Məhkəmə qərarları › İş №2(011)-119/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-119/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-119/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – Cavabdeh 641124 manat pul və həmin pulun ödənilməməsinə görə illik 5 faiz məbləğində olan pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərancamına əsasən "xxxx" MTK-nə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında hündürmərtəbəli binaların tikintisi səlahiyyəti verilmişdir. Qeyd olunan sərəncama əsasən "xxxx" MTK qeyd olunan ünvanda iki ədəd A1 və A2 saylı blokdan ibarət hündürmərtəbəli bina və həmin binaların arasında 4 mərtəbəldi qeyri-yaşayış sahəsi tikmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərancamına əsasən, "xxxx" MTK-na ayrılmış torpaq sahəsinin tikilməmiş hissəsi İddiaçı MMC-nə ayrılmışdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi təqdim edilmiş Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, cavabdeh "xxxx" MTK tərəfindən tikiləcək binaların tikintisi zamanı tikinti işlərinin görülməsinə görə ******* manat məbləğində ödənişi "xxxx" MTK-nə ödəyəcək və əvəzində də "xxxx" MTK müqavilədə qeyd olunan A1 blokunun 1-ci mərtəbəsindən 361 kv.metr, A1 blokunun 2-ci mərtəbəsindən 310 kv.metr qeyri-yaşayış sahələri və A1 blokunun 12-ci mərtəbəsindən 598 kv.metr yaşayış sahələri ona veriləcəkdir. Sonradan həmin müqaviləyə dəyişiklik edilmiş və yenidən eyni tərəflər arasında xx.xx.2012-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək sahələr dəyişdirilərək, cavabdehə təhvil veriləcək sahələr kimi, A1 blokunun 1-ci mərtəbəsindən 195 kv.metr, A1 blokunun 2-ci mərtəbəsindən 369 kv.metr, A1 blokunun 2-ci mərtəbəsindən 556 kv.metr və A1 blokunun 4-cü mərtəbəsindən 556 kv.metr kimi qeyd olunmuşdur. Həmçinin müqavilənin 1.1.3-cü bəndinin sonunda qeyd olunmuşdur ki, əvvəlki müqavilədə qeyd olunan sahələrdən əlavə olaraq verilmiş qeyri-yaşayış sahələrinin qiyməti hər kv.metr üçün 1300 manat təşkil edəcəkdir. Belə ki, cavabdehə qeyd olunan sonuncu müqavilə üzrə 1005 kv.metr qeyri yaşayış sahəsi tikilib təhvil verilmişdir. Bunun da dəyəri ümumilikdə ******* manat təşkil edir. Belə ki, qeyd olunan müqavilə üzrə cavabdeh bir qism işlərin görülməsi üçün ödənişlər etmiş, lakin sonradan vəd olunan pulu "xxxx" MTK-na ödəməkdən yayınmışdır. Lakin "xxxx" MTK öz hesabına tikinti işlərini tam bitirmişdir. Həmçinin öz növbəsində "xxxx" MTK-nın problemləri ortaya çıxmışdır. İddia ərizəsinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(101)-78/2020 saylı, xx.xx.2020-ci tarixli hökmündən çıxarışdan da məlum olur ki, "xxxx" MTK-nın direktoru Hikmət Yigitdöl tərəfindən qeyd olunan, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən A1 bloku kimi adlanan hündürmərtəbəli binadan və həmin binanın yanında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasında olan sahələri ayrı-ayrı vətandaşlara təkrar satmış və nəticədə onlara küllü miqdarda ziyan vurmuşdur. Buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində cinayət iş başlanılmışdır. Həmin ərəfədə İddiaçı MMC ilə "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl arasında xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini İddiaçı MMC hal-hazırda tikilməkdə olan 1 bloklu binada mənzil verməklə qarşılayacağını üzərinə öhdəlik kimi götürmüşdür. Həmçinin "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl də qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarət olmuşdur ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən A1 bloku və A1 bloku ilə A2 bloku arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binası üzrə hüquqlar İddiaçı MMC-nə keçmişdir. Həmçinin "xxxx" MTK-nın bütün debitor və kreditor borcları da İddiaçı MMC-nə aid olmuşdur. İddiaçı MMC olaraq, iddiaçı yuxarıda göstərilən "xxxx" MTK ilə aralarında imzalanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. Belə ki, bütün zərərçəkmişlərə dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində olan cinayət iş üzrə yekun ittiham aktı tərtib olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(101)-78/2020 saylı, xx.xx.2020-ci tarixli hökmü ilə "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində həbslə bağlı olmayan şərti cəza təyin edilmişdir. Həmin hökmlə həmçinin iş üzrə zərərçəkmiş şəxslərə, İddiaçı MMC tərəfindən tikilən 1 bloklu binada mənzillərin verilməsi qeyd olunmuşdur. Həmçinin qeyd olunan cinayət işi üzrə cavabdeh də zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl yuxarıda qeyd olunan cavabdeh ilə öz aralarında olan xx.xx.2012-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə cavabdehə verilmiş qeyri-yaşayış sahələrini başqa bir şəxsə təkrar olaraq satmışdır. Ona görə də, qeyd olunan hökmdə İddiaçı MMC-nin üzərinə öhdəlik olaraq qoyulmuşdur ki, Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş qeyri-yaşayış sahələri ona təhvil versin. Hal-hazırda həmin hökm qanuni qüvvəsini almamış və digər zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, cinayət işi şikayət verilmiş həddə araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bu yaxınlarda "xxxx" MTK tərəfindən Cavabdeh qarşı, "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, "xxxx" MTK-nə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK tərəfindən verilmiş iddia ərizəsi rədd edilmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının, yəni "xxxx" MTK-nın tələbi üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınmasını tələb etməkdə subyektiv hüququ yoxdur. Məhkəmə, qənaətini onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə İddiaçı MMC arasında olan xx.xx.2018-ci il tarixli müqavilə ilə "xxxx" MTK-nın hüquq, vəzifə və öhdəlikləri İddiaçı MMC-nə keçmişdir. Həmçinin qeyd olunan mülki iş araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh onunla "xxxx" MTK arasında olan xx.xx.2012-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə üzərinə düşən öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, cavabdeh ona verilən sahələrin əvəzi olaraq, "xxxx" MTK-na tikinti işlərinin görülməsinə görə ******* manat məbləğində ödənişi etməyi üzərinə öhdəlik olaraq götürsə də, bunu tam olaraq etməmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, “iş materiallarında olan smetalardan və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasından imzalanmış xx.xx.2012-ci il tarixli birgə fəaliyyət haqqında mqaviləyə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 36 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının başa çatması üçün 665376 manat ödəniş etmişdir.” Göstərilənlərə əsasən, İddiaçı MMC ilə "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl arasında xx.xx.2018-ci il tarixli müqaviləyə və qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinnin 2(011)-3841/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş halları əsas gətirərək, hesab edir ki, Cavabdeh 641124 manat pul və həmin pulun ödənilməməsinə görə illik 5 faiz məbləğində olan pul, tutularaq, İddiaçı MMC-nə ödənilməlidir. İddiaçı MMC sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh 641124 manat pulun və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün illik 5 faiz olmaqla 320562 manat pulun, ümumilikdə 961686 manat pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını və məhkəmə iclasında iştirak etmiş şəxslərin fikirlərini araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 ilə "xxxx" MTK-nin sədri Yiğitdöl Hikmət arasında bağlanmış xx.xx.2012-ci il tarixli sazişdən görünür ki, Cavabdeh Bakı şəhəri, Xocalı prospekti 36 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisinin başa çatması üçün ******* manat məbləğində işlər görməyi, "xxxx" MTK isə həmin binada cəmi 195 kv.metr, 369 kv.metr, 556 kv.metr, 556 kv.metrdən ibarət qeyri-yaşayış sahələrini Cavabdeh mülkiyyətinə verməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı "xxxx" MTK-ya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, "xxxx" MTK-ya təhvil verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2939/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1496/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X3 cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti-32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MTK tərəfindən müqavilə öhdəliklərinin dəyişdirilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1496/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2294/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş yaşayış binasının A1 girişinin 4-cü mərtəbəsində yerləşən sahəsi 82,7 m2 olan 8 saylı mənzilin, həmin binanın A1 girişinin 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 m2 olan 21 saylı mənzilin, həmin binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 150 m2 olan 14 saylı mağazanın, həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 600 m2 olan 30, 31 və 43 saylı mağazaların X1 təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nin direktoru Hikmət Yiğitdöl ilə Rəhimi Maarif tərəfindən tərtib edilən xx.xx.2013-cü il tarixli aktdan görünür ki, "xxxx" MTK ilə Cavabdeh adından X9 arasında “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış və yaşayış sahələri MTK tərəfindən tikilərək Cavabdeh təhvil verilməli idi. Sonradan müqaviləyə əlavə dəyişikliklər barədə xx.xx.2012-ci il tarixdə tərəflər arasında saziş bağlanmışdır. Sazişin tələbinə uyğun olaraq Cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli binanın tikintisinin başa çatdırılması üçün ******* manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulan işlərin görülməsi Maarif Rəhimiyə həvalə edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, Maarif Rəhimi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən hündürmərtəbəli çoxmənzilli kooperativ yaşayış binasında sazişdə göstərilən məbləğdə tam və qüsursuz tikinti işləri yerinə yetirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yiğitdöl arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 2.6-cı maddəsinə əsasən, İddiaçı MMC öz üzərinə A2 blokunun vergi, kommunal (qaz, işıq, su, lift, kanalizasiya, su anbarı, transfarmator) və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri, o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla “X13” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditor borclarının icra olunmasını öhdəlik olaraq götürür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona CM-nin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 308.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzaları qismən toplamaq və əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti olaraq 1 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəzanın təyin edilməməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il müddətə sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanması... Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun ünvan 6ərtəbəsində, 16,50m uzunluğu, 15,50m eni, 3,20 metr hündürlüyü olan 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5x15,5=255-60=195) cəmi 195 kv.metr qeyriyaşayış sahəsi, A1 blokunun Xocalı prospekti boyu 2-ci mərtəbədə yerləşən 16,50m uzunluğu, 26m eni, 3 m hündürlüyü olan 60 kv.metr yardımçı sahələri çıxmaqla şərti ilə (16,5x26=429-60=369) cəmi 369 kv.metr qeyri-yaşayış sahəsi, A1 blokunun 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 556 kv.metr, tam mərtəbə hissəsinin, A1 blokunun 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 556 kv.metr, tam mərtəbə hissəsi "xxxx" MTK və xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmaqla yaranmış problemlərin həllini üzərinə götürmüş İddiaçı MMC tərəfindən həmin qeyri-yaşayış sahələri Cavabdeh sahibliyinə və istifadəsinə təhvil verilməsi və s. hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilmiş X2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, "xxxx" MTK ilə hazırkı iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli birgə fəaliyyət haqqında razılaşmaya əsasən, Cavabdeh "xxxx" MTK üçün Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında tikilməkdə olan binanın tikintisi üçün ******* manat dəyərində işlər görməli, "xxxx" MTK isə həmin binada cəmi 195 kv.metr, 369 kv.metr, 556 kv.metr, 556 kv.metrdən ibarət qeyri-yaşayış sahələrini Cavabdeh müəlkiyyətinə verməli idi. Müqavilənin icrası Maarif Rəhimiyə həvalə edilmişdir. "xxxx" MTK ilə Maarif Rəhimi arasında xx.xx.2013-cü il tarixdə tərtib edilmiş akta əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən hündürmərtəbəli çoxmənzilli yaşayış binasında xx.xx.2012-ci il tarixdə bağlanmış sazişdə göstərilən məbləğdə tam və qüsursuz tikinti işləri yerinə yetirilmişdir. "xxxx" MTK ilə İddiaçı MMC arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTKnın bütün debitor və kreditor borcları İddiaçı MMC-yə keçmişdir. Hazırda İddiaçı MMC Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli saziş üzrə öhdəliklərin qismən yerinə yetirilməsini əsas gətirərək, Cavabdeh 641124 manat pul vəsaitinin xeyrinə tutulmasını xahiş edir. Halbuki, iş materialları ilə qeyd edilən xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərin Cavabdeh tərəfindən icra edilməməsi müəyyən edilmir. Əksinə götürülmüş öhdəliklərin Cavabdeh tərəfindən onun etibarnamə əsasında nümayəndəsi X6 ilə "xxxx" MTK-nın nümayəndəsi Hikmət Yiğitdöl arasında xx.xx.2013-cü il tarixində tərtib edilmiş və imzalanmış aktda ******* manat məbləğində işlərin tam və qüsursuz yerinə yetirilməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia tələbləri həm 641124 manat borcun və həm də həmin borca hesablanmış 320562 manat faiz borcunun tələb edilməsi hissələrində əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi digər tərəfdən ona görə təmin edilməməlidir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, bağlanmış xx.xx.2012-ci il tarixli sazişdə sazişin icra müddəti barədə tərəflər razılığa gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmçinin xx.xx.2013-cü ildə tərtib edilmiş akta əsasən, saziş üzrə götürülmüş öhdəliklər yerinə yetirilmiş, həmçinin sazişdə qeyd edilmiş qeyri-sahələri cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilən Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçrilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixli saziş üzrə müddət müəyyən edilməsə də, həmin saziş üzrə icranın son müddəti "xxxx" MTK ilə cavabdehin nümayəndəsi Maarif Rəhiminin arasında tərtib edilmiş akta əsasən, xx.xx.2013-cü il tarixdə bitmişdir. Deməli, iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İşin materiallarından görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf ərizəyə münasibət bildirərək, göstərmişdir ki, qeyd edilən saziş üzrə öhdəliyin icra edilməməsi onlara yeni məlum olduğundan, iddia müddətinin axımının onlara məlum olan vaxtdan hesablanmaqla, iddia müddətinin ötürülməməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MTK-nın bütün debitor və kreditor borclarının İddiaçı MMC-nə keçməsi həmin borclar üzrə iddia müddətinin kəsilməsinə və iddia müddətinin hesablanma qaydasının dəyişməsinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MTK ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli saziş üzrə icra müddəti xx.xx.2013-cü il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Odur ki, hazırkı iddia iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı – Cavabdeh 641124 manat pulun və xx.xx.2012ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün illik 5 faiz olmaqla 320562 manat pulun, ümumilikdə 961686 manat pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar