Məhkəmə qərarları › İş №2(011)-1261/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1261/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1261/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 (Yeni qaydalarla: AZ 1016 ünvan 2 hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçının atası, yəni X4 Material Ehtiyat Nazirliyinin qarajında işlədiyi üçün həmin nazirlik tərəfindən 4 nəfər ailə tərkibi nəzərə alınmaqla (K.Verdiyeva, İddiaçı, G.Verdiyeva) 01 sentyabr 1992-ci il tarixdə verilmişdir. Həmin mənzildə yaşadıqları zaman iddiaçının dayısı rəhmətə getdiyi üçün rayona onun yas mərasimində iştirak etmək üçün getmişlər. Rayondan gəldikdə mənzilin qapısının sındırılıb məcburi köçkünlər tərəfindən zəbt edildiyini görmüşdür. Belə ki, mənzil Şuşa rayonundan köçkün düşmüş X3 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Həmçinin iddiaçı hal-hazıradək kirayədə qalır, 34 yaşı olmağına baxmayaraq hələ də subaydır, ailə həyatı qurmamışdır. Belə ki, maddi vəziyyəti aşağıdır, yeni ev almağa imkanı yoxdur, heç yerdə işləmir, sabit qazancı yoxdur. Ona görə həmin mənzilə ehtiyacı var. Cavabdehlər mənzili zəbt etməklə iddiaçının və ailəsinin mənzil hüquqlarını pozmuşlar. Beləliklə, cavabdehlər iddiaçıya məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalıdırlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xətai rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxardan görünür ki, ünvan 4 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil 22 noyabr 2023-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda başqa şəxslər yoxdur. Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu MKTB-nin 99 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, Şuşa rayonundan məcburi köçkün olan X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 ünvanında yerləşən mənzildə müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. Məhkəmə tərəfindən cavabdehlərin məcburi köçkün kimi hansı ünvanda yerləşdirilmələri ilə bağlı məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə sorğu verilmiş, sorğuya verilmiş cavaba əsasən müəyyən edilmişdir ki, cavabdehlər müvəqqəti olaraq ünvan 5 ünvanında məskunlaşmışlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddənin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddənin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarı: 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1–ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1–ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş hallarından görünür ki, xüsusi mülkiyyət hüququna dair çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etməklə istinad edilən əmlakın qanuni sahibidir. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbii xassələrindən istifadə etmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmalı olmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsinin hüquqi əsasları göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Mənzilin iddiaçının mülkiyyətində olması, yuxarıda da qeyd edildiyi kimi, işin mübahisəsiz halıdır. Mənzilin cavabdehlərin istifadəsində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İş materiallarından da göründüyü kimi, cavabdehlər Şuşa şəhərindən məcburi köçkün olduqdan sonra iddiaçıya məxsus mənzildə məskunlaşmışlar və hazırda da orada yaşayırlar. Mənzilin cavabdehlərin qanunsuz istifadəsində olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil. Məhkəmə qeyd edir ki, hətta cavabdehlərin məcburi köçkün kimi mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Eləcə də, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə hər hansı qanuni əsas olmadan yaşamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşlar. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar