Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1372/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah xx.xx.2020-ci il tarixdə akt qeydi tərtib-olunmaqla 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 907 saylı qeydlə bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavadehlə həqiqətən də, ailə qurmaq niyyəti olmayıb. Formal olaraq nikaha daxil olmuşlar. Aralarında heç bir zaman ər-arvad münasibəti və yaxınlıqları olmayıb. Bu baxımdan toy da etməmişlər. Nişanları da olmayıb və bir-birinə heç bir hədiyyə belə verməmişlər. Bir iş yerində işləyən iş yoldaşlarıdırlar və hər ikisi ali təhsilə malik insanlardır. İkisi də belə qərara gəlmişdir ki, madam ki, aralarında bağlanmış nikah formal xarakter daşıyır, ailə qurmaq niyyəti yoxdur, nikahın etibarsızlığını məhkəmədən xahiş etsinlər. Bu birgə qərarlarıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 400490 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 907 nömrə ilə qeydiyyat aparılmaqla rəsmi nikah bağlanmışdır. AR Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Ailə Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. AR Ailə Məcəlləsinin 26.1.3-ci maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “11.1. Nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. 11.2. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri- zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi).” Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlə həqiqətən də, ailə qurmaq niyyətlərinin olmamasını, formal olaraq nikaha daxil olduqlarını qeyd etsə də, məhkəmə iclasında iddia tələbini əsaslandıra bilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-25.2-ci, 25.4-cü və 26.1.7-ci maddələrinə və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1372/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1372/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver