Məhkəmə qərarları › İş №2(011)-1182/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1182/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1182/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.605 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Nəticədə cavabdehin 1.605 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər hansı çətinlik yaratmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, 1.605 ABŞ dolları əsas borcun, 321 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirdi və işə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə Bakı-Tbilisi istiqaməti üzrə, xx xxxxxx 2016-cı il tarixdə Tbilisi-Bakı istiqaməti üzrə, xx xxxxxx 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə, xx xxxxxx 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə aviabiletlər təmin edilmiş, göstərilən xidmətlərin ümumi dəyəri 1.605 ABŞ dolları təşkil etmişdir. Cavabdeh həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini hal-hazıradək ödəməmişdir. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qeyd olunan sifariş üzrə xidmətin göstərildiyi mübahisə doğurmur, buna baxmayaraq cavabdeh tərəf həmin xidmətin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi elektron aviabiletlərin təqdim olunması üzrə xidmətin dəyəri olan 1.605 ABŞ dolları hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 862.2-ci maddəsinə əsasən, turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Həmin Məcəllənin 862.3-cü maddəsinə əsasən, turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2007-ci il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşınmalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi” Qaydasının 2-ci hissəsinə görə, adi bilet (sərnişin bileti və baqaj qəbzi)-vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet-daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, cavabdehin öhdəliyinin icrası müddəti dəqiq müəyyən edilməmiş, iddiaçının xəbərdarlıq məktubu isə cavabdehə yalnız 2020-ci ildə təqdim edilmiş, elə həmin ildə də tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. Azərbaycan Respublikasının 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək belə hesab edir ki, ərizə əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərəfindən tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilmişdir. Mülki Məcəllənin 371.-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddətinin axımı qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh dəfələrlə iddiaçı vasitəsi ilə aviabiletlər əldə etmiş və səfərlərə getmişdir. Ancaq sonuncu iki səfəri üzrə aldığı biletlərin dəyərini ödəməmişdir. İddiaçı 2017-ci ilin yanvarında satdığı biletlərin dəyərini ala bilmədiyinə görə cavabdehə yeni biletlərin satılmasından imtina etmiş və cavabdehdən dəyəri ödənilməyən biletlərin pulunu tələb etmişdir. Odur ki, iddia müddətinin axımı məhz 2017-ci ildən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-836/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-5580/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-836/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır) məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.605 ABŞ dolları pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən Cavabdeh 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.605 (bir min altı yüz beş) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar