Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-125/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “xxxx” MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X3” MTK-nın Cavabdeh qarşı - cavabdehin iddiaçı MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 7-ci mərtəbədə yerləşən 4 otaqlı 44 saylı saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsinin əvəzi olan 5962.65 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının rəhbərlik etdiyi kooperativ arasında 07.05.2007-ci il tarixdə, məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 7-ci mərtəbədə yerləşən 4 otaqlı 44 saylı faktiki sahəsi 129,76 kv.metr olan mənzilin satış üzrə menecer tərəfindən səhvən 9,39 kv.metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120.37 kv.metr göstərilməklə həmin sahənin, yəni 120.37 kv.metrinin dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,39 kv.metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nə də ki qanunsuz istifadə etdiyi 9,39 kv.metr sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki həmin sahənin əvəzi olan 5962.65 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. Həmçinin, kooperativ tərəfindən həmin vaxt seçmə üsulu ilə mənzillərdə ölçmə aparılmışdır. 08.11.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. İddiaçı “xxxx” MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kooperativ “X3” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 07.05.2007-ci il tarixli 102 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 7-ci mərtəbədə yerləşən 4 otaqlı 44 saylı, ümumi sahəsi 120.37 kv.metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 7-ci mərtəbədə yerləşən 4 otaqlı 44 saylı mənzil 07.05.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120.37 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir. İddiaçı hazırda iddia tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdehlə bağlanmış müqavilədə göstərilən mənzilin ümumi sahəsindən 9,39 kv.metr sahə MTK tərəfindən səhvən artıq təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, yəni cavabdehin mənzilin artıq sahəsinə görə dəyərinin ödənilməsi mahiyyətcə cavabdehin əsassız varlanmasını ehtiva etdiyindən, hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddətin özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Sadalanan xüsusatlara əsasən, iddiaçının mübahisə edilən 9,39 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019-cu ilin noyabr ayında məlum olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, “X3” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinin əsassız varlanma institutunu müəyyən edən 57-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1095-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci ildən iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2007-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 30.12.2019-cu il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3” MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan “X3” MTK mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X3” MTK-nın Cavabdeh qarşı - cavabdehin iddiaçı MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 7-ci mərtəbədə yerləşən 4 otaqlı 44 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsinin əvəzi olan 5962.65 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-125/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-125/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver