Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1306/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyana görə 25556,12 manatın və ödənilmiş 167 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış 01.03.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində vəzifə səlahiyyətlərini laziminca icra etməyərək, mağazalardan yığılan pul vəsaitini şirkətə ödəməmiş, ümumilikdə cəmiyyətə 25556,12 AZN ziyan vurmuşdur. 05.12.2019-cu il tarixli audit hesabatında Cavabdeh "xxxx" MMC-yə 25556,12 AZN ziyan vurması öz təsdiqini tapır. Dəfələrlə borcunun ödənilməsi istiqamətində addımlar atılsa da, xeyli vaxt keçməsinə baxmayaraq, heç bir ödəniş edilməmiş, müxtəlif bəhanələrlə məsələdən yayınmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, şirkətdə işlədiyi müddətdə mağazadan yığılan pul vəsaitini ödəməyərək şirkətə ziyan vurmuşdur. Bu faktın təsdiqi kimi 05.12.2019-cu il tarixli audit hesabatına istinad edilmişdir. 01.03.2019-cu il tarixdən etibarən rəsmi olaraq "xxxx" MMC-də ekspeditor vəzifəsini icra etməyə başlamış, işlədiyi müddət ərzində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. Hal-hazırda sözügedən şirkətdə işləmir. İddia tələblərini əsassız və qanunsuz hesab edir. Belə ki, iş materiallarında şirkətə vurduğu zərərlə bağlı heç bir sübut yoxdur. Keçirilmiş audit araşdırmasının nəticəsi barədə isə şirkət ona heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçıya hüquqlarının və qanuni mənafelərinin pozulması 05.12.2019-cu il tarixdə keçirilmiş audit hesabatına əsasən məlum olmuşdur. Lakin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə, iddia müddətinin tətbiqini zəruri hesab edir. Göstərilənlərə əsasən iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.03.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi əmək haqqı 400 manat olmaqla satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan 05.12.2019-cu il tarixli audit hesabatının surətinə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Araşdırmaya təqdim edilən sənədlərə əsasən, MMC-dən satış və ya digər məqsədlərlə götürdüyü malların dəyəri 54122,24 manat, geri qaytardığı malların dəyəri 3686,90 manat, MMC-nin xəzinəsinə ödənilən pulun miqdarı 24879,22 manat təşkil etmişdir. 15.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyan 25556,12 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə görə əgər zərər işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə məhkəmə belə hesab edir ki, iddia tələblərinə iddia müddət tətbiq edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə, ödənilmiş 167 (bir yüz altmış yeddi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1306/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1306/2022
29.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver