Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1402/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş və onun doğumu eyni tarixdə akt qeydləri kitabında 24 nömrə ilə (doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Nahidə” kimi yazılmışdır) qeydiyyata alınmışdır.
2. Ərizəçi xx.xx.1991-ci il tarixdə X5 ilə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra ərinin soyadını, yəni Məmmədova soyadını qəbul etmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 121-05/68 saylı məktubu ilə ərizəçinin doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmiş, həmçinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12293/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “doğum aktı və nikah aktı qeydlərinə düzəliş edilməsi” tələbinə dair iddiası qeyri-mümkün hesab edimişdir.
4. Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçi, onun xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında “X9”, ana qrafasında “X6” göstərilməklə qətnamə çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X3 anası X6 ailə qurmuşlar. O, valideynlərinin ailə ittifaqından xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X3 xx.xx.1982-ci ildə Ermənistan Respublikasında, anası X6 isə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hazırda doğum haqqında şəhadətnaməni arxiv sənədlərindən əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan məktub ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyri-mümkün olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmdiyindən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. Ərizəçinin nümayəndəsi ərizəyə uyğun izahat verərək anasının soyadını ata soyadına uyğun qeyd edilməklə, yəni X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, qeydiyyat şöbəsi tərəfindən ərizəçinin doğum haqqında sənədinin bərpa edilməsindən imtina edilmişdir, çünki qeydiyyat şöbələri o halda Ermənistan doğumlu vətəndaşların doğumunu bərpa edir ki, onlarda doğum haqqında şəhadətnamənin əsli olsun. Ərizəçinin doğum haqqında sənədində ata və ana adı ilə bağlı ziddiyyət gördüklərindən onun doğumunun bərpasından imtina edilmişdir. Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi.
12. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçinin bacısıdır. Onlar yeddi övlad olublar, dördü rəhmətə gedib, üçü, yəni o, bacısı-ərizəçi və qardaşı yaşayır. Onların hamısının soyadları “Orucova” olmuşdur. Yalnız bacısı Naidənin soyadı “Cabbarova” kimi yazılmşdır. Onların həm ata, həm ana babalarının soyadları “Cabbarov” olmuşdur. Görünür Ermənistanda buna görə bacısının soyadını səhv yazıblar. Onun da soyadı əvvəl “Orucova” olub, ərə gedəndən sonra dəyişib. Bacısı Naidədən başqa onların heç birinin soyadları “Cabbarova” olmayıb. Onlar hamısı bir atanın və bir ananın övladlarıdır.
13. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır. O, bacısından yaşda kimikdir. Lakin ailələrində həmişə bacısı Naidənin sənədində soyadının düzgün yazılmaması barədə söhbətlər olurdu. Onun və digər bacı qardaşlarının soyadları “Orucov”dur. Təkcə bacısının soyadı fərqli yazılıb. onlar ermənistanda doğulduqlarından səhv onlar səhv yazıblar.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
18. İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
20. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 121- 05/68 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən AR Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarına əsaslanaraq imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür. Bu səbədən, ərizəçi özünü doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
21. Eyni zamanda, işin mübahisəsiz halları kimi müəyyən edilir ki, ərizəçiyə xx.xx.1952-ci il tarixdə doğulması qeydə alınmaqla, eyni tarixdə 521508 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə onun soyadı “Cabbarova”, adı Nahidə, X3, anası X6 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin əsli ərizəçinin özündədir. Ərizəçinin xx.xx.1991-ci il tarixdə nikaha daxil olmasına dair nikah haqqında şəhədətnaməsində onun qızlıq soyadı “Məmmədov”, nikahdan sonra idə “Məmmədova” kimi qeyd olunmuşdur.
22. Eləcə də, məhkəməyə təqdim edilmiş ərizəçinin qardaşları İsmət, Arif, Səfər, bacısı Validənin doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, onların soyadları “Orucova” (Validənin nikaha daxil olanadək soyadı “Orucova” olmuşdur), ataları X9, anaları X6 (Səfər Orucova məxsus doğum haqqında şəhadətnamədə ana “Xəçca” kimi yazılmışdır) qeyd edilmişdir.
23. Yuxarıda göstərilən Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyətli olan faktalrın müəyyən edilməsinin hüquqi əsasları nəzərdə tutulmuşdur. Həmin müddəada məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktları müəyyən edilməsi üçün iki zəruri şərt nəzərdə tutulmuşdur: birinci şərt ondan ibarətdir ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, ikinci şərt isə ondan ibarətdir ki, hüquqi əhəmiyyət kəsb edən itirilmiş sənədləri bərpa etmək mümkün olmur.
24. Lakin işin mübahisəsiz halı kimi müəyyən edilir ki, ərizəçinin Ermənistan Respublikasında doğulmasına dair qeyd aparılmaqla, ona bu barədə doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamənin əsli də ərizəçinin özündədədir. Bu halda onun doğumunun qeyd edilməsinə dair hüquqi faktın yenidən məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti aradan qalxmış olur. Çünki, hüquqi faktın müəyyən edilməsinə dair yuxarıda qeyd edilən birinci şərtdən də göründüyü kimi, məhkəmə belə faktları o halda müəyyən edir ki, onu tələb edən şəxs hüquqi faktın mövcud olmasına dair lazimı sənədləri ala bilmir və belə faktların təsdiq edilməsi məhkəmə qərarı olmadan mümkün olmur. Halbu ki, işdən də göründüyü kimi, ərizəçinin doğumuna dair müvafiq sənəd, yəni doğum haqqında şəhadətnamənin əsli belə onun özündədir. Məhkəmə bir daha qeyd edir ki, doğum haqqında şəhadətnamənin ərizəçidə olması, həmin sənəddə əks olunan doğumun qeydinin məhkəmə tərəfindən, hüquqi əhəmiyyət kəsb edən fakt kimi, yenidən müəyyən edilməsini istisna edir.
25. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-ci bəndində də göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
26. Yenə də həmin Qərarın 4-cü bəndində də qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
27. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsinə dair irəli sürdüyü hüquqi fakt mövcud olduğundan və ərizəçidə olan doğum haqqında şəhadətnamə ilə təsdiq olunduğundan, başqa sözlə ərizəçinin tələb etdiyi hüquqi faktı təsdiq edən lazımi sənəd – onun doğumu haqqında şəhadətnamə mövcud olduğundan ərizə təmin edil bilməz.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı