Məhkəmə qərarları › İş №2(011)-1389/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1389/2025

10.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1389/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı X5, iddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi X22 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X5nın cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X27rşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X27rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq verilmiş xəbərdarlıq, əmrlər, eləcə də işdən çıxarılma əmrinin etibarsız hesab olunması, işdən azad olunmağı nəticəsində itirdiyi gəlirin və digər zərərlərin ödənilməsi hüququ ilə əvvəlki vəzifəsinə bərpa olunması, əmək mübahisəsi zamanı çəkilmiş məhkəmə xərclərinin işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 dekabr 1999-cu ildən Xüsusi X40nda baş mühasibin müavini vəzifəsində çalışır. Son 2 il ərzində dəfələrlə baş mühasib və eyni zamanda 2022-ci ildən XTTB-nin rəisi vəzifəsini icra edən Elşən Əhmədovun qərəzli münasibəti ilə qarşılaşmışdır. Müdriyyət dəfələrlə onun məzuniyyət ərizələrini imzalamamış və qəbul etməmişdir. Məzuniyyət almaq istədiyi müddətdə müdiriyyət tərəfindən sıxışdırılmış, dəfələrlə vəzifə borcunu yerinə yetirməməkdə ittiham etməyə çalışmış, işdən azad olunmaq hadəsi ilə sənədləri imzalamağa məcbur etmişlər. İclaslarda rəhbərlik dəfələrlə onu danlayıb açlatmış, hətta başqa əməkdaşların yanında təhqir etmişdir. Təhqir edildiyini sübut etmək üçün bu iclaslardan birini telefona yazmalı olmuşdur. İclasdan sonra protokolda bütün məlumatlar deyil, yalnız rəhbərlik üçün əlverişli və faydalı olan məlumatlar əks olunmuşdur. Rəhbərliyin onu təhqir etməsi faktı qeydə alınmamışdır. Dəfələrlə iclaslarda işdən azad olunmağı ilə bağlı məsələlər qaldırılmışdır. Son müddət ərzində barəsində daha 3 əmr hazırlanmışdır: 1-ci 244 nömrəli xx.xx.2024-cü il tarixli əmr, burada 26 avqust 2024-cü ildə təxminən saat 16:30 radələrində guya başqalarından daha tez işdən çıxmağı barədə yazılı bildiriş almışdır, baxmayaraq ki, həmin gün hamı onunla eyni vaxtda işdən getmiş və onların iş yerində buna icazə verilmişşdir. İşçilər, o cümlədən o, təcili iş olanda, axşam 6-7-yə qədər işdə qalırdılar. 2-ci 238 nömrəli xx.xx.2024-cü il tarixli əmrdə maaşından tutulmuşdur. Səbəb – 27 avqust 2024-cü ildə işə getmədiyi üçün. 3-cü 245 nömrəli xx.xx.2024-cü il tarixli əmrdə ona töhmət verilmişdir. Səbəb – 27 avqust 2024-cü il tarixdə işə getmədiyi üçün. Həmin gün məzuniyyətə getməli idi, lakin rəhbərlik ərizəsini qəbul etməmiş və imzalamamışdır. 1-ci əmrdə əmrin verilmə müddətləri pozulmuşdur, çünki əmr intizam pozuntusu aşkar edildikdən sonra 1 aydan gec olmayaraq verilməlidir. 2-ci və 3-cü əmrlərdə isə işəgötürən eyni pozuntuya görə fərqli intizam tənbeh tədbirini tətbiq etməməli idi. 25 noyabr 2024-cü ildə növbəti iclas olmu. və orada onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunması barədə qərar verilmişdir. İşdən çıxarılma barədə məlumat 26 noyabr 2024-cü il tarixli elektron portalda olsa da, əmr, bütün ödənişlər, həmçinin istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyalar və əmək kitabçasını hələ də almamışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, barəsində verilmiş əmrlərin tarixlərini və nömrəsini dəqiqləşdirmişdir. İddia ərizəsinə əlavədə iddiaçı həmçinin qeyd etmişdir ki, hesab edir ki, TƏBİB onu işəgötürən deyil və heç bir əmək müqaviləsində işəgötürən kimi qeyd olunmamışdır. X34 isə TƏBİB-in icraçı direktoru kimi X19 tərəfindən müxtəlif taixli əmrlərlə 3 ay müddətinə Xüsusi X41nın rəis vəzifəsini icra edən vəzifəsinə təyin edilmişdir. Bu Əmək Məcəlləsinin 61.3-cü bəndinə ziddir. Cavabdehin vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, 238 nömrəli əmr xx.xx.2024-cü il tarixində verilmişdir. Bu əmr üzrə xx.xx.2024-cü il tarixində iddia müddəti bitmişdir. Hətta iddiaçının bildirdiyi kimi 10 gün sonra məlumatı olsa belə, bu tarix 04 oktyabr tarixi edir və iddiaçı da 04 noyabr tarixində mediasiya təklifi göndərmişdir. Bununla iddia müddətinin axımı dayanmış və 28 noyabr tarixində bərpa olunmuşdur. 10 dekabr tarixində məhkəməyə müraciət etdiyində də artıq 1 aylıq iddia müddəti keçmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində verilmiş 244 və 245 nömrəli əmrlər üzrə də xx.xx.2024-cü il tarixində iddia müddəti bitmişdir. Hətta iddiaçının bildirdiyi kimi 10 gün sonra məlumatı olsa belə, bu tarix 11 oktyabr tarixi edir və iddiaçı da 04 noyabr tarixində mediasiya təklifi göndərmiş, bununla iddia müddətinin axımı dayanmış və 28 noyabr tarixində bərpa olunmuşdur. 10 dekabr tarixində məhkəməyə müraciət etdiyində də artıq 1 aylıq iddia müddəti keçmişdir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, xx.xx.2024-cü il tarixli 238 nömrəli əmrin, xx.xx.2024-cü il tarixli 244 nömrəli əmrin, xx.xx.2024-cü il tarixli 245 nömrəli əmrin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X5, iddiaçının nümayəndəsi X23 iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X34 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdən Səhiyyə Nazirliyinin Xüsusi X30 baş mühasibin müavini vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli, 238 nömrəli əmrdən görünür ki, Xüsusi X40nın baş mühasibinin müavini İddiaçı xx.xx.2024-cü il tarixdə üzürsüz səbəbdən əmək intizamını pozaraq işə gəlmədiyindən bir günlük məbləğ tabelə əsasən tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 244 nömrəli əmrdən görünür ki, Xüsusi X40nın baş mühasibinin müavini İddiaçı əmək və icra intizamını pozaraq, xx.xx.2024-cü il tarixdə nahar fasiləsindən sonra özbaşına olaraq iş yerini tərk edib getdiyindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılıq xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, 245 nömrəli əmrdən görünür ki, Xüsusi X40nın baş mühasibinin müavini İddiaçı əmək intizamını pozaraq xx.xx.2024-cü il tarixdə üzürsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixli, 273 nömrəli əmrdən görünür ki, Xüsusi X40nın baş mühasibinin müavini İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (kotirovka sorğusunda iştirak etməməsi)) bəndində nəzərdə tutulan vəzifəsini pozduğundan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixli, 274 saylı əmrdən görünür ki, Səhiyyə Nazirliyinin Xüsusi X40 bölməsində baş mühasibin müavini vəzifəsində işləyən İddiaçı Balamirzoyevna vəzifə öhdəliyini və əmək funsksiyasını tez-tez pozması, verilən tapşırıqları dövlət dilini bilmədiyi üçün yerinə yetirməməsi, yetirsə də, qismən yetirməsi, davranış və subordinasiya qaydalarına riayət etməməsi və əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç”işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 8 nömrəli protokolda qeyd edilmişdir: ... İlk növbədə katirovka komissiyası üzvlərinə, nə üçün katirovka sorğusunu yerinə yetirməmələri ilə bağlı sual ünvanlandı. Komissiya üzvlərindən Rəhimova Z., Axundova S., Nağıyeva M., Paşayeva A. (onlayn iştirak) bildirdilər ki, sizin “katirovka haqqında” keçirdiyiniz toplantıdan sonra biz katirovka komissiyasının üzvləri işin icrası ilə əlaqədar olaraq bir yerə toplansaq da, komissiyanın sədri İddiaçı, bu tapşırığın yerinə yetirilməsində heç bir köməklik göstərməmiş, əksinə laqeydlik göstərərək vəzifəsini icra etməmişdir. HİK-in sədri Paşayeva öz çıxışında idarə rəhbərliyinin xx.xx.2024-cü il tarixində keçirdiyi iclas zamanı tərtib olunmuş aktda baş mühasibin müavini M. Fətəliyeva haqqında etdiyi müraciətə əsasən HİK-in 27 sentyabr 2024-cü ildə keçirdiyi iclas haqqında məlumat verdi. İclasın yekun protokolunu idarənin ümumi şöbəsinə təqdim etdiyini bildirdi. Nizam-intizam komissiyasının sədri S. Axundova da çıxışı zamanı xx.xx.2024-cü il tarixli iclasın yekun protokoluna əsasən M. Fətəliyevanın əmək intizamını, iş davamiyyətini və nizam-intizam qaydalarını pozması haqqında keçirdiyi iclas haqqında məlumat verərək qeyd etdi ki, nizam-intizam komissiyasının keçirdiyi iclasa M. Fətəliyeva dəvət olunsa da, o, bu dəvətdən imtina edərək laqeydlik göstərmişdir. Buna görə də onun haqqında əlavə akt tərtib olunaraq ümumi şöbəyə təhvil verilmişdir. Kadrlar şöbəsinin rəhbəri çıxışında iclasın sədrinə Fətəliyevanın avqustun 26-da nahar fasiləsindən sonra (14:00-da) üzrsüz səbəbdən işi tərk edib getdiyi üçün yazılı xəbərdarlığın, 27 avqust tarixində isə heç bir üzrlü səbəb olmadan özbaşına işə gəlmədiyinə görə töhmətin verilməsini və buna görə də onun aylıq əmək haqqından işdə olmadığı günə görə 1 günlük əmək haqqının tutulmasını bildirdi. Eyni zamanda onu da qeyd etdi ki, baş mühasibin müavini Fətəliyeva doğrudan da iş davamiyyətini, əmək intizamını, nizam-intizamı və öz vəzifə borcunu dəfələrlə pozduğu üçün rəhbərlik tərəfindən bundan öncə də şifahi xəbərdarlıqlar, yazılı xəbərdarlıq və töhmət almışdır. Buna baxmayaraq, o yenə öz ampulasına qalaraq istədiyi kimi işinə davam etmişdir. İdarənin mühasibi iclas zamanı iclas iştirakçılarının ünvanına söylədiyi təhqiramiz ifadələrə öz etirazını bildirdi və onun haqqında tədbir görməsini xahiş etdi. Bundan sonra iclas iştirakçılarının hamısı bir nəfər kimi Sevda xanımın fikirlərinə dəstək olaraq, Fətəliyeva haqqında ölçü götürülməsini xahiş etdilər. Sonda komissiyanın sədri iclasda səsləndirilən fikirlərə və təkliflərə əsaslanaraq qeyd etdi ki, doğrudan da Fətəliyeva dəfələrlə şifahi, yazılı və töhmət almasına baxmayaraq, o bundan heç bir nəticə çıxartmamışdır. Günü bu gün də iclasda hamının şahidliyi ilə öz ampulasında çıxış edərək yol verdiyi nöqsanlara görə bağışlanması əvəzinə, iclas iştirakçılarını təhqir etdi və özünə bəraət qazandırdı. Ona görə də Fətəliyeva haqqında AR-nın Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət 70-ci maddənin "ç" bəndinə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” işçinin əmək müqaviləsinin ləğv olunmasına göstəriş verdi. Kollektiv müqaviləyə əsasən, Fətəliyeva haqqında verilmiş qərara HİK-in büro iclasında rəy verilməsi üçün müraciət edilməsini təklif etdi. xx.xx.2024-cü il tarixli Həmkarlar Təşkilatına müraciətdən görünür ki, Həmkarlar Təşkilatında işçi haqqında Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət və 70-ci maddənin "ç" bəndinə əsasən, işçinin əmək müqaviləsinin ləğv olunmasına fikir bildirməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli 22 nömrəli Xüsusi Tibbi Təhcizat X18 Komitəsinin protokolundan görünür ki, Həmkarlar İttifaqı Komitəsi tərəfindən baş mühasibin müavini X6 haqqında rəhbərliyin verdiyi hər hansı bir qərara etiraz etmədikləri qərara alınmışdır. AR İcbari Tibbi Sığorta üzrə X39 Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ İdarə Heyətinin sədri vəzifəsini icra edən X19 tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində verilmiş əmrlərdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Xüsusi X40nın baş mühasibi X28 həmin müəssisənin rəisi vəzifəsinin icrası həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Xüsusi X30 kadrlar şöbəsində müfəttiş vəzifəsində çalışır və iddiaçı barədə verilən əmrləri o icra etmişdir. İddiaçı katirovka sorğusunda iştirak etmədiyi üçün ona şiddətli töhmət verilmişdir. İşdən çıxarılma əmri isə iddiaçı tərəfindən intizam qaydaları pozulduğu, işə gəlmədiyi, işə gec gəldiyi üçün verilmişdir. İddiaçıya verilən əmrləri o, icra edib hazırlamışdır. Əmrləri ona təqdim edilən protokollara və sənədlərə əsasən hazırlamışdır. İşdən çıxma əmri iddiaçıya 25 noyabr tarixində elan olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Xüsusi X30 arxiv işçisidir. İddiaçı Mufrizat xanım tender komissiyasında iştirak etməli idi, lakin iştirak etmədiyi üçün ona töhmət verilmişdir. İddiaçı müdriyyətin tapşırdığı işləri görmədiyi üçün, iclaslarda nalayiq ifadələr işlətdiyi üçün işdən çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-X44 Qərarı: Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-X44 Qərarı: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında AR Prezidentinin Fərmanı:

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı (Respublika Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Lənkəran, Bərdə, Şirvan və Mingəçevir bölmələri daxil olmaqla), K.Y.Fərəcova adına X3, Akademik C.M.Abdullayev adına X2, V.Y.Axundov adına X8 İnstitutu, X4 İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan X29 İnstitutu, Akademik M.A.Topçubaşov adına X37, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və X25 və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, X38 adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇSlə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, X21, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, X16 Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, X1, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrləri imzalayan X22 işəgötürən kimi səlahiyyətli olmaması barədə iddia tələbinin dəlili əsassızdır. Belə ki, yuxarıda qeyd edilən Fərmandan aydın olur ki, Fərmanın 2-ci bəndində istisna kimi qeyd edilən müəssisələrdən başqa dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Odur ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən X19 tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində verilmiş əmrlərlə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Xüsusi X40nın baş mühasibi X28 həmin müəssisənin rəisi vəzifəsinin icrası həvalə edildiyindən X34 işəgötürən kimi iddiaçı barəsində mübahisələndirilən əmrləri imzalamaq səlahiyyətində olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin vəkili məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş və xx.xx.2024-cü il tarixli 238 nömrəli əmrin, xx.xx.2024-cü il tarixli 244 nömrəli əmrin, xx.xx.2024-cü il tarixli 245 nömrəli əmrin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı həqiqətən də həmin əmrlərin mübahisələndirilməsi üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 aylıq iddia müdətini ötürmüşdür. Belə ki, iddiaçı hər üç əmrdən təxminən əmrin qəbul edilməsindən 5-10 gün sonra məlumatlı olduğunu bildirmiş, həmçinin ilkin mediasiya təklifinin xx.xx.2024-cü il tarixdə göndərildiyini inkar etməmişdir. Belə olan halda, iddiaçının həmin əmrlərdən hətta 10 gün sonra məlumatlı olması qəbul edilsə belə, əmrlərin tarixi, xx.xx.2024-cü ildə ilkin mediasiya təklifinin göndərilməsi ilə iddia müddətinin axımının dayanması, xx.xx.2024-cü ildə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışın verilməsi ilə iddia müddətinin axımının bərpa olunması nəzərə alındığında iddiaçının hər 3 əmri mübahisələndirmək üçün iddia müddətini ötürdüyü təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2024cü il tarixli 238 nömrəli, xx.xx.2024-cü il tarixli 244 nömrəli və xx.xx.2024-cü il tarixli 245 nömrəli əmrlərin mübahisələndirilməsi üçün iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz. xx.xx.2024-cü il tarixli Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və xx.xx.2024-cü il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərə münasibətdə cavabdehin nümayəndələrinin sonuncu mövqeyi belə əsaslandırılmışdır ki, X5 katirovka sorğusunda iştirak etmədiyi üçün ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, xx.xx.2024-cü il tarixdə keçirilən iclasda iclas iştirakçılarını təhqir etdiyinə görə, bu ayrıca intizam xətası kimi qiymətləndirilmiş və işçi işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, bu əsaslandırma iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət verilməsi barədə əmr iddiaçıya təqdim edilməmiş və iddiaçı həmin əmrin mətni ilə tanış olmamış, məhkəməyə isə qeyd edilən əmr xx.xx.2025-X44 məhkəmə hazırlıq iclasında həmin əmrin işəgötürən tərəfindən verildiyi təsdiq olunduqdan sonra, növbəti, xx.xx.2025-X44 hazırlıq iclasında təqdim edilmiş və yalnız əmr təqdim edildikdən sonra cavabdehin nümayəndələri 25 və 26 noyabr tarixli əmrlərin verilməsini yuxarıda qeyd edilən qaydada əsaslandırmağa başlamışdır. Həmin ana qədər isə işçinin həm əmək funksiyasını (katirovka sorğusu) yerinə yetirməməsi, həm davranış və nizam-intizamının müzakirə olunaraq əmək müqaviləsinə xitam verilməsi mübahisə edilməmiş, iddiaçının iclas iştirakçılarını təhqir etdiyinə görə işdən çıxarılmasına dair heç bir qeyd edilməmişdir. xx.xx.2024-cü il tarixli iclasda işçi tərəfindən katirovka sorğusunda iştirak etməməsi, davranışı, nizam-intizamı müzakirə edilmiş və xx.xx.2025-ci tarixli məhkəmə icasında cavabdehin nümayəndələri həmin iclasda işçiyə verilən əmrin məhz əmək müqaviləsinin xitam olunması əmri olduğunu qeyd etmişdir. X32 xx.xx.2024-cü il tarixli iclasda işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini və “şiddətli töhmətin avtomatik olaraq 70-ci maddənin "ç" bəndinin verilməsinə gətirib çıxardığını” qeyd etmişdir. xx.xx.2024-cü il tarixli iclasın protokolundan da görünür ki, həmin iclasda işçi tərəfindən katirovka sorğusunda iştirak etməməsi, davranışı, nizam-intizamı müzakirə edilmiş və sonda işəgötürən tərəfindən Fətəliyeva haqqında AR-nın Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət 70-ci maddənin "ç" bəndinə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” işçinin əmək müqaviləsinin ləğv olunmasına göstəriş verilmiş və kollektiv müqaviləyə əsasən, Fətəliyeva haqqında verilmiş qərara HİK-in büro iclasında rəy verilməsi üçün müraciət edilməsi təklif edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilən zaman Həmkarlar İttifaqının razılığının alınmasında məqsəd işçilərin hüquqlarını qorumaq, işçinin işdən çıxarılma səbəblərinin qanuni və əsaslı olub-olmamasını yoxlamaq, işəgötürən tərəfindən əsassız və qərəzli qərarların qəbul edilməsinin qarşısını almaqdır. Bu səbədən də işəgötürən Həmkarlar İttifaqına müraciət edərkən işçinin əmək müqaviləsinə hansı konkret əsasla xitam verildiyini açıq şəkildə göstərməlidir ki, Həmkarlar İttifaqı tərəfindən düzgün və obyektiv qərar qəbul edilməsi mümkün olsun. Hazırki halda, Həmkarlar Təşkilatına müraciətdən görünür ki, Həmkarlar Təşkilatından işçi haqqında Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət və 70-ci maddənin "ç" bəndinə əsasən, işçinin əmək müqaviləsinin ləğv olunmasına fikir bildirməsi xahiş olunmuş, lakin işçinin əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndini tətbiq etməklə məhz hansı əsasla xitam verilməli olduğu qeyd edilməmişdir. Halbuki, işəgötürənin bildirdiyi kimi, əmək müqaviləsinin xitamının əsası işçinin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq xx.xx.2024-cü il tarixli iclasda iclas iştirakçılarını təhqir etməsi olmuşdursa, Həmkalar İttifaqı məhz həmin əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə rəy verməli idi. İşçi X7 isə, Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıq şiddətli töhmət verilməsi barədə əmrin ona ümumiyyətlə elan olunmadığını, 25 noyabrda ona məhz əmək müqaviləsinə xitam verilməsinin elan edildiyini, 26 noyabr tarixində işə getməməsinin də bununla bağlı olduğunu qeyd etmişdir. Həmçinin, bildirmişdir ki, katirovka sorğusunda digər işçilərə əlindən gələn bütün köməyi göstərməyə çalışmışdır. Tərəfindən nalayiq ifadələrin işlədlməsinə münasibətdə isə işçi onun tərəfindən işlədilmiş “yaltaq” ifadəsinin təhqir olmadığını, xx.xx.2024-cü il tarixli iclasda əksinə onun özünə qarşı təhqiramiz ifadələrin işlədildiyini, lakin iclas prtokolları işəgötürənin mənafeyinə uyğun olaraq yazıldığdan, bu halların protokolda əks olunmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər işçi tərəfindən məhz hansı təhqiramiz ifadələrin işlədiyini bildirməmiş, eləcə də, iş materiallarında X7 tərəfindən təhqiramiz ifadələrin işlədilməsinə görə ona qarşı cinayət işinin və ya inzibati xəta haqqında işin başladılması ilə əlaqədar hər hansı müraciət mövcud deyil. Cavabdehin nümayənədləri işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə həm də, onun 26 noyabr 2024-cü il tarixində işə gəlməməsinin əsas olduğunu bildirmişdir (xx.xx.2025-X44 baxış iclasının videoyazısı). Daha sonra cavabdehin nümayəndələri işçi 26 noyabr tarixində işə gəlmiş olsaydı, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməyəcəyini qeyd etmişlər. Lakin məhkəmə baxış iclasında şahid qismində dindirilmiş kadrlar şöbəsinin müfəttişi X11 ifadəsində bildirmişdir ki, həm sonuncu xəbədarlıqla şiddətli töhmət, həm də əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər işçiyə xx.xx.2024-ci il tarixində elan olunmuşdur. İşçi özü də 26 noyabr 2024-cü il tarixində işə getməməsinin səbəbi kimi qeyd etmişdir ki, 25 noyabr tarixində ona artıq əmək müqaviləsinə xitam verildiyi bildirildiyi üçün 26 noyabr tarixində işə getməmişdir (xx.xx.2025-X44 baxış iclasının videoyazısı). Odur ki, məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinin işçiyə məlum olmayan qeyrimüəyyən şərtdən asılı edilməsi özlüyündə işçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə baxış iclasında cavabdehin nümayəndələri Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən işəgötürən və əmək kollektivinə dəyən ziyanı iddiaçı tərəfindən işçilərin əmək haqlarının və xəstəlik vərəqələrinə əsasən haqların gec ödənilməsi ilə əsaslandırmış, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, işçi barəsində verilən xx.xx.2024-cü il tarixli sonuncu xəbədarlıqla şiddətli töhmət verilməsi və xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin rəsmiləşdirilməsi iş materialları, tərəflərin izhatları və şahid ifadələri ilə müəyyən edilmiş işin faktiki hallarına uyğun olmamışdır. xx.xx.2024-cü il tarixli Xüsusi X40nın rəis vəzifəsini icra edən Elşən Əhmədovun sədrliyi ilə keçirilən iclasda işçi İddiaçı tərəfindən həm katirovka sorğusunda iştirak etməməsi, həm işçinin davranışı müzakirə olunaraq hansı pozuntuya görə hansı tənbeh tədbirinin verilməsi əsaslandırılmadan eyni zamanda işçi barəsində həm Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət, həm də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə göstəriş verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə də “vəzifə öhdəliyini və əmək funsksiyasını tez-tez pozması, verilən tapşırıqları dövlət dilini bilmədiyi üçün yerinə yetirməməsi, yetirsə də, qismən yetirməsi, davranış və subordinasiya qaydalarına riayət etməməsi və əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmaması” kimi ümumi ifadələrdən istifadə edilmişdir. Odur ki, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 274 saylı əmr ləğv olunmaqla işçi əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi işburaxma dövrü üçün əmək haqqı işəgötürən tərəfindən hesablanaraq işçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X41nın xx.xx.2024-cü il tarixli 274 saylı əmri ləğv olunsun, İddiaçı cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X30 baş mühasibin müavini vəzifəsinə bərpa olunsun. 26 noyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Səhiyyə Nazirliyi Xüsusi X41 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar