Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1243/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin pasport qeydiyyatından çıxarılmasına əsas üçün Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin 47 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin 47 saylı mənzili (bundan sonra - Mənzil) 24.06.2019-cu il tarixli müqavilə ilə X2 (onun Mənzilə dair mülkiyyət hüququ 07.03.2014-cü il tarixdə yaranmışdır) tərəfindən iddiaçıya bağışlanmış və sonuncunun Mənzilə dair mülkiyyət hüququ 02.07.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçının həyat yoldaşının (X1) birinci nikahından olan oğludur və hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun mülkiyyətindədir. Qeyd edilən mənzil Məhərrəm Mustafayev tərəfindən ona bağışlanmışdır. Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda olsa da, orada yaşamır. Cavabdehin Mənzilində qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, Mənzil atası Məhərrəm Mustafayev tərəfindən alınmışdır. O, həmin Mənzildə heç vaxt yaşamamışdır. Mənzil alındıqdan sonra kirayəyə verilmişdir, ümumiyyətlə onların heç biri orada yaşamayıb. O, ailəsi ilə birlikdə Qaraçuxur qəsəbəsində yaşayır, sözügedən Mənzildən başqa onun qeydiyyata düşəcəyi Mənzil yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin mübahisəsiz hallarından bəlli olur ki, Mənzil əvvəl cavabdehin atası Məhərrəm Musatafayevin mülkiyyətində olmuş və sonuncunun mülkiyyət hüququ 07.03.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçının isə Mənzilə mülkiyyət hüququ 02.07.2019-cu il tarixdə yaranmışdır. Məhkəmə qeyd edir ki, Mənzil əvvəlcə cavabdehin atası Məhərrəm Mustafayev tərəfindən əldə edildiyindən (07.03.2014-cü il) cavabdehin istifadə hüququnun yaranıbyaranmamasına Mənzilin Məhərrəm Mustafayev tərəfindən əldə edildiyi vaxt əsas götürülməklə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edilən müddəanı nəzərə alaraq hesab edir ki, mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Adı çəkilən müddəalardan da göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, ailə üzvləri, yəni mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləridir: bu təsnifat üçün istifadə hüququnun yaranması üçün əsas dispozitiv şərt adı çəkilən müddəada gösətrilən ailə üzvlərinin olması və onların mülkiyyətçi ilə bərabər yaşayış sahəsində yaşamasıdır. İkincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə - digər qohumlar: bu təsmifat üçün əsas dispozitiv şərt isə digər qohumun əmək qabiliyyətli olmaması və mülkiyyətçi tərəfindən yaşayış sahəsinə köçürülmə ilə bağlıdır. Ümumiləşdirilmiş şəkildə, hər iki qrupa ayrılmış şəxslər üçün ortaq dispozitiv şərt - həm ailə üzvlərinin, həm də digər qohumların yaşayaış sahəsində mülkiyyətçi ilə birlikdə yaşaması ilə bağlıdır. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdeh iddiaçının həyat yoldaşının, həm də Mənzilin əvvəlki mülkiyyətçisi Məhərrəm Mustafayevin birinci nikahından olan övladıdır. Mənzilin cavabdehin atası tərəfindən 07.03.2014-cü il tarixdə əldə edilməsini nəzərə aldıqda, cavabdeh yuxarıda təsnifləşdirilmiş birinci qrupa daxil olan ailə üzvü hesab edilir. Lakin cavabdeh heç vaxt mübahisəli Mənzildə yaşamamışdır. Bu halı cavabdeh məhkəmə iclasında özü bildirmişdir. Göründüyü kimi, cavabdeh Mənzilin əvvəlki mülkiyyətçisinin övladı kimi sonuncunun ailə üzvü hesab edilsə də, Mənzildə yaşamadığından, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müəyyən etdiyi hüquqi əsaslar baxımından, onun istifadə hüququ yaranmamışdır. Həmçinin, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İşin hallarından da göründüyü kimi, iddiaçı Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanmasını iddiaçıdan tələb etmək hüququna malik olmadığından, habelə əmək qabiliyyəti olmayan şəxs kimi onun himayəsində olmadığından iddiaçının digər qohumu da hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin hər hansı mənzildə yalnız pasport qeydiyyatında olması qanunla müəyyən edilmiş digər əsaslar olmadan, onun istifadə hüququnu yaranmasına səbəb ola bilməz. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ci il tarixli Qərarında qeyd edilr ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, cavabdehin Mənzilə istifadə hüququ yaranmadığından, mövcud olmayan hüququnun itirilməsinə dair iddia tələbi də təmin oluna bilməz. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin 47 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1243/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1243/2022
18.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver