Məhkəmə qərarları › İş №2(011)-1278/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1278/2021

13.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1278/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh-yə qarşı tərəflər arasında Cavabdeh-nin 31.07.2020-ci il tarixli 18 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Cavabdeh-də əvvəlki vəzifəsində bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Cavabdeh ilə bağlanan əmək müqaviləsi əsasında həmin müəssisədə işləməyə başlamışdır. Əmək müqaviləsinə əsasən 250 manat əmək haqqı təyin olunub. Bağlanan əmək müqaviləsinə əsasən lift köməkçisi kimi işə götürülsə də, həmin müəssisədə həm bağban, həm santexnik, həm də elektrik kimi işləmişdir. 2020-ci ilin avqust ayına qədər iddiaçı qeyd edilən müəssisədə işləmişdi. 2020-ci ilin avqust ayında şirkət iddiaçının adından işdən azad edilməsi ilə bağlı ərizə tərtib etmişdi və həmin ərizə əsasında iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdi. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müraciət etsə də, iddiaçıya işəgötürənlə bağlanan əmək müqaviləsnə xitam verildiyi üçün işəgötürənin son haqq-hesabın aparılmaması nəticəsində inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verildi. Halbuki, iddiaçı əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh-yə müraciət etməmişdi. Müraciətin məqsədi iddiaçının öz işinə bərpasıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh-yə qarşı işə bərpa olunma barədə iddia ərizəsinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Cavabdeh-nin 02.09.2019-cu il tarixli, 008 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı 02.09.2019-cu il tarixdən Cavabdeh-yə bağban vəzifəsində təyin edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında imzalanmış 01.09.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı əsas iş yeri olmaqla bağban vəzifəsinə işə qəbul edilir. İşçi 01.09.2019-cu il tarixdən işə başlayır. İş materiallarında olan Cavabdeh-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmrin sürətindən görünür ki, 02.09.2019-cu il tarixdən bağban işləyən İddiaçı ilə 01.09.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən 01.08.2020-ci il tarixdən xitam verilmişdir. 01.08.2020-ci il tarixi son iş günü hesab edilmiş, işçiyə istifadə etmədiyi 24 təqvim günü təşkil edən əmək məzuniyyətinin əvəzinə kompensasiya ödənilsin. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı Cavabdeh ilə əmək müqaviləsinə 01.08.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan 31.07.2020-ci il tarixli X6, X7, X8 və X2 tərəfindən imzalanmış aktın surətindən görünür ki, akt tərtib edilmişdir ondan ötəri ki, həqiqətən 31.07.2020-ci il tarixə saat 10:34-də müəssisənin bağbanı İddiaçı iki “Azercell” fakturalı ********** nömrəli telefonla zəng edilmiş, ona ofisə gəlmək təklif olunmuş, lakin o, saat 16:00-a qədər ofisə gəlməmişdir. Saat 15:52-də ona yenidən zəng edilmiş, o isə yenidən bəhanələr gətirərək, sonra gələcəyini bildirdi. İş materiallarında olan 14.10.2020-ci il tarixli, X6, X7, X8 və X2 tərəfindən imzalanmış aktın surətindən görünür ki, akt tərtib edilmişdir ondan ötəri ki, həqiqətən, 14.10.2020-ci il tarixdə müəssisənin bağban vəzifəsində işləyən İddiaçı ofisə gəlib öz əmək kitabçasını almışdır. Odur ki, aktı doğru bilib imzaları ilə təsdiq etmişdilər. İş materiallarında olan 02.10.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Cavabdeh-də bağban vəzifəsində çalışmış İddiaçı son haqq-hesabı Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilməmişdir. Nəticədə Cavabdeh-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh-nin bağbanı İddiaçı adından verilmiş 26.07.2020-ci il tarixli ərizədən görünür ki, sonuncu onu 01.08.2020-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 4/421 nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsini “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, işəgötürən Cavabdeh işçi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə tərəflərindən birinin, yəni işçi İddiaçı təşəbbüsü ilə xitam verildiyini göstərsə də, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh-yə ünvanlanmış 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı işdən azad olunmağı barədə Cavabdeh-31.07.2020-ci il tarixli, 18 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehdə bağban vəzifəsinə bərpa edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı əmək kitabçasını 14.10.2020-ci il tarixdə almışdır, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin cavabdehə təqdim edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh-də əmək hüquqlarının pozulması barədə 27.07.2020-ci il tarixində və 10.08.2020-ci il tarixində Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müraciət etmiş, həmin müraciətlər Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhəri idarəsi tərəfindən 16.10.2020-ci il tarixli məktub ilə cavablandırılmışdırlar. İddiaçı məhkəməyə 01.12.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçının arvadı 2020-ci ilin noyabr ayının əvvələrində xəstələnmiş, “COVİD 19” virusunun aləmətləri aşkar edilmişdir, bir müddət evdə müalicə aldıqdan sonra 08.12.2020-ci ildə xəstəxanaya yerləşdirilmişdir. Odur ki, iddia müddətinin cəmi 2 həftə müddətinə ötürülməsinin üzrlü səbəbdən baş verdiyini nəzərə alaraq, müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində müəyyən edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda Respublikasında da COVİD-19 virusunun 2020-ci ilin mart ayından geniş yayıldığını, eyni zamanda xəstəliyinin qarşısının alınması məqsədi ilə ölkə ərazisində müvafiq məhdudiyyətlərin tətbiq edildiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilərək iddia müddəti bərpa edilməlidir. Odur ki, cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı Cavabdeh-yə qarşı işə bərpa olunma barədə iddia ərizəsinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğudan təmin edilməlidir. qət etdi: İddia təmin edilsin. Cavabdeh-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh-də əvvəlki vəzifəsinə bərpa edilsin. Məhkəmə xərci cavabdehə aid edilsin. Cavabdeh-dən aparılmış ekspertiza tədqiqatına görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar