Məhkəmə qərarları › İş №2(011)-1343/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1343/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1343/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqından tutulan 1024,65 manat pul və faiz borcunun, ödədiyi 30 manat dövlət rüsumunun, 1 manat bank xidməti haqqının, 10 manat ABB-yə arayış üçün ödənilən məbləğin, ümumilikdə 1065,65 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin Xətai Filialından götürdüyü kreditin ödənişindən yayındığı və əmək haqqını "xxxx" ASC-dən aldığı üçün "xxxx" ASC cavabdehin kredit ödənişlərini onun əmək haqqına yönəltmiş və müxtəlif aylarda əmək haqqından tutulmalar edərək, bu günə kimi 1024,65 manat pul tutulub cavabdehin krediti üçün ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdəfiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-545/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 4174,12 manat əsas borc, 9,28 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4183,40 manat borc pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və bank xidmətinə görə 40 qəpik pul məbləğinin alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən borc "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmuşdur. Eyni tarixdə həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaq və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlak, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsi barədə öhdəlik götürmüşdür. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin "xxxx" QSC-yə ünvanladığı məktubundan görünür ki, "xxxx" QSC-dən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-545/2021 saylı qətnaməsinin icrasını təmin etmək üçün qalıq cəmi 4280,4 manat məbləğində pul vəsaiti ödənilənədək hər ay İddiaçı əmək haqqından 50 faizinin tutularaq tələbkarın hesabına ödənilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından və hesabdan çıxarışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqından 150 manat tutulma olmuşdur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli öddəniş tapşırığından və "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-545/2021 saylı qətnaməsinin icrasını təmin etmək üçün İddiaçı əmək haqqından 874,65 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X2” ASC-dən arayışın alınması üçün İddiaçı tərəfindən 10 manat komissiya haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ayrı-ayrı vaxtlarda zamin İddiaçı əmək haqqından ümumilikdə, 1024,65 manat məbləğində pul tutulmuşdur. İddiaçı əmək haqqından tutulmuş pul vəsaitinin məhkəmə qaydasında borcludan tələb edilməsi üçün sübutların toplanılması məqsədi ilə 10 manat komissiya haqqı ödəyərək “X2” ASC-dən arayış almış, o cümlədən iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 1 manat bank xidməti haqqı ödəmişdir. Odur ki, sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq zamin borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini ödəməyi tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh reqres qaydasında 1024,65 manat pul, 10 manat komissiya haqqının, 1 manat bank xidməti haqqının əvəzi olmaqla ümumilikdə, 1035,65 manat pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar