdakı payın bölünməsi və ya ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

26. Eyni hüquqi yanaşma “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da göstərilmişdir. Həmin qərarda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

27. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaya riayət etmədən iddiaçının tələbi ilə həmin Mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi rədd edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar