Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1179/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 182 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 182 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair 16.09.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ 30.09.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, Mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır və hal-hazırda da onun mülkiyyətindədir. Mənzili alqı-satqı müqaviləsi əsasında cavabdehdən almışdır. Cavabdeh müqavilə bağlanan zaman 3 ay müddətində qeydiyyatdan çıxmağı üzərinə götürsə də, hazırda bu öhdəliyi yerinə yetirmir. Cavabdehin qeydiyyatdan qalması onun hüquqlarını pozur. Ona görə də, məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onun həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında Mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla onun Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh həmin Mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh 15.12.2017-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə mülkiyyət hüququ yarandığı andan Cavabdeh mənzilə dair mülkiyyət hüququnu itirmişdir. Bu halda onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin152.5-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 182 saylı mənzilinə dair Cavabdeh istifadə hüququ itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1179/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1179/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver