Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-118/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək iddiaçının "xxxx" MMC-də süzmə sexinə “sex rəisi” vəzifəsinə işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 may 2021-ci il tarixdə "xxxx" MMC-yə süzmə sexinə “sex rəisi” vəzifəsinə işə dəvət olunmuşdur, oraya gedib rəhbərliklə görüşdükdə ona 1.500 manat əmək haqqına işləməsi təklif edilmiş, iddiaçı da razı olmuş və həmin tarixdən işə qəbul olunmuşdur. Bir müddət işlədikdən sonra noyabr ayının sonlarına yaxın iddiaçıya MMC-nin kadrlarından zəng edərək dekabr ayından işə çıxmaması, onun yerinə başqa adamı götürdükləri bildirilmişdir. İddiaçı onlardan səbəbini soruşduqda ona rəhbərliyin sexə öz adamını qoymaq istəməsini, onun tapşırığının olmasını bildirmişlər. İddiaçının işdən azad edilməsi ilə bağlı əmr qanunsuzdur. O, əmək qanunvericiliyinin pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş və müfəttişliyin ona ünvanladığı 11 mart 2022-ci il tarixli məktubda bildirilmişdir ki, onların cavabdeh "xxxx" MMC-yə etdikləri sorğuya təqdim edilən cavabda iddiaçının ərizə yazaraq öz xahişi ilə işdən çıxması qeyd edilmişdir. Lakin bu yalandır, belə ki, iddiaçı işdən çıxmaqla bağlı hər hansı ərizə yazmamışdır. Əgər belə bir ərizə varsa, həmin ərizədəki imza işəgötürən tərəfindən saxtalaşdırılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında 10 may 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdə cavabdeh "xxxx" MMC şirkətində “süzmə sexi rəisi” vəzifəsinə təyin edilmişdir. 01 dekabr 2021-ci il tarixdə 119 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. İddiaçı belə bir ərizə ilə müraciət etmədiyini və cavabdeh tərəfindən təqdim edilmiş ərizənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli halın araşdırılması üçün ekspertiza təyin edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172.1-ci maddəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iş materiallarında olan 01 dekabr 2021-ci il tarixli tutduğu süzmə sexi rəisi vəzifəsindən azad edilməsi ilə bağlı ərizə barədə məlumatı olmadığını bildirmiş, ərizədə icra edilmiş imzanı mübahisələndirmişdir. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Qurfan oğlunun adından olan "xxxx" MMC-nin baş direktoru X1 ünvanlanmış 1 dekabr 2021-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza-İddiaçı Qurfan oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğun göstərilmişdir. Məhkəmə ekspert rəyini sübut qismində qəbul edərək, iddiaçının işdən azad edilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmrə münasibətdə qeyd edir ki, əmr qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Belə olan halda 01 dekabr 2021-ci il tarixli əmr qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh şirkət iddiaçının xəbəri olmadan onun adından qanunsuz olaraq işdən azad edilməsini xahiş etməsi ilə bağlı ərizə tərtib etmiş, həmin ərizə əsasında AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının işdən çıxma ilə bağlı hər hansı müraciəti olmadığı halda belə bir saxta ərizə əsasında onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı "xxxx" MMC-də tutduğu süzmə sexi rəisi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 10 may 2021-ci il tarixdən cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmişdir. 01 dekabr 2021-ci il tarixdə o, qanunsuz olaraq işdən azad edilmişdir. Əmək müqaviləsinə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr ləğv edildiyindən, iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı hesablanıb cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmr ləğv olunmalı, İddiaçı cavabdeh "xxxx" MMC-də tutduğu süzmə sexi rəisi vəzifəsinə bərpa olunmalı, cavabdeh tərəfindən məcburi işburaxmaya görə əmək haqqı hesablanıb iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmr ləğv olunsun, İddiaçı cavabdeh "xxxx" MMC-də tutduğu süzmə sexi rəisi vəzifəsinə bərpa edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən məcburi işburaxmaya görə əmək haqqı hesablanıb İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-118/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-118/2023
06.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver