Məhkəmə qərarları › İş №2(011)-1168/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1168/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1168/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan 47,71 kv/m olan mənzili 07 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Alqı-satqı 6 saylı ASAN xidmət mərkəzində rəsmiləşdirilmişdir. Cavabdeh evin dəyərindən 500 manat saxlayaraq bildirmişdir ki, evdən qeydiyyatdan çıxdıqdan sonra həmin məbləği ona verəcəkdir. İddiaçı, hətta evdə qeydiyyatda olan digər şəxslər də evdən qeydiyyatdan çıxmağına baxmayaraq, cavabdeh 500 manatı ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlanılsa da, o, hər dəfəsində bir bəhanə gətirərək 500 manat məbləğində olan pulu verməkdən yayınmışdır. Bu barədə “Whatsap”da yazışmaları da mövcuddur. Daha sonra isə Cavabdeh 500 manat yox 100 manat verə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh onun yoldaşı ilə danışıqları davam etdirməyi bildirmişdir. İddiaçı sonradan özünü onun yoldaşı kimi təqdim edən şəxslə də dəfələrlə danışıqlar aparsa da, yekunda 500 manatı verməyəcəklərini bildirmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 500 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, onun və ailə üzvlərinin hər biri cavabdehə məxsus mənzilin qeydiyyatından çıxsalar da, cavabdeh ona qalan 500 manat pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək, iddiaçıya heç bir borcun olmadığını bildirmişlər. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı ilə əvvəlcə razılaşmışlar ki, ev satıldıqdan sonra iddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxarsa qalan 500 manat pul vəsaiti iddiaçıya ödəniləcəkdir. Lakin iddiaçının ailə üzvlərindən biri olan uşaq xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Bu məsələyə görə cavabdehin əsəbləri korlanmış, stress keçirmişdir. Ona görə də 500 manat pul vəsaitini iddiaçıya qaytarmamışdır. Məhkəmə tərəflərin, çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 07 yanvar 2023-cü il tarixli Daşıınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən müəyyən edilir ki, satıcı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.41 kv/m olan mənzili 90000 manat məbləğinə alıcının mülkiyyətinə vermişdir. Eyni zamanda həmin müqavilədən görünür ki, satıcı xx.xx.2023-cü il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə 500 manat pulun qaytarılması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. (maddə 646.2.) Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Beləliklə, mülki işin materialları və tərəflərin izahatları ilə təsdiq edilir ki, iddiaçı ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.41 kv/m olan mənzili 07 yanvar 2023-cü il tarixdə 90000 manat məbləğinə cavabdehə satmışdır, cavabdeh tərəfindən həmin məbləğdən 500 manat hələ də ödənilməmişdir. Cavabdeh tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxdıqdan sonra cavabdehin yerdə qalan 500 manatı iddiaçıya qaytarmağı öhdəsinə götürdüyünü bildirsə də, qeyd edilmiş müqavilədə belə bir şərtin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyinin tam icra edilməməsi sübut edildiyi üçün Cavabdeh 500 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar