Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1223/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Cavabdeh1 Mirağa qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 Mirağa qızına və qeyrisinə qarşı mənzildən çıxarılma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Mirağa qızının və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A saylı evin həyətyanı sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Vəsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evinin tam mülkiyyətçisidir. Sözügedən əmlak iddiaçının mülkiyyətinə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. Həmin torpaq sahəsi əvvəl mərhum qaynatası Əlimərdan Əliyevin sonra isə Eyvaz Əlimərdan oğlunun sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi imərbaycan Respublikası Dövlət Tarix Arxivindən verilmiş xx.xx.2005-ci il tarixli arayış ilə məlum olmuşdur ki, “Bakı qradonaçalnikliyi” fondunun 1914-cü ilə dair Əhmədli kəndinin sənədlərində X5 Əhmədli kəndində 15 desyatinə bərabər olan şumluq sahəsi 500 kv sajina bərabər olan həyətyanı sahəsi və 1 desyatininə. bərabər olan bağ sahəsi olmuşdur. Daha sonra yuxarıda qeyd olunana torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə iddiaçının mərhum ərinin istifadəsinə sahibliyinə və mülkiyyətinə keçmişdir. Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən İA yerləşən ev 1969-cu ildə inşa edilmiş, Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci il tarixdə Əliyev Əliheydər Əlimərdan oğlunun adına tərtib edilmiş texniki pasport əsasında evin həyətyanı sahəsi onun istifadəsində olmuş, xx.xx.2017-ci il tarixdə Əliyev Əliheydər Əlimərdan oğlunun adına ilkin qeydiyyat keçmişdir. Həyat yoldaşı Əliyev Əliheydər Əlimərdan oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra yuxarıda göstərdiyi əmlak iddiaçının sahibliyindədir. İddiaçının sahibliyində olan əmlakın üzərində bir neçə il bundan əvvəl fərdi yaşayış evi inşa etmişlər. Həmin evin iddiaçıya məxsus olmasına baxmayarq bu əmlakı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəpt etmişdirlər. Cavabdehlərə bir neçə dəfə müraciət etməyinə baxmayaraq onlar həmin ünvandan çıxmamış, əmlakı ona təhvil verməkdən boyun qaçırtmışdırlar. Ona görə də, cavabdehlər şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyidmirhəsənağa küçəsində yerləşən 1A-nın həyatyanı sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, ev iddiaçıya təhvil verilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 Mirağa qızının nümayəndəsi və vəkili Vəkil mülki işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 1A yanında yerləşən 0.9 ha torpaq sahəsi Əliyev Əliheydər Əlimərdan oğlunun adına olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 1A yanında yerləşən 0.06 ha torpaq sahəsinə heçbir aidiyyəti yoxdur, həmin torpaq sahəsi 0.09 ha olmaqla Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsinin mülkiyyəinə aiddir. Həmçinin 0.09 ha torpaq sahəsinin 0.038 ha ərazisi Cavabdeh1 Mirağa qızı tərəfindən Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsi ilə 16 mart 2017-ci il tarixdə istifadə etmək üçün qanuni şəkildə alqı-satqısına dair sənədləşmə aparılmışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 1A yanında yerləşən 0.09 ha torpaq sahəsinin 0.052 ha ərazisi xx.xx.1999-cu ildə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən X1 adına iki il ərzində fərdi yaşayış evinin tikintisinin başa çatdırılması nəzərdə tutulsa da həmin torpaq sahəsində 1992-ci ildən Cavabdeh1 Mirağa qızına və X2 pay qismində içərisində tikili olmaq şərtilə verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5205/2028 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Əliyev Əliheydər Əlimərdan oğlunun Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi üzrə Əliyev Əliheydər Əlimərdan oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2640/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrlə müəyyən edilmişdir ki, Cavabdeh2 Əliyev Əliheydər Əlimərdan oğlunun nəvəsidir sözügedən evdə 2007-ci ildən pasport qeydiyyatında olmaqla hazırda həmin evlə eyni həyətdə (eyni ünvanda) atası tərəfindən inşa edilmiş özbaşına tikilidə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdən Əliyev Əliheydər Əlimərdan oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş torpaqların alqı-stqısına dair aktın surətindən görünür ki, Cavabdeh1 Mirağa qızı Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsinin alınması barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclsında baxılmış və Əhmədli bələdiyyə ərazsində 380 (üç yüz səksən) kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 03 saylı qərar qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh1 Mirağa qızı tərəfidən Xətai rayonu Kapital Bank 1 saylı filialının ********** saylı hesabına əvvəlcədən 3800 (üç min səkkiz yüz) manat haqq ödənilmişdir (kassa mədaxil orderinin surəti). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərardadn çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 1A yanında yerləşən uzun müddət istifadə etdiyi 380 (üç yüz səksən) kv.m torpaq sahəsi həyətyanı sahə kimi alqı-satqı yolu ilə vətəndaş Cavabdeh1 Mirağa qızının adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ nömrəli 100171 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Əliheydər Əlimərdan oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində, 2073 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Xətai Rayon İcra Başçısının xx.xx.1999-cu il tarixli, 49 nömrəli sərəncamdan çıxarışdan görünür ki, S.Mirhəsənağa (6-cı qəsəbə) küçəsi ev 1A ünvanında yaşayan vətəndaş X3 S.Mirhəsənağa küçəsi 1A yaxınlığında, cizgidə göstərilən sahədə 0,05 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4057/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2, X4 və Cavabdeh1 qarşı - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarının elektrik kabel xəttinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə göstərişlərdə (Trassa) müəyyən edilmiş “2” nömrəli nöqtədə, yəni ünvan 1 ünvanında elektrik kabel xəttinin çəkilişi zamanı cavabdehlər – Cavabdeh2 və X4 tərəfindən elektrik kabel xəttinin çəkilməsinə dair yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərə həmin maneələrin yenidən yaradılmasının qadağan edilməsi barədı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3928 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı Nağdali qızının mülkiyyətində olan torpaq sahəsinin naturada sahəsinin 0,157 ha təşkil etdiyi və həmin ölçülərin hüquq müəyyənedici sənədlərə uyğun olmadığı müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən Cavabdeh1 Mirağa qızının və Cavabdeh2 yaşadığı tikilinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi və fərdi yaşayış evinə dair tərtib edilmiş, xx.xx.2019-cu il tarixli Texniki Pasportda qeyd olunan torpaq sahəsinin hüdudları daxilinə düşmədiyi müəyyən edilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Yuxarıda istinad edilən aktların müddəaları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən və cavabdehlərin istifadəsində olan evin onun mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ev İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi və fərdi yaşayış evinə dair tərtib edilmiş, xx.xx.2019-cu il tarixli Texniki Pasportda qeyd olunan torpaq sahəsinin hüdudları daxilinə düşmür. İddiaçı həmin evin onun və mərhum həyat yoldaşı tərəfindən inşa edildiyi və onun sahibliyində olduğuna dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın əsassız olduğu qənaətinə gəlir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 Mirağa qızının və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A saylı evin həyətyanı sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1223/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1223/2022
02.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver