Məhkəmə qərarları › İş №2(011)-1273/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1273/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1273/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 107, mənzil 36-dan istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Xətai rayonu, Məhəmməd Hadi küçəsi bina 107, 36 saylı mənzili AN-İ № ******* saylı, xx xxxxxx 2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 (xx.xx.1967-ci il təvəllüdlü) almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Hal-hazırda da ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2014-cü il tarixdə verilmiş Çıxarış İddiaçı adınadır. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sarəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh alqısatqı müqaviləsi baglandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 107 saylı evin 36 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə satıcı X2 arasında xx.xx.2013cü il tarixdə AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 107 saylı evin 36 saylı mənzilini alıcı İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı, bu müqavilə təsdiq olunduğu tarixdən 2 ay müddətində mənzildən qeydiyyatdan çıxmağı, habelə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 107 saylı evin, 36 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 107, mənzil 36-da qeydiyyatdadır (AR DİN-in Yaşayış yeri haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışı). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə mənzilin keçmiş mülkiyyətçisi arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 37, mənzil 77-ə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, Cavabdeh mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 107, mənzil 36-ya istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar