Məhkəmə qərarları › İş №2(011)-1299/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1299/2025

03.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1299/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilmə barədə verilmiş əmrin ləğvi, öz əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının, ödədiyi 60 manat mediasiya xərcinin, vurulmuş mənəvi zərərə görə 1000 manat pulun və düzgün olmayan son haqq-hesabın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və əmək kitabçasındakı qeydin dəyişdirilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə qanunda nəzərdə tutulmuş iş vaxtından artıq 11-12 saat işlədiyinə görə etiraz etmişdir. Buna görə də ona münasibət yaxşı olmamış, getdikcə daha da pisləşmişdir. Nəhayət 2021-ci ilin sentyabr ayında onu işdən azad etmək üçün ona qabaqcadan təşkil olunmuş plan qurmuşlar. O, qorxduğu üçün məcbur olub ərizəsində Aidəyə əl-qol atmadığı, ona qarşı qeyri-etik hərəkətlər etmədiyi halda, ona əl-qol atdığını yazmışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixli 2430k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Dəvət olunduğu iş yerləri həmin əsasla işdən azad olunduğuna görə onu işə qəbul etməkdən imtina edirlər. Cavabdeh MMC-nin rəhbərliyinin əməlində cinayət tərkibi vardır, ona hədə-qorxu gələrək və zor tətbiq edərək etmədiyi hərəkətləri zorla ərizə yazdıraraq onun boynuna qoymuşlar. Bütün bunların nəticəsində ona qanunsuz işdən çıxarıldığına görə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, əmək kitabçasında işdən çıxma səbəbi əmək funksiyalarını üzürsüz səbəbdən yerinə yeitrmədiyi göstərildiyinə görə onu başqa yerə də işə qəbul etməmişlər və bu da ona böyük mənəvi zərbə olmuş, mənəvi sarsıntı keçirmiş, işçi kimi nüfuzuna ciddi zərər vurulmuşdur. İddia ərizəsinə ötürülmüş müddətin bərpası barədə ərizə əlavə olunmuş, ərizə onunla əsaslandırılmışdır ki, atası ürək əməliyyatı keçirdiyi, demək olar ki, bir yerdə yaşadığı əmisinin yoldaşının, sanra da əmisinin vəfat etməsi ardıcıllıqla baş verdiyi üçün başı qarışıq olmuş və iddia müddətini ötürmüşdür. Bundan başqa atası ürək əməliyyatı keçirdiyinə görə ailənin bütün problemlərinin həlli onun üzərinə düşdüyünə görə öz problemlərini yaddan çıxarmışdır. Atasının işdən çıxarıldığı ərəfələrdə infarkt keçirməsi və nəhayət əməliyyat olunması, yaxın qohumlarının vəfat etməsi və başına gələn hadisələr nəticəsində ciddi ruhi sarsıntı keçirmiş və uzun müddət özünə gələ bilməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, işçinin əmək müqaviləsinə xitam verildikdən sonra Əmək kitabçasına əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq qeydlər aparılmış və əmək kitabçası xx.xx.2021-ci il tarixdə ona təhvil verilmişdir. Bu məsələnin mübahisəsiz tərəfidir və şəxsin imzası, onun ilk hazırlıq iclasında bildirdiklərindən də müəyyənləşir. İddiaçı Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli X2 barədə Təklifini göndərmişdir. Göründüyü kimi, əmək kitabçasını təhvil aldığı gündən, yəni, xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-yə X2 barədə Təklifin göndərilməsinə qədər, yəni, xx.xx.2024-cü il tarixədək 3 il 27 gün müddət ötürülmüşdür. Bu da Əmək Məcəlləsi ilə nəzərdə tutulan 1 aylıq iddia müddətindən artıqdır. İş materiallarından göründüyü kimi, hazırki məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı prosessual müddətin ötürülməsinə dair əsasız səbəblər göstərmiş və müddətin bərpası ilə bağlı ərizə təqdim etməklə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarından göründüyü kimi, iddia müddəti 3 il 27 gün ötürülmüşdür. Ötürülmüş müddətin iddia müddətinə münasibətdə 3 ildən çox olmasını nəzərə alsaq, müddətin ötürülməsi ilə iddiaçının ərizəsində qeyd etdiyi hallar arasında səbəbli əlaqə mövcud ola bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı “əmrin ləğv edilməsi, işə bərpa, əməkhaqqı, mənəvi ziyanın ödənilməsi və əmək kitabçasındakı qeydin dəyişdirilməsi” tələbi ilə bağlı iddia ərizəsinin qanunla müəyyən olunmuş prosessual müddətləri tətbiq etməklə rədd edilməsi ilə bağlı müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz edərək, işdən azad edildikdən sonra əmisi və əmisinin həyat yoldaşının xəstə olduğunu, sonradan vəfat etdiyini, həmçinin atasının infarkt keçirdiyini və müalicəsinin hələ də davam etdiyini, ona görə də bütün ağırlıqların onun üzərinə düşdüyünü nəzərə alaraq iddia müddətinin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, məhkəmədən iddia müddətinin tətbiqi barədə ərizəni təmin edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 2430K saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun olaraq, əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına görə xitam verilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il taixdə hər iki tərəfə bildiriş və SMS göndərilmişdir . Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinin ona xx.xx.2021-ci il tarixdən məlum olmasını həm iddia ərizəsində, həm məhkəmə iclasında etiraf etmiş, iddia müddətinin tətbiqinə etiraz ərizəsində isə son haqq-hesabın ona xx.xx.2021-ci il tarixdə ödənildiyini qeyd etmişdir. Odur ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, həm əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirmək üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini, həm də pul və digər əmlak tələbləri ilə əlaqədar 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətlərinə münasibətdə ötürülmüş müddətin kifayət qədər uzun müddət olduğu nəzərə alındıqda, iddiaçının iddia müddətini üzürlü səbəblərdən ötürməsi ilə bağlı əsas gətirdiyi dəlillər (əmisi və əmisinin həyat yoldaşının vəfat etməsi, atasının infarkt keçirməsi və müalicə alması) iddiaçının öz hüquqlarını müdafiə etməsinə qəti şəkildə mane olan və onun məhkəməyə müraciət etmək imkanını obyektiv səbəbdən tamamilə məhdudlaşdıran hallar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən və ötürülmüş müddətin üzürlü hesab edilməsi barədə iddiaçının ərizəsi təmin edilmədiyindən, iddiaçının “işdən azad edilmə barədə verilmiş əmrin ləğvi, öz əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının, ödədiyi 60 manat mediasiya xərcinin, düzgün olmayan son haqq-hesabın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və əmək kitabçasındakı qeydin dəyişdirilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması” barədə tələbləri təmin ediə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, digər hissələrdə iddia tələbləri rədd edildiyindən vurulmuş mənəzi zərərə görə 1000 manat pulun ödənilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar