Məhkəmə qərarları › İş №2(011)-115/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-115/2022

04.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-115/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı 2014-cü il 30 aprel tarixli sazişin bəndlərini nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətin naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünərək iddiaçının payının ayrılmasına dair qətnamənin qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin istifadəsində iki ayrı yaşayış sahəsindən ibarət Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində fərdi yaşayış evi var. Bu barədə tərəflərə Reyestr Xidməti tərəfindən çıxarışlar da verilmişdir. Belə ki, həmin çıxarışlara əsasən fərdi yaşayış evi (həyətyanı tikili və qurğular) 1/3 hissə olmaqla İddiaçı X5 və X6 arasında bölünüb. Notariusda sazış bağlanıb. Bu sazişin 1-ci tərəfi paylı mülkiyyətçi X5 olmaqla, 2-ci tərəfi paylı mülkiyyətçi X6 və 3-cü tərəfi paylı mülkiyyətçi İddiaçıdur. Bu sazişə əsasən ünvan 3 ünvanında daşınmaz əmlakın naturada bölgüsü təsbit edilmişdir. Bölgü aparıldıqdan sonra 2-ci tərəf qapısını və kommunikasiya xətlərini ayıraraq həyətdən ayrılmışdır. 1-ci tərəf evini Cavabdeh satmışdır. Alan şəxsin yaşını və evdə tək yaşayacağını, bununla bağlı xahişini nəzərə alaraq ayrı bir qapının açılmağı müvəqqəti təxirə salınmışdır. Lakin, iddiaçı satış zamanı ona şifahi formada qapını öz evindən küçəyə açmalı olduğunu bildirmişdir. Hal-hazırda Cavabdeh oğlu X2 anası ilə birgə yaşayır və şəxs artıq tək deyil. Bundan əlavə X2 həyətdə mübahisələrin yaranmasına səbəb olur. Hətta bununla bağlı 102 xidmətinə müraciət olunub. İddiaçı tərəf razılaşma ilə həyətin ayrılmasına çalışsa da, qarşı tərəf problem yaradır və iddia edirlər ki, ev satılarkən onlara qapının, həyətin və su xəttinin onlara məxsus olduğu bildirilib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə İddiaçı, 1/3 hissəsi 1/3 hissədə X5 və 1/3 hissədə X3 xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, qeyd edilən şəxslərin istifadəsindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, ev 33 saylı fərdi yaşayış evinə dair 1990-cı il texniki pasport tərtib edilmişdir. Ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarında olan 30.04.2014-cu il tarixli X5, X6 və İddiaçı arasında bağlanılmış “Ümumi paylı mülkiyyətində olan əmlakın bölgüsü haqqında Saziş”in surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barəsində raşılaşmışdırlar: - Tərəflər ünvan 3 ünvanında yerləşən 5 otaqlı 64,4 kvadrat metr yaşayış sahəsi, 84,6 kvadrat metr ümumi sahəsi, 20,2 kvadrat metr yardımçı sahəsi olan tikili və 1 otaqlı 12,4 kvadrat metr ümumi sahəsi, 7,8 kvadrat metr yaşayış sahəsi, 4,6 kvadrat metr olan yardımçı sahəsi olan fərdi yaşayış evinin bölünməsi barədə qarşılıqlı razılığa gəldilər; - Tərəflərin ümumi paylı mülkiyyətində olan bu Sazişdə göstərilən daşınmaz əmlak, onların bu əmlaka ümumi mülkiyyətindəki paylarına, faktiki istifadə etdikləri vəziyyətdə və iradə ifadələrinə uyğun olaraq bölünür; - əmlakın 12,8 kvadrat metr, 4,0 kvadrat metr və 17,4 kvadrat metr olan 3 otağı 2-ci tərəf X4 mülkiyyətinə, həmin tikilinin qalan hissəsi 1-ci tərəf X1 mülkiyyətinə, 1 otaqlı 12,4 kvadrat metr ümumi sahəsi, 7,8 kvadrat metr yaşayış sahəsi, 4,6 kvadrat metr yardımçı sahəsi olan fərdi yaşayış evi və yardımçı tikililər (sanitar qovşağı, darvaza, hasar və hamam) bütünlüklə 3-cü tərəf İddiaçı mülkiyyətinə verilir; - həmin bölgü şərtlərin müvafiq olaraq tərəflər biri-digərinə heç bir ödəniş aparmır, bu bölgü prinsiplərinə əsasən əmlak ümumi paylı ümumi paylı birgə mülkiyyət statusunu dəyişərək müstəqil mülkiyyət statusunu əldə edir; - həmin bölgü şərtlərinə müvafiq olaraq tərəflərin hər birinin böldüyü mənzilə müvafiq texniki pasport tərtib edilir; - daşınmaz əmlakda bölgü aparılması haqqında tərəflərin bağladıqları bu Saziş, notariat qaydasında təsdiq edildikdən sonra müvafiq qeydiyyat aparılması və bölgü üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların rəsmiləşdirilməsi üçün dövlət qeydiyyatı orqanına təqdim edilir. Mülki iş materiallarında olan satıcı X5 və alıcı Cavabdeh arasında bağlanılmış AN-İ seriyalı , ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqı Müqavilə”nin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən “A” tikiliş – 5 otaqlı ümumi sahəsi 84,6 kv/m, yaşayış sahəsi 64,4 kv/m, yardımçı sahəsi 20,2 kv/m və “B” tikilisi – 1 otaqlı ümumi sahəsi 12,4 kv/m, yaşayış sahəsi 7,8 kv/m, yardımçı sahəsi 4,6 kv/m olan fərdi yaşayış evinin ona məxsus hissəsindən, yəni “A” tikilisindən 50,4 kv/m və 2 otağı alıcının mülkiyyətinə verir, alıcı isə əmlakın qiymətini, yəni 25000 manatı satıcıya ödəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.12.2021-ci il tarixli 10/3704 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində “B” tikilisinə bitişik əlavə tikililər inşa edildiyi və həmin tikililərin faktiki olaraq İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Əlavə tikililərin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələbləinə riayət edilmədiyi müəyyən olunur. Tədqiq olunan ünvanda iddiaçı və cavabdehin istifadəsində olan yaşayış evlərinin planlı yerləşməsini, o cümlədən, hər iki evin ayrı-ayrılıqda yaşayış və yardımçı otaqlara malik olduğunu, faktiki olaraq bir-birindən təcrid vəziyyətdə yerləşdiyini, yaşayış evlərinə ayrıayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, həmin evlərin (əlavə tikililər nəzərə alınmaqla) tərəflərin paylarına mütənasib olaraq, həmçinin mülki iş materiallarında olan 30.04.2014-cü il tarixli Ümumi paylı mülkiyyətdə əmlak bölgüsü haqqında sazişə əsasən tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün hər iki tərəfin faktiki yaşadıqları evləri onların istifadəsində saxlanıla bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak, faktiki olaraq, mülkiyyətçilər arasında naturada bölündüyünə görə mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünərək iddiaçının payının ayrılmasına dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətin də Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar