Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-121/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehin hesabından onun xeyrinə əskik verilmiş sahə üçün 28800 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmış və cavabdeh ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin faktiki 89 kv.m. sahəsinə 25% əlavə etməklə, tam təmirli iki ədəd, hər biri 55 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə öz mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sonradan, 08 yanvar 2020-ci il tarixli müqavilə ilə xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilmiş, cavabdeh ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25% əlavə etməklə tam təmirli iki ədəd, hər biri 55 kv.m. mənzilin əvəzinə, təmirsiz, hər biri 55.0 kv.m. mənzillərin iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Mənzillər cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilmişdir (xx.xx.2021-ci il tarixli mənzil və mənzil açarlarının təhvil təslim aktı). İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onunla cavabdeh arasında 31.05 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ona məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və mülkiyyət hüququ ilə ona məxsus mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada onun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı mənzilin (faktiki 89 kv.m) sahəsinə 25% əlavə edilməklə tam təmirli iki ədəd 55.0 kv.m. mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sökülən ərazidə onun əri Taryel Hüseynovun da adına ümumi sahəsi 44 kv.m.olan 1 otaqlı mənzil olmuşdur və ona da 25% əlavə olmaqla bir ədəd 55 kv.m. mənzilin tam təmirli ona verilməsini üzərinə götürmüşdür. Mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ədəd hər biri 55 kv.m. olan mənzilləri bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün onlara verilməli olan üç ədəd mənzilin təmirindən imtina etmiş və ona verilən iki mənzilə bitişik olan 65.8 kv.m. olan mənzilin həyat yoldaşı Taryel Hüseynova verilməsini xahiş etmişlər. Bununla əlaqədar olaraq həyat yoldaşı cavabdehlə xx.xx.2020-ci il tarixdə YMD 054 saylı əlavə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən yeni mənzil (65.8 kv.m.-55kv.m.=10.8kv.m.x1200azn=12960azn) 10.8 kv.m.artıq sahə təşkil etmişdir. Onlar üç təmirli mənzilin təmir pulundan imtina etdikləri üçün 55.0 kv.m x 3 ədəd = 165 kv.m x 100 manat = 16500 manat təşkil etmişdir. Həmin məbləğdən yəni 16500 manat – 12960 manat =3540 manat cavabdeh tərəfindən qaytarılmışdır. Mənzil və mənzillərin açarlarının xx.xx.2021-ci il tarixdə təhvil təslim aktını imza edərək iddiaçı 5-ci mərtəbədə yerləşən 28, 29 və 30 saylı mənzillərin açarlarını qəbul etmişdir. Bundan sonra onlar təhvil götürdükləri mənzillərin sahəsini ölçmüş və məlum olmuşdur ki, 55 kv.m olan hər bir mənzil 43 kv.m-dir, 65.8 kv.m olan mənzil isə 53 kv.m-dir. Cavabdeh iddiaçıya 55 kv.m – 43 kv.m = 12 kv.m x 2= 24 kv.m sahə az veribdir. Yəni, hər mənzildən 12 kv.m sahə az vermişdir. Hər bir kv.m. sahəni ona 1200 manat satdığı üçün əskik verilən sahənin dəyəri 24 kv.m x 1200 manat = 28800 manat təşkil edir. Mənzillərin sahəsini artırmaq mümkün olmadığı üşün o əskik verilən sahənin dəyərini tələb edir. Onlar bu barədə cavabdehin sədri N.Ş.Quliyevə bildirdikdə o, bildirmişdir ki, bəli elə olmalıdır, çünki otaqlar çöldən çölə ölçülür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisi üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetrimiş, mülkiyyətində olan Mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzilləri təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı yazılı razılaşma şərtlərinə əsasən cavabdeh tərəfindən hər biri 55.0 kv.m sahədən ibarət 2 mənzili (iddia ərizəsində göstərilən 28 və 29 saylı mənzilləri) təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə mənzillər təhvil verilmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/5093 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, 18 saylı evin 28 saylı mənzilinin faktiki ümumi sahəsinin 41.50 kv.metr, azaltma əmsalı tətbiq edilmədən sahəsi 44.64 kv.m, 29 saylı mənzilinin faktiki ümumi sahəsi 48.55 kv.m, azaltma əmsalı tətbiq edilmədən 48.69 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı hər birinin ölçüsü 55 kv.m olan iki mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən 28 saylı mənzilin faktiki sahəsi 44.64 kv.m., 29 saylı mənzilin faktiki sahəsi isə 48.69 kv.metr təşkil edir. Məhkəmə heseb edir ki, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1.200 manat nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzillərin qiyməti göstərilməsə də, xx.xx.2020-ci il tarixdə cavabdehlə Nümayəndə (iddiaçının əri) arasında bağlanmış YMD 054 nömrəli müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, 28 saylı mənzilə görə əksik verilmiş 10.36 kv.metr (55.0 m2 – 44.64 m2 = 10.36 m2) sahə üzrə, 29 saylı mənzilə görə əksik verilmiş 6.31 kv.m (55.0 m2 – 48.69 m2 = 6.31 m2 ) sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (6.31 m2 + 10.36 m2 = 16.67 m2 x 1200 = 20 004 manat) cəmi 20 004 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 69%-i nisbətində təmn edilmişdir) tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 20 004 manat pul vəsaiti və 20,70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilsin. Dövlət rüsmunun 9,30 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 31 manat hissəsi İddiaçı, 69 manat hissəsi Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-121/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-121/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver