Məhkəmə qərarları › İş №2(011)-1268/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1268/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1268/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2015-ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsi 903,62 manat əsas borc, 388,96 manat faiz borcu, 638,47 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 138,19 manat faiz məbləği olmaqla, cəmi 2069,24 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 QSC “Bank Standard” KB ilə bağladığı xx.xx.2015-ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, nəticədə QSC “Bank Standard” KB-yə 903,62 manat əsas borc, 388,96 manat faiz borcu, 638,47 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 138,19 manat faiz məbləği olmaqla, cəmi 2069,24 manat borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borcluya xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 izahatında göstərdi ki, həqiqətən də iddiaçı bankla aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Lakin maddi vəziyyəti ilə bağlı ödəmələrdə problemləri yaranmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan QSC “Bank Standard” KB ilə X5 arasında bağlanmış xx.xx.2015ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 26% ödənilməsi şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka 903,62 manat əsas borc, 388,96 manat faiz borcu, 638,47 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 138,19 manat faiz məbləği olmaqla, cəmi 2069,24 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan QSC “Bank Standard” KB tərəfindən X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, məhkəməyə iddia verilməsi üçün QSC “Bank Standard” KB tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Beləliklə, məhkəmə iclasında cavabdeh X2 xx.xx.2015-ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsi üzrə iddiaçı QSC “Bank Standart” KB-yə 903,62 manat əsas borc, 388,96 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 138,19 manat faiz borcunun qalması, iddiaçının öhdəliklərini yerinə yetirməsi, lakin cavabdeh tərəfindən kredit borcu üzrə öhdəliyin yerinə yetirməməsi müəyyən edilmişdir. Ona görə də, həmin borc məbləği cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 638,47 manat məbləğində cərimənin tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 638,47 manat məbləğində cərimə tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan cərimə 8,47 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 70 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 21 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tuturaq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2015-ci il tarixli 1xx/xx/131048/15 saylı kredit müqaviləsi üzrə 903,62 manat əsas borc, 388,96 manat faiz borcu, 8,47 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 138,19 manat faiz məbləği olmaqla, cəmi 1439,24 (bir min dörd yüz otuz doqquz manat 24 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar