Məhkəmə qərarları › İş №2(011)-1207/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1207/2021

18.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1207/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işəbərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 09.07.2020ci il tarixdə 52/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2009-cu il tarixdən Azerenerji ASC-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsi MMC-yə 7-ci dərəcəli qarovul rəisinin köməkçisi vəzifəsinə qəbul olmuşdur, daha sonra hissə rəisinin müavini və sonda 6 saylı mühafizə bölməsinin qrup rəisi vəzifəsinə təyin olunnmuşdur, lakin cavabdeh 09.07.2020-ci il tarixli 52/k saylı əmri ilə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, bu əmr qanunvericiliyə uyğun verilməmişdir, bu səbəbdən də qanunsuz və əsassız hesab edilməlidir, o, müəssisəyə müraciət edəndən sonra işdən azad olunmağı barədə məlumat almış, əmrdən çıxarış, əmək kitabçası ona poçt vasitəsi ilə 12.11.2020-ci il tarixdə göndərilmişdir, o, həmin müəssisədə 03.08.2009-cu ildən çalışmışdır və bu müddət ərzində ona heç bir intizam tənbeh və barəsində digər hər hansı cəza tədbiri görülməmişdir, daha sonra ona heç bir xəbərdarlıq olunmadan 09.07.2020-ci il tarixdə 52/k saylı əmrlə işdən azad edilmişdir, guya onun işlədiyi ştat ləğv olunduğu üçün işdən azad edildiyi bildirilmişdir, ona 07.05.2020-ci tarixdə rəis əvəzi vəzifəsi təklif olunmuş və o, bildirişi imzalamamışdır, amma bu yalandır, çünki o, həmin vaxt Bakıda olmamış, Bakida olmağı üçün ona ya ezamiyyə vərəqi, ya da telefonaqram verilməlidir, 2020-ci ilin lyul ayında Həmkarlar ittifaqı 7 adamın iştirakı ilə iclası keçirildiyi bildirilmişdir, pandemiya zamanı belə iclas keçirilməsi şübhəlidir, rəhbərlikdən hansı əsasla və hansı maddəylə işdən azad olunduğunu soruşsa da bu barədə heç bir məlumat verilməmişdir, bir müddət sonra bu barədə məlumat almış və buna əsasən də məhkəməyə müraciət etmişdir, işdən çıxan gün bununla bağlı mübahisə olmuş, həmin gün səhər tezdən işdən çıxması ona bildirilmiş, o, isə belə niyyətinin olmadığını bildirdikdən sonra mübahisə yaranmışdır, cavabdeh qərəzli şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi və vəkili C.B.Alıyev iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı 03.08.2019-cu il tarixdən cavabdeh MMC-nin 2 saylı mühafizə hissəsinə qarovul rəisinin köməkçisi vəzifəsinə 03.08.2019-cu il tarixli, 232/k saylı əmrlə işə qəbul edilmiş, 08.08.2014-cü il tarixdən 356/k saylı əmrlə hissə rəisinin müavini, 03.09.2015-ci il tarixdən hissə rəisi (əmr 03.09.2015 N2 274/k), 08.12.2017-ci il tarixdən 152/k saylı əmrlə 6 saylı mühafizə bölməsinin rəisi və 12.02.2019-cu il tarixdən 25/k saylı əmrlə 7 saylı mühafizə qrupunun rəisi vəzifəsinə təyin olunmuşdur, işlədiyi müddətdə barəsində 3 dəfə töhmət və 1 dəfə sonuncu xəbərdarlıqla töhmət növündə intizam tənbehləri tətbiq edilmişdir, cavabdeh MMC-nin "xxxx" MMC-nin strukturu" barədə 02.03.2020-ci il tarixli 16/k saylı əmri ilə "xxxx" ASC-nin Prezidenti tərəfindən 08.02.2020-ci il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin təşkilati strukturu"na əsasən və "xxxx" MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında" "xxxx" ASC-nin Prezidentinin 10.02.2020-ci il tarixli DƏ/42 saylı əmrinin icrasını təmin etmək məqsədilə yeni ştat cədvəli hazırlanmış və həmin cədvəldə edilmiş dəyişikliklər nəzərə alınmaqla MMC-nin tabeliyindəki bütün hissə, bölmə və qruplar ləğv olunaraq, əvəzində yeni struktura uyğun olaraq 9 ədəd Regional mühafizə xidmətləri və ləğv edilmiş qrup, bölmə və hissələrin rəisi ştatı əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır, qeyd edilən əmrin icrası ilə əlaqədar 07.05.2020-ci il tarixdə iddiaçıya işlədiyi "xxxx" MMC-ni mühafizə edən 7 saylı mühafizə qrupunun rəisi ştatı əvəzinə böyük atıcı ştatı yaradıldığına görə Şirvan regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur, lakin iddiaçı iş təklifini qəbul etməmiş və iş təklifi barədə bildirişi də imzalamaqdan imtina etmiş, göstərilənlər cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 07.05.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir, bundan sonra iddiaçıya təklif olunan işdən imtina etdiyinə görə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən 9 həftə xəbərdarlıq müddətinin verilməsi, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olunması, verilmiş müddət bitdikdən sonra orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət ödəniləcəyi və bu müddətin əvəzinə öz razılığı ilə orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik ödənişin də verilə biləcəyi barədə 07.05.2020-ci il tarixli yazılı xəbərdarlıq təqdim olunmuşdur, ancaq İddiaçı xəbərdarlıqla tanış olsa da, onu götürməkdən və- imzalamaqdan imtina etmiş, göstərilənlər cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 07.05.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir, belə olan təqdirdə cavabdeh MMC-nin direktoru tərəfindən müəssisənin Həmkarlar ittifaqı Komitəsinə 01.07.2020-ci il tarixli 01/16/2/293 saylı məktubla müraciət olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur, HİK-in 06.07.2020-ci il tarixli 26 saylı protokoluna əsasən həmin məsələyə baxılaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir, əmək qanunvericiliyinə uyğun olaraq müvafiq iş təklifindən imtina etdiyini və xəbərdarlıq müddətinin başa çatdığını nəzərə alaraq, cavabdeh MMC-nin 09.07.2020-ci il tarixli 52/k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci madəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmiş, ona işdənçıxma müavinəti və son haqq-hesabı ödənilmişdir, qeyd edilən faktiki hallarından da iddiaçının ştatın ixtisarı ilə əlaqədar işdən azad edilməsi zamani cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin qeyd edilən tələblərinə riayət edilmiş və hər hansı pozuntu halına yol verilməmiş olduğu görünür, həmçinin, hazırkı işdə İddiaçı Azərbaycan Respublıkası ƏM-in 78-ci və 79-cu maddələrinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər və ya əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aid olmamışdır. Sonda cavabdehin nümayəndəsi C.Alıyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərərək bildirdi ki, iddiaçını işlədiyi müəssisədən tanıyır, onu müəssisənin iclasında görmüşdür, müəssisənin rəhbərliyi və rəis heyəti iclasda iştirak etmişdir, iclası müəssisəsnin direktoru Vaqif müəllim aparmışdır, iclas müəssisənin inzibati binasında keçirilmişdir, iclasda Vaqif müəllim tərəfindən onlara bəzi ştatların ləğv olunduğu bildirilmiş və əmrə əsasən yeni iş təklif ediləcəyi bildirilmişdir, müvafiq əmrlər və bildirişlər orada onlara təqdim edilmiş, onlarla tanış olmuşlar, Vaqif müəllim vəziyyəti izah edərək hamıya baş atıcı vəzifəsinin təklif edildiyini bildirmişdir, arzu edən şəxslərin yeni ştata uyğun müvafiq vəzifəyə təyin ediləcəyi, razı olmayanlara isə 9 həftəlik xəbərdarlıq müddəti veriləcəyi bildirilmiş, bu barədə bildirişlər də onlara təqdim edilmişdir, həmin bildirişlər və sənədlər həmçinin İddiaçı də təqdim edilmişdir, bildirişi imzalandıqdan sonra onun bir nüsxəsi iclasın iştirakçılarında qalacağı bildirilmişdir, bu bildirişi oxuduqdan sonra Ceyhun həmin vəzifənin ona təklif olunmasını özünə təhqir kimi qarşılamış, bildirişi imzalamaqdan imtina etmiş və əsəbləşib iclas zalını tərk edərək çölə çıxmışdır, hətta onu dəhlizdə gördükdə bu barədə onunla müzakirə də aparmışdır. Məhkəmə iclasında X1 Ayaz Əliqulu oğlunun ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirdi ki, iclas iştirakçılarına müvafiq sənədlər, o cümlədən, əmr, xəbərdarlıq vərəqəsi və bildiriş təqdim edilmişdir, orda olanlar yeni iş təklifini qəbul etmələrini bildirmişlər, hal-hazırda həmin müəssisədə işləyirlər, iddiaçı ştatların ixtisarı və yeni iş təklifi barədə müvafiq sənədləri oxuduqda iclasda əsəbləşmiş və etiraz etmişdir, o, yeni iş təklifini qəbul etməmişdir, mübahisə edərək əsəbi şəkildə iclas zalını tərk etmişdir. İş materiallarında olan xxxxxxx0001X0 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC və İddiaçı arasında 03.08.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin 03.08.2009-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin 2 saylı hissəyə q/r köməkçisi təyin olunmuşdur. İş materiallarında olan Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC və İddiaçı arasında bağlanmış 1372 saylı 08.08.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 saylı mühafizə hissəsinin rəis müavini vəşifəsinə təyin edilməsi barədə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi müddətli olmaqla 08.11.2018-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 03.08.2009-cu il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-yə 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli qarovul rəisinin köməkçisi vəzifəsinə qəbul edilmiş, 08.08.2014-cü il tarixdə həmin mühafizə hissəsində hissə rəisinin müavini vəzifəsinə keçirilmiş, 03.09.2015-ci il tarixdə həmin mühafizə hissəsinə müvəqqəti hissə rəisi vəzifəsinə keçirilmiş, 08.12.2017ci il tarixdə 6 saylı mühafizə bölməsinə 9-cu dərəcəli müvəqqəti bölmə rəisi vəzifəsinə təyin edilmiş, 12.02.2019-cu il tarixdə 6 saylı mühafizə qrupu 7 saylı mühafizə qrupu adlandırılmış, 09.07.2020-ci il tarixdə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən işçi İddiaçı ünvanlandığı 07.05.2020-ci il tarixli bildiriş-təklifin surətindən görünür ki, "xxxx" MMC-ni mühafizə edən 7 saylı mühafizə qrupunun rəisi ştatı vəzifəsində çalışan İddiaçı onun vəzifəsinin ləğv olunduğu bildirilmiş və ona "xxxx" MMC-nin Şirvan regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. İş materiallarında olan 07.05.2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı "xxxx" MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, 7 saylı mühafizə qrupunun rəisi İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir, hər hansı bir sənədin imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imza etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən işçi İddiaçı ünvanlandığı 07.05.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 10 ildən çox olduğu üçün ona 9 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 2 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 07.05.2020 -ci il tarixli aktın surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıq təqdim edilmişdir, o, xəbərdarlıqla tanış olmuş, xəbərdarlığın surətini götürməkdən və xəbərdarlığa imza atmaqdan imtina etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri C.B.Abuşova ünvanlandığı 01.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsindən qrup rəisi İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələsinə münasibət bildirməkləri xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 06.07.2020-ci il tarixli iclasın 26 saylı protokolun surətindən görünür ki, komitə qrup rəisi vəzifəsində işləyən İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin 52/k saylı 09.07.2020-ci il tarixli vəzifə dəyişikliyi barədə əmrin surətindən görünür ki, "xxxx" MMC-nin 7 saylı mühafizə qrupunun rəisi vəzifəsində işləyən İddiaçı ilə 09.07.2020-ci il tarixdən Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı 2 misli miqdarında işdənçıxma müavinətin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xxxxxxx0001X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC-nin "xxxx" MMC və İddiaçı arasənda 03.08.2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 52/k saylı 09.07.2020-ci il tarixli əmrlə, Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 09.07.2020-cil tarixdə xitam verilmişdir. İş materiallarında olan 2020-ci il iyul ayı üçün hesablaşma vərəqindən görünür ki, oklada görə ödəmə, işdən çıxarkən ödənilməmiş məbləğ və 2 aylıq çıxış müavinətı olaraq 1173.2 manat hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı 10.02.2020-ci il tarixli əmrin surətindən görünür ki, "xxxx" MMC-də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə mexanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh təşkilatda qarovul rəisinin köməkçisi vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçı mühafizə qrupunun rəisi vəzifəsində işləmişdir, həmin ştat ləğv edilmiş, iddiaçının ştatı yeni ştat cədvəlində nəzətdə tutulmamışdır, ona cavabdeh tərəfindən müvafiq olan böyük atıcı vəzifəsi təklif edilmişdir, iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir, iddiaçının tutduğu vəzifənin ixtisar olunması səbəbi ilə ona 9 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq edilmişdir, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinə xitam verilməsinə razılığı olmuşdur, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, ona orta aylıq əmək haqqının 2 misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Bununla belə əmək müqaviləsinin ləğv olunmasını istisna edən, həmçinin cavabdehin qərəzli davranışına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı “əmək müqaviləsinə xitam verilərkən işəgötürənin qərəzli olması” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, işəgötürən ona qarşı qərəzli olmaqla onu işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının “işlədiyi ştatın ləğv edilməsi barədə müvafiq xəbərdarlığın edilməməsi, ona yeni iş təklif edilməməsi və əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddətinin verilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları, o cümlədən şahid ifadələri ilə, əmək müqaviləsinə xitam verilərkən iddiaçının lazımi qaydada xəbərdarlıq edildiyi, müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun iş təklif edilməsi barədə ona bildirişin cavabdeh tərəfindən təqdim edildiyi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir və buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı "xxxx" MMC-nin 09.07.2020-ci il tarixli 52/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma vaxtına görə 09.07.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar