Məhkəmə qərarları › İş №2(011)-12/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-12/2023

25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-12/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında saxlanılması və alimentin artırılması tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Minbaşı Caffar Adel oğlu, xx.xx.2009-cu il təvəllüdlü Minbaşı Cammel Adel oğlu və xx.xx.2014-cü il təvəllüdlü Minbaşı Ceysan Adel oğlu doğulmuşdur.

2. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1119/2017 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqların iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 409,80 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Hazırda uşaqlar cavabdeh ilə birlikdə xarici ölkədə yaşayırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı birgə nikahdan doğulan 3 azyaşlı uşaqlarının, cavabdehdən məcburi qaydada alınaraq uşaqların onun yanında qalmaqları müəyyən edilməklə, yəni cavabdedən alınaraq iddiaçıya verilmələri və onlar 18 yaşına çatana kimi onların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulan 3 azyaşlı uşaqlarının, cavabdehdən məcburi qaydada alınaraq uşaqların Azərbaycan Respublikasına qaytarılması, onların iddiaçıya verilmələri və onlar 18 yaşına çatana kimi onların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə alimentin miqdarının artırılaraq 175 manat məbləğində olmaqla alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə bildirmişdir ki, cavabdehlə aralarında olan nikah Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1119/2017 saylı 23 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən pozulub. Nikahın pozulmasına dair 31 may 2017-ci il tarixində tərtib edilmiş 287 saylı Şəhadətnamə var. Tərəfindən məhkəmə prosesi zamanı təqdim edilmiş həmin məhkəmə qətnaməsinə əsasən nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilməklə, onların saxlanmaları üçün hər uşağa görə 23 yanvar 2017ci il tarixidən başlayaraq 136,6 manat, yəni cəmi 409,8 manat məbləğində aliment ödənilməsi qət edilib. Ancaq aradan bir neçə zaman keçdikdən sonra cavabdeh onu aladadaraq azyaşlı uşaqlarıyla birlikdə müvəqqəti olaraq Ukrayna Respublikasına apardı və ondan orda uşaqlan və bütün sənədlərini alaraq onu qovmuşdur. Bu hərəkətləri ilə cavabdeh uşaqlarının Azərbaycan Respublikasına bağlılığını pozmuşdur. Uşaqlar Azərbaycan Respublikasının vətəndaşları olmaqla AR-da anadan olublar və burada da təhsil və müalicə alıblar. Cavabdeh azyaşlı uşaqların vətəninə qayıtmalarına imkan vermir və onlan ondan gizlədir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin iddiaçının qardaşına bildirdiyinə görə hazırda cavabdeh uşaqlarla birlikdə Litvadadırlar.

9. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını dinləyərək, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1119/2017 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, nikah pozulduqdan sonra uşaqların analarının yanında saxlanılması qət edilmişdir.

21. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, sonradan iddiaçı və cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə Ukrayna Respublikasına getmişlər, cavabdeh isə iddiaçını qovaraq uşaqları iddiaçıya verməmiş və hazırda da uşaqlar cavabdehlə birlikdə yaşayırlar.

22. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin daha üstün olması araşdırılmalıdır.

23. Qanunvericilikdə valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin iki qaydası nəzrədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə tərəfindən. Bu qayda uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaş-bacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyi əsasında uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir.

24. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların kiçik yaşlarında olmalarını, yetkinlik yaşına çatmayan uşaqların analarının yanında saxlanılmasına maneə ola biləcək halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların iddiaçının yanında saxlanılması daha məqsədəuyğundur.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar anasının himayəsinə verilməlidirlər.

27. Məhkəmə, həmçinin hesab edir ki, iddia alimentin məbləğinin artırılması hissəsində də təmin edilməlidir.

28. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.

29. Məhkəmə iddiaçının göstərdiyi dəlillə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 15).

30. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Eyni zamanda, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması müəyyən edilmişdir.

31. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2017-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmışdır.

32. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.

33. Şərh edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Odur ki, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

35. Alimentin tutulma müddəti uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verildiyi gündən başlanılaraq hesablanmalıdır.

36. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 1382,40 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 33,83 manat olduğu müəyyən edilir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü Minbaşı Caffar Adel oğlu, xx.xx.2009-cu il təvəllüdlü Minbaşı Cammel Adel oğlu və xx.xx.2014-cü il təvəllüdlü Minbaşı Ceysan Adel oğlu Cavabdeh alınıb Azərbaycan Respublikasına qaytarılaraq anaları İddiaçı himayəsinə verilsinlər. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1119/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü Minbaşı Caffar Adel oğlu, xx.xx.2009-cu il təvəllüdlü Minbaşı Cammel Adel oğlu və xx.xx.2014-cü il təvəllüdlü Minbaşı Ceysan Adel oğlu İddiaçı himayəsinə verildiyi gündən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü Minbaşı Caffar Adel oğlu, xx.xx.2009-cu il təvəllüdlü Minbaşı Cammel Adel oğlu və xx.xx.2014-cü il təvəllüdlü Minbaşı Ceysan Adel oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar