Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-123/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 15.000 manat pulun alınıb iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli 116 saylı müqaviləyə əsasən, iddiaçı ümumi sahəsi 97,3 kv.m olan mənzili nağd pulla almışdır. İddiaçı 97,3 kv.m üçün 92.500 manat pul ödədiyi halda, aldığı yaşayış sahəsi 81,5 kv.m-dir. Müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması və artıq ödənilmiş məbləğin 15.000 manatın iddiaçıya geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət edildiyi halda, buna cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 15 sentyabr 2020-ci il tarixli, 116 saylı alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən binanın 13-cü mərtəbəsinin 116 saylı, 2 otaqlı, ümumi sahəsi 97.3 kv.m. olan mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə mənzilin dəyəri olan 92.500 manat pulu "xxxx" MTK-nə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 92.500 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona razılaşma şərtlərinə əsasən 97.3 kv.m. sahəli ev təhvil verilməli olduğu halda 81.5 kv.m. sahəsi olan mənzil təhvil verilmişdir. Hazırkı halın aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən tikintitexniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 14 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən 1 girişli hündürmərtəbəli binanın 13-cü mərtəbəsinin 116 saylı mənzilinin faktiki sahəsi cəmi 90,5 kv.m təşkil etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən 1 girişli hündürmərtəbəli binanın 13-cü mərtəbəsinin 116 saylı mənzilinin ümumi sahəsinin 87,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili söküntü üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə mənzilin sahəsini müəyyən edərkən ekspert rəyinə istinad etməyi və mənzilin faktiki sahəsi ilə bağlı aparılan hesablamaları əsas götürməyi zəruri hesab edir. Beləliklə rəyə əsasən istinad edilən mənzilin faktiki sahəsi 90,5 kv.m. təşkil edir. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 97,3 kv.m. deyil, 90,5 kv.m. təşkil etdiyindən cavabdeh tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə sözügedən yaşayış sahəsinin hər kv.metrinin hesablanması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mənzilin dəyərin olaraq 92.500 manat məbləğində pul ödənilmişdir. Müqavilə üzrə mənzilin ümumi sahəsi 97,3 kv.m təşkil etdiyindən hər kv.metrə (92.500:97.3=950,66,80) 950,66,80 manat məbləğində pul vəsaiti düşməlidir. Odur ki, əksik verilmiş 6,8 kv.metr sahə üzrə hər kv.metr üçün 950,66,80 manat hesablamaqla (6,8 x 950,66,80) cəmi 6.464,54 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdeh "xxxx" MTK-dan tutulmalıdır. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 6.464,54 manat pul vəsaiti İddiaçınun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 6.464,54 (altı min dörd yüz altmış dörd manat əlli dörd qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-123/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-123/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver