Məhkəmə qərarları › İş №2(011)-1269/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1269/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1269/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə iddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nin 6-cı bəndinə, borclu tərəfin ödəməli olduğu 3.000 manatın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC ilə iddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 06 fevral 2018-ci il tarixdə 3M-917 və 3M-918 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqavilələrinə dair Razılaşma Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə yuxarıda göstərilən kredit müqavilələrinə əsasən "xxxx" MMC iddiaçıya olan 50.000 manat borcu 2022-ci ilin noyabr ayının 15-dən başlanmaqla, müqavilənin 4-cü bəndində göstərilən cədvələ uyğun ödəməyi öhdəsinə götürüb. Cədvəldə göstərilir ki, borclu tərəf - "xxxx" MMC 16 noyabr 2022-ci il tarixdən başlayaraq, 16 iyul 2025-ci il tarixədək 33 ay müddətində hər ay 1.500 manat, sonuncu - 34-cü ay isə (16 avqust 2025) 500 manat ödəməklə öhdəliyi yerinə yetirmiş olur. Borclu tərəf 16 oktyabr 2023 və 16 noyabr 2023-cü il tarixlərdə üzərinə götürdüyü öhdəliyi pozaraq, ödəməli olduğu 3.000 manatı ödəməkdən imtina edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1 və 743.1-ci maddələrində göstərilən şərtləri pozub. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilmısini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, "xxxx" MMC (adından X1) ilə İddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə notarial qaydada razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri 9 saylı notariat ofisində 06 fevral 2018-ci il tarixdə 3M- 917 və 3M-918 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqavilələrinə əsasən 50.000 manat borcun 2022-ci ilin noyabr ayının 15-dən başlanmaqla müqavilənin 4-cü bəndində göstərilən cədvələ uyğun olaraq İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş tarixləri 16 noyabr 2022-ci il-16 avqust 2025-ci illəri əhatə etmiş, aylıq olaraq ödənilməli olan məbləğ 16 noyabr 2022-ci il-16 iyul 2025-ci illərdə 1.500 manat, sonuncu tarix olan 16 avqust 2025-ci ildə 500 manat müəyən edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən 16 oktyabr 2023 və 16 noyabr 2023-cü il tarixlərdə ödənilməmiş cəmi 3.000 manat məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış razılaşma müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaitini, aralarında müəyyən edilmiş tarixlərdə və razılaşdırılmış məbləğdə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nə əsasən cavabdeh "xxxx" MMC-nin ödəməli olduğu 3.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nə əsasən ödəməli olduğu 3.000 (üç min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar