Məhkəmə qərarları › İş №2(011)-1292/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1292/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1292/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X7 doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Şəxiyyət vəsiqəsindəki məlumatlara əsasən ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunun Toxluca kəndində doğulmuşdur. İddiçının atası X4 xx.xx.2008-ci il tarixdə ölmüşdür.

2. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, 3-16-5/8-15- 1995/2023 saylı məktubla onun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətindən imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

3. Ərizəçi onun (xx.xx.1971-ci il təvəllüdlü X2) doğum faktının nüəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Toxluca kəndində doğumunun qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx.xx.1971-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Toxluca kəndində azərbaycanlı ailəsində doğulmuşdur. Ailədə 9 uşaq olmuşlar. Məlum hadisələrlə əlaqədar qaçqın düşərək Bakı şəhərinə köçmüş və işləmək üçün Rusiya Federasiyasına getmiş və lazımı hüquqi sənədləri də özü ilə aparmşdır. Özündən asılı olmayan səbəbdən doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda ata-anasından qalan mülklə bağlı ona doğum haqqında şəhadətnamə lazımdır.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, o, ərizəçinin bacısıdır. Ərizəçi Ermənistan SSR Krasneslo rayonu, Toxluca kəndində anadan olmuşdur. Ərizəçi onun üçüncü qardaşıdır. Hər il fevral ayının 18-də ərizəçinin ad gününü qeyd edirlər.

10. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi onun qardaşıdır, onlar ailədə 9 uşaq olublar. Böyük qardaşları vəfat edib. Ərizəçi 1971-ci ilin fevral ayında anadan olub. Doğum haqqında şəhadətnaməni Rusiya Federasiyasında itirib.

11. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçinin bacısıdır. Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

13. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:

15. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

17. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin doğum haqqında şəhadətnamənin alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, 3-16-5/8-15-1995/2023 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür.

18. Bu səbədən, ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır (§ 16).

19. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Toxluca kəndində doğulmuşdur.

20. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Toxluca kəndində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X2 xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Toxluca kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X2 atası X8, anası X1 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar