Məhkəmə qərarları › İş №2(011)-1221/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1221/2021

12.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1221/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, xx xxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddətinə görə əmək haqqının Cavabdeh MMC tərəfindən iddiaçının xeyrinə ödənilməsi və işə bərpa olunmasının Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə xx xxxx 2019-cu il tarixdə müddətli əmək müqaviləsinin bağlanması ilə əmək münasibətlərinə daxil olmuşdur və həmin vaxtdan etibarən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilən vaxtadək Cavabdeh MMC-də satıcı-nəzarətçi, kassir vəzifəsi üzrə çalışmışdır. İddiaçı əmək müqaviləsinin bağlandığı tarixdən, yəni xx xxxx 2019-cu ildən davamlı olaraq işinə məsuliyyətli yanaşmış və öz vəzifəsini lazımi qaydada icra etmişdir. İddiaçı son iş günü olaraq xx xxxx 2020-ci il tarixdə öz vəzifəsinin icrası ilə məşğul olmuş, lakin həmin gündən işə gəlməməsi barədə ona müəssisə tərəfindən təlimat verilmişdir. xx xxxx 2020-ci il tarixdə iddiaçı işlədiyi müəssisə tərəfindən əmək müqaviləsinin xitam olunacağına dair məlumat əldə etmişdir. Halbuki Cavabdeh MMC tərəfindən həmin günədək əmək müqaviləsinə xitam verilmə səbəbi iddiaçıya bildirilməmişdir. İddiaçının israrından sonra xx xxxx 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surəti cavabdeh tərəfindən iddiaçıya verilmişdir. İddiaçı yalnız bundan sonra əmək müqaviləsinə xitam verilmə əsasını öyrənmişdir. İddiaçı öz vəzifələrini daim icra etmiş və işinin öhdəsindən layiqincə gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O izahatında bildirdi ki, işdə sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə olmuşdur. İzahat yazmaqdan imtina etməmişdir. Onun şiddətli töhmətdən xəbəri yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməməsini xahiş etdi. O, izahatında iddiaçının xx xxxx 2020-ci il tarixdə şiddətli töhmət aldığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh müəssisə tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə pozulmuş öhdəliklərin onun təqsiri üzündən baş vermədiyini bildirsə də, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı ilə xx xxxx 2019cu il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq Cavabdeh MMC-yə satıcı-nəzarətçi, kassir vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi müddətdə davamlı olaraq müəssisənin davranış qaydaları və əmək funksiyaları üzrə təyin edilmiş vacib təlimatlarını və öhdəliklərini pozmuşdur. Cavabdeh MMC-nin direktoru X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə işçinin xx xxx 2020-ci il tarixdə qeyri-adekvat hərəkətlərə yol verərək müştərilərin olduğu ərazidə iş yoldaşı ilə sərt danışması səbəbindən İddiaçı sonuncu xəbərdarlıq edilmişdir. İddiaçıdan baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da o, izahat yazmaqdan imtina etmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx xxxx 2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanunauyğun olmuşdur. İddiaçı barəsində tərtib edilmiş intizam tənbehinə baxmayaraq əmək funksiyası üzrə öhdəliklərini və əmək vəzifələrini kobud şəkildə pozmuş və işəgötürən onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə istinad etməklə ləğv etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçı cavabdeh şirkət tərəfindən onun barəsində çıxarılmış xx xxxx 2020-ci il tarixli əmrdən elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmişdir. Bu fakt iddiaçı tərəfindən verilmiş iddia ərizəsində də qeyd edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə işdən azad olunduğunu bildiyi (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, xx xxxxxx 2020-ci il tarixdə, yəni 5 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı əmək müfəttişliyinə müraciət etdiyini və müddətin ötürülmədiyinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, İddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulduğundan, onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli əmrlə xitam verilmişdir. Eyni zamanda məhkəmə iddiaçının əmək müfəttişliyinə müraciət etməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçının müfəttişliyə müraciəti müddət axımına təsir edən amil kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçı əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı- əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, xx xxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddətinə görə əmək haqqının Cavabdeh MMC tərəfindən iddiaçının xeyrinə ödənilməsi və işə bərpa olunmasının Cavabdeh MMC-yə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar