Məhkəmə qərarları › İş №2(011)-126/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-126/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-126/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və sonuncunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzilə köçürülmə və maneçiliyin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – onun yeni qurduğu ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,09 kv.metr olan 4 yaşayış otağından ibarət 29 nömrəli mənzilə köçürülməsi və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 1997-ci ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü oğulları Məhəmməd anadan olmuşdur. Birgə nikahda olduqları müddətdə cavabdehlər tərəfindən mənzilə dair törədilmiş mübahisələr elə bir həddə çatmışdır ki, 22 il əvvəl bağlanmış nikahları xx.xx.2019-cu il tarixdə Cavabdeh1 iddiasına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmşdur. Birgə nikah müddətində onlar, hazırda cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,09 kv.metr (yaşayış sahəsi 47,29 kv.metr, köməkçi sahələri 34,8 kv.metr) olan 4 otaqlı, 29 nömrəli mənzili, xx.xx.2013-cü il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlamaqla əldə etmiş və həmin mənzil xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Mənzilin alqı-satqısı gününüdən nikahlarının pozulması günədək iddiaçı cavabdehlərlə birgə yaşamışdır. Lakin, nikah pozulandan sonra cavabdehlər birləşərək iddiaçını, mülkiyyət hüququ ilə ona məxsus mənzilinə buraxmamışlar. İddiaçı kirayələrdə yaşamağa məcbur olmuş və hal-hazırda da bu hal davam edir. Dəfələrlə iddiaçı mənzilində yaşamağa cəhd etsə də, cavabdehlər buna şərait yaratmamışlar və əksinə həmişə qarşıdurma törətmişlər. İddiaçı artıq digər şəxslə X6 ilə nikah münasibətlərindədir və iddiaçının bu evlilikdən bir övladı xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. İddiaçı yeni qurduğu ailəsi ilə birlikdə mülkiyyət hüququ ilə məxsus olan mənzilə köçüb yaşamağa cəhd etsə də, mübahisələr yaranmışdır. Mübahisənin məhkəmədənkənar həlli ilə əlaqədar cəhdlər heç bir nəticə verməmişdir. Cavabdehlər isə bu yönümdə mübahisə etməkdə davam edirlər. Cavabdehlərin hərəkətləri barədə iddiaçı ərazi üzrə polis orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamış və sonda iddiaçıya mübahisənin mülki xarakter daşıması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Heç bir razılaşma alınmadığından, iddiaçı məcbur olub mübahisənin hüquq müstəvisində həlli ilə əlaqədar, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, onun yeni ailə qurduğu həyat yoldaşı və körpə övladı ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandorov küçəsi, ev 12də yerləşən, 4 yaşayış otağından və köməkçi sahələrdən ibarət 29 nömrəli mənzilinə köçüb yaşamaq hüququ vardır. İddiaçının bu hüququna cavabdehlər tərəfindən törədilmiş maneçiliklər aradan qaldırılmalı, müvafiq məhkəmə qərarı qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və onun nümayəndəsi X4 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın tam, qarşılqılı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə dair ½ hissədə X3, qalan ½ hissədə isə İddiaçı paylarının (mülkiyyət hüququları) müəyyən edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2033-cü il tarixədək hər növbəti ayın 5-dək 154,74 manat pul Cavabdeh1 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında “X3” sözləri “İddiaçı” kimi, “X1” sözləri “Cavabdeh1” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 103-32381 saylı məktubun surətindən görünür ki, ona göstərilən xüsusatlar mülki xarakterli olduğundan pozulmuş mülki münasibətlərdən irəli gələn hüquqlarının bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “İddiaçı” anası “X6” qeyd edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə payları (mülkiyyət hüquqları) müəyyən edilmişdir. Hazırda İddiaçı mübahisəli mənzilə cavabdehlər tərəfindən buraxılmadığından yeni qurduğu ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunvericinin tələbinə görə, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər. Hazırkı iş üzrə mübahisəli mənzil iddiaçının adına ilkin olaraq qeydiyyata alınsa da, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həm iddiaçının, həm də Cavabdeh1 ½ hissədə mənzilə payları (mülkiyyət hüquqları) müyyən edilmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. X9 Hüquqları Məhkəməsi «X7rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə gözlənilən mülkiyyət hüququna sahib olmaqla, həmin mənzildən yarı hissədə payı olduğundan, iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın “mübahisəli mənzilə iddiaçının yeni qurduğu ailə üzvlər ilə birlikdə köçürülməsi” barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, mülkiyyətçinin öz ailə üzvünü mülkiyyətində olan yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iddiaçının “mənzildən istifadə hüququna cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” hissəsinə qiymət verərək qeyd edir ki, İddiaçı mübahisəli mənzilə ½ hissədə mülkiyyət hüququ tanıdığından, İddiaçı yaşayış sahəsindən istifadə hüququna edilən maneələrə son qoyulmasına dair tələbi əsaslıdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yeni qurduğu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçürülsün. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən olunan maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar