Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1238/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə “Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1991-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktlarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi V.R.Rəsulov ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1962-ci ildə Gürcüstanın Tbilisi şəhərinin Kirov rayonunda anadan olmuşdur, doğumu Tbilisi şəhər Kirov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə 9 nömrəli aktla qeydə alınmışdır və bu barədə doğum haqqında şəhadətnamə verilmişdir, 1969-cu ildə Tbilisi şəhər 73 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1979- 1980-cı illərdə Tbilisi şəhər 54 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir, daha sonra avtomobil təmiri üzrə çilingər peşəsinə yiyələnmişdir, bundan sonra Gürcüstanda müxtəlif yerlərdə çilingər vəzifəsində işləmişdir, xx.xx.1981-ci ildə Kirov rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, təxris olunduqdan sonra 1983-cü ilin may ayında Gürcüstanın Tbilisi şəhərinə geri qayıtmışdır, 1984-cü ilin sentyabr ayında X3 ilə nikaha daxil olmuşdur, həmin nikahdan iki uşaqları var, xx.xx.1991-ci ildə yoldaşı ilə olan nikahlarına xitam verilmişdir, xx.xx.1991-ci il tarixdə Gürcüstan yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ailə üzvləri ilə birlikdə daimi yaşamaq məqsədi ilə Azərbaycana gəlmişdir, bundan sonra ünvan 1 ünvanında yaşamağa başlamışdırlar, həmin vaxtdan indiyədək qeyd olunan ünvanda yaşayır, lakin heç vaxtda Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata düşməmiş, heç vaxt rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmamışdır, hazırda heç yerdə işləmir, 1991-ci ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir, Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir, belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 04 may 2021-ci il tarixli ******* saylı arayışdan da görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir, həmçinin Gürcüstan səfirliyinin xx.xx.2022-ci il tarixli 22/00008119/2022-02 saylı arayışından görünür ki, Gürcüstan vətəndaşı hesab edilmir, tezliklə 60 yaşı olacaqdır, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur, bu səbəbdən vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının – BMT QAK-ın himayəsindədir, maraqlı şəxsə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsini xahiş etmiş, lakin maraqlı şəxs tərəfindən ona məktub ünvanlanaraq, 1991-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi bildirilmişdir, bu səbəbdən əvvəlcə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi V.R.Rəsulov ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi V.E.Əmirli məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun olaraq qısa izahatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Gürcüstan) vətəndaşlığına mənsub olmaması təsdiqləndiyi halda maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinin təmin olunmasına etiraz olunmadığı nəzərə alınmaqla, müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1968-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, qonşusudur, Əhmədlidə yaşayır, o ikinci mərtəbədə, özü isə 1-ci mərtəbədə yaşayır, 1991-ci ildən bəri qonşudurlar, ərizəçini həmin vaxtdan bəri tanıyır, o ailəlidir, 2 uşağı, 2 nəvəsi var, işləmir, Gürcüstanda doğulmuşdur, Tbilisidə işləmişdir, xaricə getməmişdir, həmişə ona pasportu olmadığını, bu səbəbdən bu halla bağlı ona problemlər yarandığını bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1969-cu il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, 1990-cı ildə binaya gəlin köçmüş, ərizəçi və ailəsi isə 1991-ci ildə gəlmişdir, anası, Aygün və 2 uşağı ilə birlikdə yaşayır, qızı evlidir, nəvəsi var, ərizəçi və ailəsi Gürcüstandan köçmüşdür, həmin vaxtdan bəri onu görmüşdür. İş materiallarında olan xx.xx.1963-cü il tarixdə verilmiş 947377 saylı “Doğum haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Tbilisi şəhəri, Kirov rayonu, Gürcüstan SSR-də doğulmuşdur, bu barədə doğum haqqında akt qeydiyyatı kitabında 1963-cü ilin İ ayının 3cü günündə 9 saylı qeyd edilmişdir, onun valideynləri milliyəti azərbaycanlı X5, anası milliyəti azərbaycanlı X4r. İş materiallarında olan ЭТ-İ seriyalı ******* saylı “Əmək kitabçası”nın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, doğum tarixi xx.xx.1962-ci il olan Ərizəçi təhsili orta, ixtisası təmirçidir, kitabçanın doldurulma tarixi xx.xx.1980-ci ildir. İş materiallarında olan “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün” Ərizə-anketin surətindən görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə müraciət edərək, Azərbaycan Respublikasının mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 04 may 2021-ci il tarixli ******* saylı Arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, 29 dekabr 1962-ci il təvəllüdlü Ərizəçi 59777/m nömrəli, 29 aprel 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan səfirliyinin xx.xx.2022-ci il tarixli 22/00008119/2022-02 saylı Arayışının notariat qaydada tərcümə olunmuş surətinə əsasən, Ərizəçi (xx.xx.1962-ci ildə Gürcüstanda doğulmuşdur) “Gürcüstan vətəndaşlığı haqqında” X7 30 maddəsinin “A” və “Q” bəndlərinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X1 Agentliyinə təqdim edilmiş və agentlik tərəfindən əldə edilmiş sənədlər əsasında Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 06 oktyabr 2022-ci il tarixdə verilmiş ***-*******8 №-li “Himayə Sənədi”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Vagif Rasulov BMT QAK-ın mandatı altında olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K/692 saylı “Arayış”ın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaşlığı olmayan 29 dekabr 1962-ci il təvəllüdlü BMT QAK-ın himayəsində olan Vagif Rasulov (himayə sənədi № ***-*******8) 10 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir, bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyət üzrə məlumat verildiyi bildirilmiş, 1991-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Gürcüstan SSR-nin Tbilisi şəhərinin Kirov rayonunda anadan olmuşdur, o, 1991-ci ildən etibarən Azərbaycan Respublikasında daimi yaşayır, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır, doğulduğu yer - Gürcüstanın vətəndaşı hesab edilmir, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 06 oktyabr 2022-ci il tarixdə verilmiş ***-*******8 №-li “Himayə Sənədi”nə əsasən, BMT QAK-ın mandatı altında olan şəxsdir, 10 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır, hazırda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir, ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və aşağıdakı redaksiyada 12.1-ci və 12.2-ci bəndlər əlavə edilmişdir: “12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır; 12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi 1991-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi 1991-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1238/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1238/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver