Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1240/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi Usmanovnanın iştirakı ilə, Ərizəçi Usmanovnanın doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi xx.xx.1992-ci il tarixədək ailəsi ilə birlikdə Xocalı şəhərində yaşamışdır. X3 onun övladıdır.
2. X3 xx.xx.1992-ci il tarixdə ermənilərin Xocalı şəhərinə hücumu zamanı həlak olmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4922/2024 saylı qətnaməsinə əsasən xx.xx.1988-ci il tarixdə anadan olmuş X3 ölmüş elan edilmişdir.
3. AR ƏN X1 Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş yazılı məlumatda isə ərizəçinin qızının doğumu haqqında hər hansı məlumatın əks olunmaması göstərilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi ölmüş (şəhid olmuş) qızı xx.xx.1998-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamə verilməsi hüquqi fakt müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizədə qeyd etmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü qızı xx.xx.1992-ci il Xocalı sakinləri kimi onunda ailəsi faciə qurbanı olmuşdur. O, Xocalıdan sağ qalan digər sakinlər kimi ailəsin məxsus sənədləri çıxara bilməmişdir. Arxivdə də heç bir sənəd qalmamışdır. Qızının doğum haqqında şəhadətnaməsini nə Arxivdən, nə də Xocalı rayon İcra Hakimiyyətindən əldə edə bilməmişdir.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X4 izahatında bildirdi ki, ərizəçi 1988-ci ildə ailəsi ilə birlikdə kəndə gəlmişlər. Ərizəçi gələndə bir oğlu və bir qızı var idi. Qızın neçə yaşı olduğunu dəqiq bilmirdi.
11. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi 1988-ci ildən ailəsi ilə birlikdə onlarla qonşu olmuşdur. Ərizəçinin əri Xocalıda kəndin müdafiəsində könüllü olaraq iştirak etmiş, sonradan isə ondan xəbərləri olmamışdır. xx.xx.1992-ci il tarixdə ərizəçinin ailəsi ilə birlikdə yaşadığı ev erməni qoşunları tərəfindən vurulmuşdu. Ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gələndə onun bir oğlu, bir qızı var idi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
13. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
17. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
18. 4.3-cü bənd: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
20. Ərizəçi qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qızının xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X2 atası X6, anası Ərizəçi Usmanovna qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı