Məhkəmə qərarları › İş №2(011)-1211/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1211/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1211/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı mənzilə istifadə hüququnun xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, 149 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşma çatmamış uşaqları X3, X1, X4 onların şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, 149 saylı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətçisidir. Cavabdehlər qismində qeyd olunmuş şəxslərdən Cavabdeh2 iddiaçının keçmiş arvadı, Cavabdeh3 və Cavabdeh1 oğulları, Cavabdeh4 Cavabdeh3 arvadı, yəni iddiaçının gəlini, X8, X5 və X9 isə Cavabdeh3 uşaqları, yəni iddiaçının nəvələridir. Cavabdehlərdən Cavabdeh3 və onun azyaşlı uşaqları X8, X5 və X9 həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh4 isə həmin mənzildə qeydiyyatda deyil, lakin həmin mənzildə yaşayır. Cavabdeh2 və Cavabdeh1 isə həmin mənzildə yaşamır, sadəcə formal olaraq qeydiyyatdadırlar. Ona görə də Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməli, Cavabdeh3, Cavabdeh4 və onları yetkinlik yaşına çatmamış uşaqları X8, X5, X9 özlərinin şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzilindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X2 izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzil iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh2 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh3 və Cavabdeh1 iddiaçının övladları, Cavabdeh4 iddiaçının gəlini, X8, X5, X9 isə iddiaçının nəvələridir. İddiaçı ilə Cavabdeh2 arasında əmlak bölgüsü tələbi ilə bağlı mülki mübahisə barışıq sazişi ilə yekunlaşmış və mübahisəli mənzil iddiaçının mülkiyyətində saxlanılmışdır. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, mənzil 30 Cavabdeh3, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194,196,198,200,202, mənzil 3 isə Cavabdeh1 mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1990/2022 saylı qərardadla Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 51-də yerləşən 13 saylı mənzil Cavabdeh2 verilmişdir. Məhkəmə iddianın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, cavabdehin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 daimi yaşamaq üçün mübahisəli mənzildən köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia Cavabdeh2 və Cavabdeh1 münasibətdə əsaslı hesab edilərək, onların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzildən istifadə hüququna xitam verilməlidir Məhkəmə iddianın cavabdehlər Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmamış uşaqları X3, X1, X4 onların şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, 149 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 157.2-ci maddələrinə əsaəsn, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzilindən sərbəst şəkildə istifadə etmək, ona sahiblik etmək və mənzil barəsində sərəncam vermək hüququ var. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Mülkiyyət hüququnun bu cür məhdudlaşdırıması üçün əsaslardan biri də mülkiyyətçiyə məxsus olan yaşayış sahəsinə onun ailə üzvlərinin istifadə hüququnun olmasıdır. Odur ki, hazırkı mülki işin düzgün həll edilməsi üçün cavabdehlər Cavabdeh4 və yetkinlik yaşına çatmamış uşaqları X8, X5, X4 iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarının olub-olmadığını müəyyən etmək zəruridir. Azərbaycan Respublikası Mənzil Məcəllənin 30-cu maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İstinad edilən qanunvericilik normalarının müddəaları nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh4 və onların yetkinlik yaşına çatmamış uşaqları X8, X5, X9 iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmir. Odur ki, onların mübahisəli mənzildən istifadə hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hər bir vətəndaşın olduğu kimi, iddiaçının da dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Lakin, Cavabdeh3 qeyd edilən mənzildən istifadə hüququna xitam verildiyini, digər cavabdehlər Cavabdeh4 və yetkinlik yaşına çatmamış uşaqları X8, X5, X4 isə həmin mənzildən istifadə hüququnun ümumiyyətlə olmadığını nəzərə alsaq, onların iddiaçının iradəsinə zidd yaşamaqla, həmin mənzildən iddiaçı tərəfindən istifadə edilməsi üçün maneələrin yaradılması iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmamış uşaqları X8, X5, X9 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzildən məcburi qaydada çıxarılmalıdırlar, iddiaçı tərəfindən mənzildən istifadəyə maneələr aradan qaldırılmalı və bu cür maneələrin yaradılmasına yönəldilmiş qanunsuz hərəkətlərə qadağa qoyulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşma çatmamış uşaqları X8, X5, X9 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 76 saylı evin 149 nömrəli mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar