Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1180/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat borcun və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Abdulla Zeynalov 2019-cu ildə öz fəhləsi və sürücüsü ilə birlikdə Neftçilər bazarında yerləşən tikinti mallar dükanının satıcısı Cavabdeh adlı şəxsə divar boyayan böyük onluq ölçüsündə olan 800 ədəd boya fırçasını şotkasının bir ədədinin qiyməti 2 manat olmaqla nisyə vermişdir. İddiaçının atası malları fəhləsi ilə birlikdə sayaraq 800 ədəd boya fırçasını Elvinə təhvil vermişdir. Cavabdeh materialın dəyəri olan 1600 manat nağd pulun qısa müddətdə ödəyəcəyini bildirmişdir. İddiaçının atası Elvindən pulu almağa gedəndə o, pulu ödəməkdən boyun qaçırmaq üçün müxtəlif yalanlarla söz verərək pulu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X3 öz izahatında bilmişdir ki, o, Cavabdeh ilə birlikdə işləyir. Bazara bir şəxs mal aparıb-gətirmiş, həmin şəxs onların da mağazasına mal gətirmişdir. Cavabdeh həmin vaxt qonşu mağazada olmuşdur. Elvin gəldikdən sonra malın yararsız vəziyyətdə olduğunu görüb qəbul edə bilməyəcəyini bildirmişdir. Onlar maşın tutub malı yükləyib şəxsin özünə təhvil vermişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı 06 aprel 2019-cu ildə vəfat etmiş X1 vərəsəsidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi mərhum atası Abdulla Zeynalovun Cavabdeh 1600 manat məbləğində malı nisyə verməsinə, cavabdehin aldığı malların dəyərini bu günədək qaytarmamasına istinad etmiş, cavabdehdən mərhum atasından aldığı malların dəyəri olan 1600 manat pul vəsaitinin alınaraq mərhumun vərəsəsi kimi ona qaytarılmasını tələb etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən İddiaçı müraciəti əsasında toplanmış materiallarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nizami RPİ tərəfindən Cavabdeh 16 noyabr 2021-ci il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində verilmiş ifadəsində qeyd etmişdir ki, o, illərdir ki, ticarət mərkəzində tikinti materiallarının alğı-satqısı ilə məşğuldur. Abdulla Zeynalov bir neçə il əvvəl onun üçün ona 10-15 qutu süpürgə gətirmişdir. Onlar qiymətlə bağlı razılaşa bilməmişlər və o, həmin şəxsin mallarını avtomobilə yükləyib özünə təhvil vermişdir. Onun həmin şəxslərə heç bir borcu yoxdur. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə sübut qismində ərizə təqdim etmiş, ərizənin Cavabdeh tərəfindən yazıldığını bildirmişdir. X2 800 ədəd boya fırçasını qəbul etdiyi və 1600 manat borcunun olduğu qeyd edilmiş, imza çəkilmişdir. Cavabdeh isə öz izahatında həmin ərizənin onun tərəfindən yazılmadığını və oradakı imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə təqdim edilmiş sübuta münasibətdə qeyd edir ki, məhkəməyə istinad edilən əlyazmanın əsli təqdim edilməmişdir. Təqdim edilmiş əlyazma kserosurət olmaqla diyircəkli qələmlə yazıların üzərindən keçilmişdir. Belə olan halda məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini mümkünsüz hesab etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin onun vəfat etmiş atası qarşısında 1600 manat məbləğində pul öhdəliyinin olması barədə mötəbər sübut (hesab faktura) təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbləri rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh 1600 manat borcun və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1180/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1180/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver